Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-776/2024 10.07.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl rayon məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(066)-120/2023 saylı qətnaməsi ilə birgə ailə münasibətlərindən doğulmuş övladları 05 iyun 2021-ci il təvəllüdlü X1 üçün qət edilmiş 150 manat alimentin miqdarının artırılaraq, yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə 2018-ci ildə faktiki olaraq ailə qurmuş. El adəti ilə toyları olmuş, cavabdeh nikahlarının rəsmiləşdirilməsinə söz versədə bunu etməmiş və nikahları rəsmi dövlət qeydiyyatından keçməmişdir. Faktiki nikah münasibətlərindən 05 iyun 2021-ci il təvəllüdlü X6 anadan olmuş və cavabdeh uşağın atası olmasını qeydiyyat şöbəsində könüllü olaraq qeyd etdirmişdir. Uşağın bir yaşından sonra cavabdehlə heç bir əsaslı səbəb olmadan münasibətləri pisləşmiş və ailələri faktiki olaraq dağılmışdır. Göygöl Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən uşağının saxlanılması üçün cavabdehdən 150 manat miqdarında aliment qət edilmişdir. Həmin zamandan cavabdehlə ayrı yaşamışlar. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmamış, onun zəif uşaq olaraq daim həkim müayinəsi və müalicəyə ehtiyacı olmasını bilərək yalnız ayda 150 manat aliment ödəməklə kifayətlənmişdir. O, işləmədiyindən övladının saxlanmasında çətinlik çəkir. Uşağın bütün ehtiyaclarını onun valideyinləri qarşılayır. Halbuki, cavabdehin və onun valideyinlərinin maddi vəziyyətləri dəfələrlə onlardan yaxşıdır. Cavabdeh ailənin bir oğludur, qızıl mədənində fəhlə işləyir və əlavə olaraq fərdi əməklə məşqul olur, xeyli sayda bordaq mal saxlayıb satır, süd məhsullarını yəni, süd, qatıx, pendir, qaymaq, şor və sair məhsulları özlərinə məxsus avtomaşınla bazara aparıb bir yerdən satırlar. Cavabdeh hər gün pul qazanır. Cavabdehdən qət edilmiş 150 manat alimentlə uşağına çətinliklə baxır. Hazırki bahalıqla əlaqədar uşağın pampersini, yeməyini, paltarını, dərmanlarını qarşılamaq olmur. Normal halda uşağa 300 manat xərcləyir. Valideyinlərinin uşağına pul xərclədiklərinə görə çox sıxılır. Odur ki, alimentin miqdarının artırılmasına böyük ehtiyacı var. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (anası) Nümayəndə iddia tələbinə uyğun ifadə verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ilə cavabdeh 1 il 6 ay dır ki, ayrılıblar. Cavabdeh bu müddət ərzində uşağı ilə bir dəfə olsun belə maraqlanmamışdır. Cavabdehin anası və bacısı bir uşağa görə ödədikləri 150 manat pulun onlar üçün semiçka pulu olmasını bildirmiş və iddiaçını bir uşaqla bədbaxt etməsini bildirmişlər, bu səbəbdən iddiaçı alimentin artırılması ilə bağlı məhkəmə müracit etmişdir. Cavabdehin yüksək qazanc əldə etməsi ilə bağlı heç bir sübutu yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, O nikahın pozulmasını istəməmiş, o, iddiaçı ilə rəsmi nikaha girdikdən sonra övladı dünyaya gəlmiş, həmin vaxt o hərbiyə getmək istəmiş işləmək üçün, belə ki 2020-ci ildə müharibədə iştirak etmişdir. Onun xəstəliyi vardır və əməliyyat olunmalıdır. O, uşağını istəmiş lakin qarşı tərəf mediasiya da boşanmaq istəmişdir. Qarşı tərəf israrlı olaraq, boşanmaq istədiyini bildirmişdir. Hazırda iddiaçı başqa şəxslə evlənmiş və uşağı nənəsinə atıb getmişdir. O uşağını tələb edir. Əlavə olaraq bildirdi ki, 364 manat əmək haqqı alır. İddianı qəbul etmir və alimentin artırılmasına razı deyil. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra hesab edir ki, tərəflərin faktiki nikahından doğulmuş 05 iyun 2021-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Göygöl rayon məhkəməsinin 2(066)- 120/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh 05 iyun 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2000-ci ildə Daşkəsən rayonu, Əhmədli kəndində doğulmuşdur. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Asan Xidmət X7 tərəfindən verilmiş olan AZ- İV seriyalı, 592517 nömrəli, doğum haqqında şəhadətnamənin notarial surətindən görünür ki, X6 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2021-ci il tarixdə Göygöl rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2021-ci ilin 6-cı ayının 11-ci günündə 2045 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş “ilkin mediasiya sessiyasında iştirak edilməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG1/MT007/2024/00258 saylı arayışdan görünür ki, vətəndaş İddiaçı və vətəndaş Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması tələbinə dair” mübahisə üzrə xx.xx.2024-cü il tarixində, saat 16:00-da mediator X2 tərəfindən keçirilən “İlkin mediasiya sessiyası”nda hər iki tərəf iştirak etmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. Məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, iddia ərizəsinə əlavə olunmuş Göygöl rayon məhkəməsinin 2(066)-120/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə xx.xx.2023-cü ildən başlayaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaq böyüdüyü və onun xərclərinin artdığı üçün qət edilmiş 150 manat məbləğdə aliment uşağın saxlanması üçün yetərli olmadığından, cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, hazırda ödənilən 150 manat məbləğində aliment xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən müəyyən edilmiş, həmin tarixdən iki ilə yaxın müddət keçmiş, yaşayış minimumu, uşaq böyüdükcə onun tələbatı və saxlanma xərcləri artmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşağın maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini, habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşağı saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşağın təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş 05 iyun 2021-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə Göygöl rayon məhkəməsinin 2(066)-120/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay bir uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Həmçinin məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə iddiaçı ilkin mediasiya sessiyasında iştirak edərək 55 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəməsi və cavabdehdən tələb edilməməsi nəzərə alınmalı, iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(066)-120/2023 nömrəli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün atası Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, anası İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-776/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-776/2024
10.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver