Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-810/2024 28.08.2024 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, Qənizadə İlham İbadət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı İdris oğlunun Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi tələbinə dair” iddiası üzrə mülki işə Göygöl Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Məhkəmə müəyyən etdi: İddiaçı İdris oğlu Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona vurulmuş maddi zərərə görə 03 (üç) ton toxumluq taxılın və ya onun dəyəri olan 3000 ( üç min) manat pulun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İddiaçı İdris oğlu məhkəməyə teleqrama ilə müraciət edərk, məhkəmə baxış iclasına üzürlü səbəbdən gələ bilməməsini göstərib, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən İddiaçı İdris oğlu iddianı müdafiə edib izahat verərək bildirdi ki, 2022-ci ilin payız aylarında Cavabdeh razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında isə ona məxsus taxıl sahəsi yerləşmişdir. 28 iyul 2023-cü il tarixdə Cavabdeh həmin ərazidə taxıl biçini aparmışdır. Həmin vaxtı nəzarətçi işləyən Ağabala adında şəxs Cavabdeh həmin ərazinin ona aid olmasını bildirmiş olsa da Cavabdeh ona əhəmiyyət verməyərək, ona məxsus olan 0,96 hektar taxıl sahəsini də biçmiş, biçmiş olduğu taxılı da satmışdır. Cavabdeh məxsus olan 0,96 hektar taxıl sahəsini də biçmiş olduğu 03 (üç) ton toxumluq taxılı ona verəcəyinə söz vermiş olsa da verməmişdir. Odur ki, o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul etdi izahat verərək bildirdi ki, 2022-ci ilin payız aylarında o razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. 28 iyul 2023-cü il tarixdə o, həmin ərazidə taxılı biçmişdir. Həmin vaxtı o, İddiaçı İdris oğlunun əkmiş olduğu taxıl sahəsinin az bir hissəsini biçmiş, oradan cəmi 400 (dörd yüz) kiloqram taxıl əldə etmişdir. O, İddiaçı İdris oğluna 400 (dörd yüz) kiloqram taxılı verməyə razıdır. Ancaq İddiaçı İdris oğlu ondan 400 (dörd yüz) kiloqram taxılı qəbul etməmişdir. Odur ki, o, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı İdris oğlu xx xxx 1968-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş Göygöl rayon İH başçısının Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01 dekabr 2023-cü il tarixli məktubundan məlum olur ki, İddiaçı İdris oğlu 2023-cü ildə Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 1,0 hektar torpaq sahəsindən 03 (üç) ton buğda məhsulu biçmişdir. Mülki işə əlavə edilmiş Göygöl rayon PŞ-nin TB-nin HK-1/1337 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 avqust 2023-cü il tarixli qərarından məlum olur ki, Cavabdeh 28 iyul 2023-cü il tarixdə İddiaçı İdris oğlunun Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən torpaq sahəsində əkmiş olduğu taxıl sahəsinin bir hissəsini qəsdən olmayaraq, səhv nəticəsində biçmiş, ona zəng edərək əvəzinin ödəmək istəməsini bildirmiş, ancaq İddiaçı İdris oğlu qəbul etməmişdir. Mülki işə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı Məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində olan dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə baxışı iclasında proses iştirakçılarının izahatı və iş materiallarına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh razılaşma əsasında həmkəndlisi Tellər Abbasovadan götürdüyü Göygöl rayonu Şəhriyar kəndi ərazisində yerləşən 0,37 hektar torpaq sahəsində buğda əkmişdir. Həmin torpaq sahəsinin yaxınlığında isə İddiaçı İdris oğluna məxsus taxıl sahəsi yerləşmişdir. 28 iyul 2023-cü il tarixdə Cavabdeh həmin 0,37 hektar torpaq sahəsində taxıl biçini apararkən, İddiaçı İdris oğlunun əkmiş olduğu taxıl sahəsini də bilmədən biçmişdir. İddiaçı İdris oğlu Cavabdeh ona məxsus olan 0,96 hektar torpaq sahəsində 03 (üç) ton toxumluq taxılı biçməsini bildirmiş olsa da həmin halları təsdiq edən hər hansı bir subutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh isə İddiaçı İdris oğlunun taxıl əkmiş olduğu az bir hissənin taxılını biçməsini və biçmiş olduğu taxılın isə 400 (dörd yüz) kiloqram olmasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına müvafiq olaraq hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hazırki mülki iş üzrə cavabdehin iddiaçıya mənəvi ziyan vurması faktı təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MM-in 21.3-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. Azərbaycan Respublikası MM-in 1096.2-ci maddəsinə müvafiq olaraq delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası MM-in 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası MM-in 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası MPM-in 76-cı maddəsinin 1 və 2-ci hissələrinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Konstitusiyanın 125-ci maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir. AR Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-cı maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.) Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İddia qismən təmin olunduğu üçün iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumuna görə 05 (beş) manat məbləğində pul Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq Məhkəmə qət etdi: İddiaçı İdris oğlunun Cavabdeh qarşı “Maddi zərərin ödənilməsi tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) kiloqram taxıl (buğda) və ya onun dəyəri (ödənilmə günü bazar qiyməti ilə hesablanmaqla) alınaraq İddiaçı İdris oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 05 (beş) manat pul alınaraq, İddiaçı İdris oğluna verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №2(066)-810/2024
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-810/2024
28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver