Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-85/2025 04.02.2025 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona yetirdiyi 1700 manat məbləğində maddi zərərin alınıb ona verilməsi, 38 manat məbləğində ödədiyi dövlət rüsumunun və 40 manat məbləğində iddia ərizəsinin tərtibi üçün “Hüquqi Xidmət Mərkəzinə” ödədiyi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, şikayət ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Göygöl rayon Polis Şöbəsinin təhqiqat bölməsinin HK- 1/148 nömrəli materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərarının əsassız və qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 6(066)- 11/2024 saylı, tel:26.09.2024xx.xx.2024-cü il tarixli qərarı ilə onun şikayəti təmin edilmiş, Göygöl RPŞ-nin təhqiqatçısı, polis kapitanı X1 HK-1/148 saylı material üzrə "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" tel:18.08.2024xx.xx.2024-cü il tarixli qərarı ləğv edilmiş, qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərara alınmışdır. Göygöl Rayon Polis Şöbəsinin tel:14.10.2024xx.xx.2024-cü il tarixli HK- 1/148 nömrəli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində heç bir cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, tərəflərə aralarındakı mübahisə ilə bağlı mülki iddia qaydasında məhkəmə orqanına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Cavabdeh yaşadıqları Göyçəkənd kəndində çobançılıq edir. Göyçəkənd kəndində təxminən 105 ev var və hər təsərrüfatda da iri və xırda buynuzlu heyvanlar saxlanılır. Kənd sakinləri və eləcə də o, iri buynuzlu heyvanlarını aparıb otarmaq üçün cavabdehə etibar edirlər və hər biri də hər iri buynuzlu heyvanın otarılması üçün Novruza hər heyvana görə aylıq olaraq 15 manat pul ödəyirlər. Cavabdeh kəndin 135 baş iri buynuzlu heyvanını otarır. Onun oğlu da həmin kənddə yaşayır və o, bir baş iri buynuzlu südverən inəyini müvvəqqəti olaraq ona vermişdir ki, heyvan otlaqdan qayıdandan sonra südünü sağıb istifadə etsinlər. tel:18.07.2024xx.xx.2024-cü il tarixdə növbəti dəfə heyvanları otarmaq üçün cavabdehə təhvil verdikdən sonra o, heyvanları otlaq olan əraziyə aparmışdır. Həmin günü Novruz onun oğluna zəng edərək naxıra qatdığı inəyin öldüyünü bildirmiş və inəyin ölməsinin səbəbi kimi göstərmişdir ki, inəyi ilan vuraraq öldürüb. Bundan əlavə cavabdeh oğluna bildirib ki, inəyi otaran zaman heyvan öldüyünə görə maddi zərərin əvəzi olaraq 500 manat pul ödəməyi öhdəsinə götürür. Hamıya məlumdur ki, 500 manata bazardan inək balasını belə almaq mümkün deyil. Ona məxsus olan inəyin çəkisi 350 kq idi, 4 doğum keçirmişdir və 5 yaşı var idi. Bununla əlaqədar olaraq mal-qara bazarına müraciət edib hal-hazırda heyvanın bazar satış qiymətinə dair arayış verilməsini xahiş etmişdir. Qızılca Mal-Qara bazarının arayışında göstərilir ki, ölən inəyin orta bazar qiyməti 1600-1700 manat dəyərindədir. Cavabdeh heyvanların otarılmasına görə kənd sakinlərindən pul alıb heyvanları otlaq yerinə aparıb sağ-salamat heyvan sahiblərinə qaytarcağına dair öz üzərinə öhdəlik götürüb. Cavabdeh könüllü olaraq ona yetirdiyi 1700 manat dəyərində zərəri ödəməkdən boyun qaçırır. Ona görə də mülki qaydada məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh təhqiqatda bildirib ki, guya ölən heyvan ona yox, oğlu Yalçına məxsusdur. Lakin, həqiqətdə bu belə deyil. Oğlunun təsərrüfatında iri buynuzlu heyvan yoxdur və buna dair kənd nümayəndəliyinin arayışını da iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh onun iribuynuzlu malını may ayından otarmağa başlamışdır. Cavabdehə cəmi 5 baş mal, hər otardığı mala görə də 15 manat pul vermişdir. Cavabdehə may və iyun aylarında otardığı mala görə aylıq 85 manat məbləğində pul vermişdir. Cavabdeh malı səhər gün çıxmamış ötürüb, axşam gün batmamış da malı gətirirdi. Cavabdeh malı açıq sahə olan yerə ötürürdü. Cavabdeh malının ölməsi ilə bağlı ona axşam tərəfi saat 5-də zəng eləmişdir. Özü ölən malını sabahısı gün gedib görmüşdür. 18 iyul 2024-cü il tarixdə onun heyvanı ölmüşdür. Onun bir baş iri buynuzlu malı Cavabdeh gözünün qarşısında ölmüşdür. Axşam tərəfi saat 5 radələrində Cavabdeh oğluna zəng edərək bir baş iribuynuzlu malın öldüyünü xəbər vermişdir. Həmin günü malı gətirməyə gedəndə görüblər ki, onun heyvanı ölübdür. Cavabdeh həmin vaxtı ona zəng vuraraq bildirmişdir ki, malın ölübdür. O da gedib baxması üçün oğlunu göndərmişdir. Oğlu da səhlənkarlıq edərək axşam mal gələndən sonra cavabdehin qapısına gedərək malın niyə öldüyünü soruşmuşdur. Cavabedeh həmin vaxtı oğluna demişdir ki, olan olubdur, cəriməsi nə edirsə ödəyim. Oğlu da Cavabdeh zərərin 1500 manat olduğunu deyən zaman cavabdehin yoldaşı oğluna bildirmişdir ki, o qədər imkanları yoxdur. Oğluna 1200 manatla razılaşmağı təklif etmişdir. Oğlu məsələni gəlib ona bildirəndə o, demişdir ki, zərəri yoxdur. Səhəri gün cavabdeh ona ayın sonuna 9 gün qaldığını, həmin müddətə pulu yığıb ona verəcəyini bildirərək ondan həmin vaxta kimi onu gözləməsini istəmiş, o da bildirmişdir ki, eybi yoxdur gözləyir. Aradan 3 gün keçəndən sonra Cavabdeh onun mallarını vuraraq qaytarmış, artıq onun mallarını otarmayacağını ona demişdir. O da bildirmişdir ki, eybi yoxdur. Daha sonra ayın əvvəli gələndə cavabdeh pulu verməkdən yayınmış və o da 102 xidmətinə zəng etmişdir. 102 xidmətindən saat 10 radələrində zəng edib saat 11-də onu şöbəyə çağırıblar. O, həmin vaxtı şöbəyə getmiş və orada Nizami adında polis kapitanı ondan izahat almışdır. Ondan sonra da cavabdeh onun qəbulunda olmuşdur. Nəticədə Polis orqanı tərəfindən həmin məsələ ilə bağlı qərar qəbul edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Onlar həmin qərarla razılaşmamış, həmin qərar Göygöl Rayon Məhkəməsində baxıldıqdan sonra ləğv olunmuşdur. Daha sonra Elçin Baxışəliyev adında şəxs onu yenidən çağıraraq ondan təkrar izahat almışdır. İzahatlarda guya malı ilanın vurması, malın filankəsin yanında ölməsi, malın öldüyünü filankəsin görməsi və s. söhbətlər olmamışdır. Daha sonra kimsə cavabdehi şahid göstərməsi ilə bağlı yönləndirmiş, cavabdeh də qardaşı və qardaşı oğlunu şahid qismində məhkəmə iclasına cəlb etmiş, lakin cavabdehin qardaşı məhkəmə iclasından kənarlaşdırılmışdır. Sonuncu məhkəmə iclasında da cavabdeh onun tanımadığı 2 şəxsi şahid qismində cəlb olunması ilə bağlı vəsatət vermişdir. Qeyd edir ki, ölən heyvanı qonur ala iri inək idi. Heyvan 5 illik idi və 350 kiloqramdan çox çəkisi var idi. Ölən inəyin iri balası var idi. Malı “Qaradağ” deyilən sahədə ölmüşdür. O, malın ölüsünü ona zəng olunan vaxtın səhəri günü görmüşdür. Özü səhər tezdən “Qaradağ” deyilən sahəyə gedəndə görmüşdür ki, malını qurd-quş dağıdıbdır, ortada sadəcə sümükləri və tək-tük ət parçaları qalmışdır. Malı ilan vurmuş olsa idi, mal o dəqiqə ölməz, 2-3 gün zəlil qalmış olardı. Bundan başqa cavabdeh inəkdən analiz götürülməsi ilə bağlı Asim həkimə müraciət etdiyində, Asim həkim onun analiz götürməyə ixtiyarı olmadığını, bunun üçün baytarlığa müraciət etməli olduğunu, baytarlıq həkim göndərəcəyi halda onunla analiz götürməyə gedə biləcəyini cavabdehə bildirmişdir. Beləliklə Cavabdeh ona məxsus olan iri buynuzlu heyvanın öldüyü vaxtdan hal-hazıra qədər onun pulunu verməkdən boyun qaçırır. Odur ki, qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı malını 2024-cü ilin may ayından otarır. Onun otardığı mallardan 2-si İddiaçı, 4-ü isə İddiaçı oğlu Yalçına məxsus olmuşdur. O malları hər mal başına aya 15 manat qarşılığında otarmışdır. İddiaçı may və iyun ayının pulunu almışdır. O, hadisə olan günü 18 iyul 2024-cü il tarixdə İddiaçı mallarını kəndin içindən götürüb sahəyə otarmağa təkbaşına aparmışdır. Özü Göyçəkənd kəndində qalır. Hadisə günü səhər saat 7-də 50-60 baş malı aparıb sahəyə ötürmüş, sonra saat 9-da evə çörək yeməyə qayıtmışdır. Evdən saat 1-ə işləmiş çıxmış, saat 2-də mal olan sahəyə çatmışdır. Sahəyə çatana yaxın ona inəyin yıxılı olduğunu bildiriblər. O da gedəndə bilmişdir ki, inəyi ilan sancıbdır. O, inəyi ilanın sancdığını inəyin dodağının şişməsindən və ağzından gələn köpükdən müəyyən etmişdir. Özü hadisə yerinə çatanda inək təzəcə ölmüşdür. İnəyin dodağından ilan sancmışdır və inəyin dodağında ilanın dişlək izləri də var idi. O, orada olan 1 nəfərdən xahiş etmişdir ki, inəyi sahənin içindən kənara çəksin. Həmin vaxtı İddiaçı oğlu Yalçına da saat 3 radələrində zəng edib malın öldüyünü xəbər etmiş və bildirmişdir ki, gəlib mallarına özləri də baxsınlar, lakin onlar mallarına gəlib baxmamışlar. Bununla bağlı özü Baytarlıq İdarəsinə də məlumat vermişdir. Sonra malın cəsədini sahədən kənara çəkdirmişdir. Malın cəsədi 9 gün həmin ərazidə yolun kənarında qalmışdır. O, İddiaçı zərərin əvəzi olaraq 500 manat verməyi və payıza kimi mallarını otarmağı təklif etmiş, lakin İddiaçı razı olmayaraq ondan 900 manat və mallarını otarmağını istəmişdir. O, inəyin ölməsi ilə bağlı Baytarlığa da müraciət etmiş, baytarlıqdan ona inəkdən nümunə götürülməli olduğu bildirilmişdir. Bu səbəbdən o, mal ölən günün səhəri sahə həkiminə inəkdən nümunə götürməsi ilə bağlı müraciət etmiş, lakin sahə həkimi Asim hər dəfə xəstəsi olduğunu və gələ bilmədiyini ona bildirmişdir. Mallar saat 9-dan 2-yə kimi nəzarətsiz qalmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, iddiaçı ilə müəllim yoldaşı olmuşlar. Cavabdehlə də qonşu olmuşlar və münasibətləri yaxşı olmuşdur. İddiaçı ağlı-qaralı malları, 1 ədəd də qırmızı malları olduğunu bilir. Bir gün həmin mallardan 1-nin tələf olduğunu eşitmişdir. İddiaçının mallarını tanıyırdı. Həmin malların ətinin çəkisi 150-180 kiloqram olardı. Ümumi çəkiləri 350-400 kiloqram olardı. İddiaçının malları cins mallardan idi. O, inəyin ölmə səbəbini bilməmiş, sadəcə inəyin öldüyünü eşitmişdir. Onun öz mallarını da Cavabdeh otarırdı. Cavabdeh malların otarılması ilə bağlı bütün hər şeyə cavabdeh olmuşdur. Cavabdeh özü məsuliyyətli, qoçaq, zəhmətkeş adam olsa da, uşaqları səhlənkar olub mallarını nəzarətsiz buraxmışlar. Hətta onun öz malının belə itdiyi gün olmuşdur. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Onlar Göygöl rayonu Göyçəkənd kəndində yaşayırlar. Onların 3 baş malları var idi. Özü əməliyyat olunduğu üçün mala gedə bilmədiyinə görə həmin malları otarması üçün 2024-cü ilin may ayından Cavabdeh tapşırmışlar. Cavabdehla malın 1-ni aylıq 15 manat qarşılığında otarması üçün razılaşmışlar. Cavabdeh onların malını 2 ay otarmış, 3-cü aya keçəndə isə malı öz səhlənkarlığından başıboş buraxmış və evində yatmışdır. Sonradan ona xəbər verilib ki, malın 1-i çöldə tələf olmuşdur. O, özü həmin vaxt rayona getmişdir. Cavabdeh həmin vaxtı özü gəlib qardaşına demişdir ki, kombayn biçini vaxtı dejdən tökülən taxılı mal yediyi üçün köpüb ölmüşdür. O gələndən sonra qardaşı ona inəyinin dən yeyərək köpüb öldüyünü demişdir. Qardaşının adı Eşqindir. Cavabdeh malın öldüyünü günorta radələrində qardaşına bildirmişdir. Əlavə olaraq bildirir ki, taxıl yeyən tək onların malı deyil. Ölən inək ala-qonur inək idi. İnəyin ətinin çəkisi 150 kiloqram olardı. İnəyi ondan 2000 manata istəyən olub, lakin razılaşmamışdır. Alıcı ona bir daha müraciət etdikdə isə inək artıq ölmüşdür. O, inək ölən günü Cavabdeh görməyə getmiş və ondan ölən malın əvəzi olaraq 1500 manat istədikdə, onun həyat yoldaşı imkanları olmadıqlarını ona bildirmişdir. O da imkanları olmadığını nəzərə alaraq zərərin əvəzi olaraq onlarla 1200 manata razılaşmış və Cavabdeh 1 aydan sonra camaatdan pul yığaraq onun pulunu verəcəyini bildirmişdir. Bir müddət keçəndən sonra Cavabdeh ona 600 manat məbləğində pulu 1 ay müddətində düzəldib verəcəyini təklif etmiş, o da bu təkliflə razılaşmışdır. Bir müddət keçəndən sonra Cavabdeh pulu qaytarmaqdan yayınmağa başlamış və özünə bəraət qazandırmaq üçün ona bildirmişdir ki, onun malı dən yeməkdən yox, ilan sancdığı üçün ölmüşdür. O, həmin vaxtı ona bildirmişdir ki, əgər inəy ilan sancmasından ölmüşdürsə, niyə əvvəldən belə deməmisən? Əgər inək dən yeməkdən ölmüşdürsə cavabdeh vaxtında xəbər etsəydi inəyi kəsib alışma edərək zərərdən qurtarmış olardılar. Cavabdeh inək öləndən təxmini 15-20 gün sonra ona inəyin ilan sancmasından öldüyünü bildirmişdir. O, rayondan saat 3-də gələndən sonra qardaşı ona inəyinin öldüyünü xəbər edəndə, onun əlindən gələcək bir şey olmadığı üçün sahəyə getməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Cavabdeh tanıyır. Münasibətləri yaxşı olub. Mal onların taxıl sahəsində ölmüşdür. Taxıl biçilmiş və ot bağlanırdı. Onlar gələndə görüblər ki, mal sahədə yıxılı vəziyyətdədir. Həmin vaxt malı kəsmək istədilər, onun özü müdaxilə etmişdir ki, malı kəsməsinlər. Heyvanın başı şişmişdir. Taxıldan köpməmişdir, yəni ilan vurmuş heyvan idi. İddiaçı tanımır. Cavabdehla münasibətləri var. Sahədə o, Cavabdeh qardaşı və hazırda 2 nəfər gözləyən şahidlər olmuşlar. Bildirir ki, onlar sahəyə gələndə təxminən saat 1-in yarısı idi. Ölən inəyi tanıyır. Onda inəyin şəkili də var. O, heyvanın yanına çatanda heyvanın başı şişmişdir. İnəyin qarnı şişmiş və ağzından biraz köpük gəlirdi. İlan heyvanın dodağından sancmışdır. O, ilanın heyvanı sancdığı yeri görməmişdir. Cavabdeh ölən inəyin yanına onlardan təxminən 1 saat sonra, yəni saat 2-də gəlmişdir. Cavabdeh inəyin yanına gəlib çatanda inəyin ağzında biraz köpük var idi. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Göyçəkənd kəndində yaşayır. Cavabdeh atasının ögey bacısının oğludur. İddiaçı isə müəllimi olubdur. Hadisə olan günü sahədən saman daşıyırdılar və o da şofer idi. Onlar “Qaradağ” adlanan sahəyə çıxanda görmüşlər ki, inək yıxılıbdır, lakin nəfəsi üstündədir. Həmin vaxtı onun yanında daşıdıqları samanın sahibi, Cavabdeh qardaşı, qardaşının oğlu və İddiaçı ilə qapıbir qonşu olan 1 nəfər olmuşdur. Onlar onun maşınına fəhləlik edirdilər. Həmin vaxt malın başını kəsmək qərarına gəlmişdirlər. “Qaradağ” adlanan sahə yol olaraq Göyçəkənd kəndindən keçir, lakin Çaykəndə kəndinə məxsusdur. Onlar “Qaradağ” adlanan sahəyə çıxıb inəyi yıxılı görəndə saat təxmini olaraq 12:00-13:00 arası idi. Malın başını Cavabdeh kəsmək qərarına gəlmişdir. Cavabdeh onlar malı gördükdən təxminən yarım və ya 1 saat sonra onların yanına gəlmişdir. Onlar heyvanı görəndə nəfəsi üstündə idi. Heyvan ölən zaman ağzından köpük gəlməsi yadında deyil, lakin heyvanda şiş var idi. Şiş heyvanın bədənində və qarnında var idi və şiş sürətlə böyüyürdü. Cavabdeh da inəyin yanına çatanda bildiyi qədəri ilə inək nəfəs alırdı. Cavabdeh inəyi kəsmək istəyəndə onlar bildiriblər ki, birdən inəyi ilan sancmış olar, ona görə də kəsməsinlər. İlanın malı boğazından sancdığını düşünmüşdürlər. Malın baş hissəsində şiş var idi. Şiş inəyin çənəsinin sağ tərəfində, boğazında və üzündə görünürdü. Onlar saat 12-də sahəyə çıxanda Cavabdeh malın alt tərəfində idi. Onlar Cavabdeh xəbər etdikləri zaman Novruz sahədən malın içərisindən çıxaraq onların yanına gəlmişdir. Onların diaqnozu malı ilanın sancması olmuş, lakin onlar ilanın özünü və sancdığı yeri görməmişlər. Heyvan nəzarətsiz qalıb taxılı yedikdən sonra 4-5 saata ölə bilməz. Onun ölümü 2-3 gün çəkə bilər. Həmçinin Cavabdeh hadisə yerinə onlar çağırmamışlar, onun özü gəlmişdir. Məhkəmə iclasında iştirak edən Göygöl Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssisi X4 ifadəsində bildirdi ki, heyvanın ilan sancmasından nə qədər müddət sonra ölməsi həm heyvanın növündən, həm də ilanın növündən asılıdır. İlan sancmasından sonra heyvanın ağzından köpük gəlməsi o qədər də inandırıcı deyil, lakin zəhərlənmə əlaməti olaraq ağızdan köpük gələ də bilər. İnək taxıl sahəsində yerə topa tökülmüş taxılı yeyib köpərək də ölə bilər. İnəyin taxıl yedikdən nə qədər müddət sonra köpərək ölməsi inəyin orqanizmindən asılıdır. Ona görə vaxtını dəqiq demək olmur. 2 saata da baş verə bilər, 7 saata da baş verə bilər. Şəkildəki inəyin qarnının şişməsi taxıl yeməkdən də ola bilər, ilanın zəhərlənməsindən də ola bilər. İnəyin boğaz tərəfində olan şiş venanın şişkinliyidir. Həmin venanın şişkinliyi köpdən də ola bilər, qaraciyərdən də ola bilər. Şəkildəki inəyin başında o qədər də şişkinlik görünmür. Heyvanın ilan zəhərlənməsindən ölməsi və ya taxıl yeyib köpərək ölməsinin əlamətləri oxşardır. Buna görə də şəkildə görünən inəyin köpmə səbəbini qəti olaraq müəyyən etmək olmur. Heyvanın ani köpməsi diafraqmanı deşərək də həmin heyvanı öldürə bilər. Həmçinin diafraqma deşilməsə də köp nəticəsində yaranan qazlar tədricən qana sorularaq heyvanı zəhərləyib də öldürə bilər. Həmçinin taxıl sahəsində taxıl yeyən heyvan da köpərək ölə bilər. Şəkildə heyvanın qarnının köpdüyü müəyyən olunur. Heyvanın ağzından köpük gəlməsi həm ilan sancması nəticəsində, həm də taxıl yeyib köpərək ölməsi nəticəsində ola bilər. İlan sancmış malın ətini hər hansı yırtıcı yeyə bilər, bu halda həmin yırtıcıya zəhərin hər hansı təsiri olmaz. Heyvanı ilan sancdığı zaman ilanın dişinin izlərini həmin heyvanın bədənində mütləq şəkildə görmək mümkündür. Həmin diş izinin yeri qızarır, göyərir və şişkinlik yaradır. İlan sancmasından nə qədər müddət sonra heyvanın ölə biləcəyini dəqiq demək olmur. Həmin faktor ilanın zəhərinin növündən, onun dozasından asılı olaraq bədən ona ani də reaksiya verə bilər, bir müddət sonra da reaksiya verə bilər. Məhkəmə iş üzrə tərəfləri, şahidləri və Baytarlıq İdarəsinin mütəxəssisini dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Göygöl rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli İddiaçı ünvanlanmış məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Göygöl Rayon Polis şöbəsinə daxil olmuş müraciəti əsasında Təhqiqat bölməsində ətraflı araşdırma aparılmış, cinayət tərkibli əməl olması müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərarın surəti göndərilməklə ona izah edilmişdir ki, qərardan narazı olunduğu halda prokurora və ya məhkəməyə müraciət etmək hüququ vardır. İşdə olan “Mal-Qara” bazarının müdiri sahibkar X7 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 11 saylı məktubda qeyd olunan diri çəkisi 350 kq olan, 4 doğum keçirmiş, 5 illik inəyin 2024-cü ilin oktyabr ayında hal-hazırki orta bazar qiyməti 1600-1700 manat dəyərində olmuşdur. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göyçəkənd kənd İnzibati dairəsi üzrə nümayəndəliyinin 06 yanvar 2025-ci il tarixli X2 verilmiş arayışdan görünür ki, onun icra nümayəndəliyinin 2 saylı təsərrüfatbaşına kitabın 173 saylı təsərrüfatında 2024cü ildə 3 (üç) baş iribuynuzlu mal-qara qeydə alınıb. Ondan bir baş inək yay fəslində naməlum səbəbdən ölüb. Alınmış məlumata görə əti yararsız olub. İşdə olan Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin məhkəməyə ünvanladığı 28 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus iribuynuzlu heyvanlara Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən epizootik tədbirlər planına uyğun olaraq bütün peyvənd tədbirləri aparılmışdır. İddiaçı və Cavabdeh Göygöl rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinə heyvanın ölümü ilə bağlı müraciət etməmişdirlər. İşdə olan Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Göyçəkənd kənd İnzibati dairəsi üzrə nümayəndəliyinin 16 sentyabr 2024-cü il tarixli arayışından görünür ki, Göyçəkənd kənd icra nümayəndəliyinin təsərrüfatbaşına kitabında X6 məxsus mal-qara qeydə alınmayıb. İşdə olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1949-cu ildə doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İİ hissəsinə və 59-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına, həmçinin azad sahibkarlıq fəaliyyətinə və qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hüququndan irəli gələn mülki dövriyyədə müqavilə azadlığına təminat verilir. Konstitusiyanın göstərilən müddəalarına müvafiq olaraq hüquqi dövlətdə mülki dövriyyə sahəsində hüquq münasibətlərinin tənzimlənməsi hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı və müqavilə azadlığı, bu münasibətlərin subyektlərinin hüquqi statusu müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, onların hüquqlarının həyata keçirilməsi və mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi zamanı mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi hallar istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin olmasını tələb edir. Mülki Məcəllənin 389.1-ci maddəsində isə müqavilənin anlayışı açıqlanaraq göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Mülki qanunvericiliyə müvafiq olaraq müqavilə azad qaydada bağlanılır və məzmunu tərəflərin iradəsi ilə müəyyənləşdirilir. Belə ki, Mülki Məcəllənin 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki qanunvericilik bu azadlığı mülki dövriyyə iştirakçılarına təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı). Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448-ci maddəsində isə öhdəliyin icra edilməməsi üçün məsuliyyət nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Beləliklə, məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh sərbəst qaydada aralarında şifahi qaydada bağlanılmış müqaviləyə əsasən, 2024-cü ilin yaz və yay aylarında iddiaçıya məxsus iri buynuzlu mal-qaranı cavabdehə otarmağa verməli, iddaçı hər otarılan iribuynuzlu mala görə hər ay 15 manat pulu cavabdehə verməlidir. İddiaçı may və iyun aylarında otarılmış iri buynuzlu mala görə hər ay cavabdehə 85 manat məbləğində pul vermişdir. Cavabdeh iddiaçıya məxsus mal-qaranı otarmaq üçün 18 iyul 2024-cü il tarixdə səhər saat 07 radələrində aparıb Göygöl rayonunun Göyçəkən kəndində “Qaradağ” deyilən əraziyə nəzarətsiz buraxıb, yaşadığı evə qayıtmış, bundan sonra cavabdeh gönurta saatlarında heyvanları buraxdığı əraziyə getmiş, həmin vaxt taxıl sahəsində iddiaçıya məxsus bir baş iribuynuzlu inəyin ölməsini müəyyən etmişdir. Həmin vaxt cavabdeh inəyin taxıl yeməsi və köpməsindən ölməsini iddiaçıya və oğluna bildirmiş, bundan sonra cavabdeh iddiaçıya məxsus inəyin dəyərindən bir qismini ödəməyə razı olmuş və ona vaxt verilməsini xahiş etmiş, iddiaçı da razılaşmışdır. Bir müddət sonra cavabdeh inəyin ilan sancması nəticəsində ölməsini və onun təqsirinin olmamasını, vurulmuş zərəri ödəmək istəməməsini bildirmiş. İddiaçı bundan sonra polis şöbəsinə və daha sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Həmçinin işin müəyyən edilmiş halları ilə müəyyən olunur ki, cavabdehin şihafi razılaşmanın şərtlərinə lazimi diqqət göstərməyərək, səhlənkarlığı və otarılması üçün öhdəsinə götürmüş heyvanları nəzarətsiz qoyması, öhdəliyini lazimi qaydada icra etməməsi səbəbindən iddiaçıya məxsus həmin 1 baş inək Göygöl rayonunun Göyçəkən kəndində “Qaradağ” deyilən sahədə ölmüş və nəticədə iddiaçıya zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd olunan maddi hüquq normalarının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər və hazırkı işdə də sadalanan əsaslar mövcuddur. Məhkəmə cavabdehin iddiaçıya məxsus otardığı bir baş inəyin onun təqsiri olmadan ölməsi barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, 2024-cü ilin iyul ayında iddiaçıya məxsus mal-qaranı Göygöl rayonunun Göyçəkən kəndində “Qaradağ” deyilən ərazidə cavabdeh otardığı vaxt onun səhlənkarlığı və heyvanlara nəzarət etməməsi səbəbindən, yəni cavabdeh otardığı heyvanları sahəyə buraxıb yaşadığı evə qayıtmaqla öhdəliyini vicdanla yerinə yetirməmiş, nəzarətsiz qalmış heyvanlardan bir baş inək ölmüşdür. Həmçinin cavabdeh bir baş inəyin onun təqsiri olmadan və ondan aslı olmayan səbəblərdən ölməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, diri çəkisi 350 kq olan, 4 doğum keçirmiş, 5 illik inəyin 2024-cü ilin oktyabr ayında hal-hazırki orta bazar qiymətinin “Mal-Qara” bazarı tərəfindən müəyyən edilmiş aşağı həddə 1600 manat dəyində müəyyən edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyan məbləği tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün hüquqi xidmətin göstərilməsinə görə 40 (qırx) manat və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi üçün ödənilən 40 (qırx) manat və məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilən hissəsinə münasibətdə cavabdehə aid edilməli və ödənilmiş 38 manat dövlət rüsumunun 36 manatı cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1600 (bir min altı yüz) manat məbləğində maddi ziyan, hüquqi xidmətin göstərilməsi üçün ödənilən 40 (qırx) manat və 36 (otuz altı) manat dövlət rüsumu olmaqla ümumilikdə 1676 (bir min altı yüz yetmiş altı) manat pul tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Göygöl rayon məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(066)-85/2025
Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-85/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver