Məhkəmə qərarları › İş №2(066)-916/2023

Göygöl Rayon Məhkəməsi Qətnamə — İş №2(066)-916/2023

11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № 2(066)-916/2023 11.07.2023 GÖYGÖL RAYON MƏHKƏMƏSİ Göygöl Rayon Məhkəməsinin hakimi Abbasov Qələmdar Ələmdar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 Yaşar oğlunun katibliyi və İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin binasında 11 iyul 2023-cü il tarixdə acıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh notarial qaydada təsdiqlənmiş 14 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) manat məbləğində pulun və 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Qeyd olunan cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh normal münasibətləri yaranmış, o, 2022-ci ilin yanvar ayında iddiaçıya müraciət edərək ona pul lazım olduğunu və ona kömək etməyini iddiaçıdan xahiş etmişdir. İddiaçı isə Cavabdeh 10000 manat məbləğində notarial müqavilə əsasında borc pul vermiş və bu məqsədlə elə həmin tarixdə də kredit müqaviləsi bağlanılmışdır. Həmin müqavilə Gəncə “ASAN xidmət” mərkəzinin notariusunda təsdiqlənmişdir. Bu müqaviləyə əsasən Cavabdeh aldığı pulu xx.xx.2022-ci il tarixdə qaytarmağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin ödəniş müddətinin bitmə tarixindən keçməsinə baxmayaraq cavabdeh könüllü şəkildə pulu ödəməmişdir. Odur ki, məcbur olub hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə izahatında iddianı müdafiə etdiyini, tərəflərin arasında kredit müqaviləsinin mövcud olmasını, hazırda kredit müqaviləsinin ödəniş müddətinin keçməsinə baxmayaraq Cavabdeh iddiaçıya olan borcunu qaytarmaqdan imtina etməsini, odur ki, göstərilən əsaslara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını və çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və şərh edilmiş sübutları obyektiv qiymətləndirib iddianı əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə Cavabdeh arasında bağlanmış 14 yanvar 2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh 14 aprel 2022-ci il tarixdə qaytarmaq şərtilə, faizsiz olmaqla İddiaçı tərəfindən 10000 (on min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzdən görünür ki, İddiaçı tərəfindən 120 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin görünür ki, İddiaçı xx xxxxxxx 1985-ci ildə anadan olmuşdur. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin görünür ki, Cavabdeh xx xxxx 1969-cu ildə anadan olmuşdur. Belə ki, məhkəmə iclasında müəyyən olur ki, İddiaçı ilə Cavabdeh arasında 14 yanvar 2022-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən faizsiz olmaqla iddiaçı cavabdehə 14 aprel 2022-ci ilə qədər qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində borc pul vermişdir. Cavabdeh öhdəsinə götürdüyü 10000 manat borcu iddiaçıya müqavilədə göstərilən tarixdə qaytarmalı olduğu halda, hal-hazıra qədər ona heç bir ödəniş etməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation, (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi İddiaçı ilə Cavabdeh arasında Gəncə “ASAN xidmət” mərkəzinin notariat ofisində yazılı formada kredit muqaviləsi bağlanmış və tərəflər bu müqavilənin mühüm şərtlərində razılığa gəlmişlər. İddiaçı öhdəliklərini yerinə yetirsə də, Cavabdeh öz öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən İddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə bu qənaətdədir ki, 10000 (on min) manat borc məbləğini İddiaçı qaytarmaq Cavabdehin borc müqaviləsi üzrə icra etmədiyi öhdəlikdir. Odur ki, məhkəmə iddia tələbini əsaslı hesab edir. Mülki Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin təqdim etdikləri sübutlar əsasında baxıb yalnız onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazının əsası kimi göstərdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Proses Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 120 manat iddia təmin edildiyindən cavabdehdən tutulmalıdır. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh notarial qaydada təsdiqlənmiş 14 yanvar 2022-ci il tarixli kredit müqaviləsi üzrə 10000 (on min) manat məbləğində pul və 120 manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Göygöl Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HakimQələmdar Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar