Məhkəmə qərarları › İş №2(067)-1005/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1005/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1005/2025 28.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 4000 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Rafiq oğlu 2017-ci ilin qış aylarında özünü ona vəkillər kolleqasının vəkili olduğunu bildirərək ona hüquqi yardım göstərilməsini bildirmişdir. 2017-ci il tarixdə X1 ilə onun arasında borc pul müqaviləsi bağlanmışdır. Borc pulu ona verən Elnarə qarşılığında ona məxsus olan Xaçmaz rayon Həsənqala kəndindəki evini, girov müqavimində istəmişdi. O da buna etiraz etməyərək razılıq vermişdir. Bir müddət sonra Elnarənin pulunu ödəmişdir. Buna baxmayaraq, Elnarənin etibarnamə üzrə nümayəndəsi X4 ona qarşı dələduzluq etmişlər. Bu səbəbdən ona məxsus olan Xaçmaz rayonu Həsənqala kəndində yerləşən fərdi yaşayış evi əlindən çıxmışdır. Hüquqlarının pozulduğunu gördükdə, Cavabdeh Rafiq oğlu ona özünü vəkil kimi təqdim edərək evini məhkəmə qaydasında yenidən ona qaytarılmasını söz verərək bildirmişdir. Natiqə inanaraq işi görməsini ondan xahiş etmişdir. Bundan sonra Natiq ona bildirmişdir ki, bu işi görməyi üçün 4000 manat ödəməlidir. Çarəsiz vəziyyətdə qalaraq Natiq ilə razılaşdı. Bir neçə gün sonra mobil telefon vasitəsi ilə Cavabdeh ilə əlaqə yaradaraq, pulu ona verməyini bildirərkən, Natiq Xaçmaz şəhəri Nəriman Nərimanov küçəsinə gəlməyini bildirdi. O, həyat yoldaşı X2 ilə Natiq deyən ünvana gedərək orada Natiq ilə görüşmüş, orada həyat yoldaşının yanında Natiqə 4000 manat pulu vermişdir. Natiq bildirmişdir ki, notariusa gedərək etibarnamə verməlidir ki, məhkəmə işlərini apara bilsin. Birlikdə Xaçmaz rayon 1 saylı Notariat kontoruna gedərək Natiqə mülki etibarnamə vermiş, bundan sonra Natiq bildirmişdir ki, dərhal bu işə başlayaraq evini tez bir zamanda məhkəməyə iddia qaldıraraq qaytaracaq. Bu məsələdən bir müddət keçdikdən sonra Natiqin heç bir iş görmədiyinin şahidi olmuşdur. Natiq ifşa olduğunu bildikdə müxtəlif bəhanələr gətirərək işin Xaçmaz rayon Məhkəməsində olduğunu, həm də Sumqayıt Apelliyasiya Məhkəməsində xeyirinə qərar çıxmağını gözləməyi bildirmişdir. Məsələnin nə dərəcədə doğru olduğunu bilmək üçün, Xaçmaz rayon Məhkəməsinin dəftərxanasından işin nə yerdə olduğunu öyrəndikdə, dəftərxanadan ona bildirdilər ki, bu işlə bağlı heç bir iddia qaldırılmayıb. Natiqin bir daha onları aldatdığını öyrəndikdə aldığı pulu geri qaytarılmasını ondan tələb etmişdir. Natiq pulu qaytarmamaq üçün yenədə bəhanələr uyduraraq onları aldatmaqa çalışırdı. Sonda Natiq ifşa olunduğunu bilərək pulu tez bir zamanda qaytarılmasına söz vermişdir. Bu məsələdən xeyli vaxt keçməyinə baxmayaraq Natiqin yenə də onları aldatmağının şahidi olmuşlar. Belə ki, o Natiq barəsində xx.xx.2023cü il tarixdə Xaçmaz rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayəti əsasında, Xaçmaz rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparıldığdan sonra, təhqiqat bölməsi mülki qaydada aidiyyəti üzrə məhkəməyə iddia qaldırmaqla bağlı qərar qəbul etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh 2017-ci ildə ondan 4000 manat pul alıb ki, işini düzəldəcək, lakin işini düzəltməmişdir. O, evi girov qoyub pul almışdır. Cavabdeh də demişdir ki, evini də qaytaracaq, hətta onun üçün təzminat da alacaq və buna görə ondan 4000 manat pul almışdır. O, N.Nərimanov küçəsində pulu cavabdehə vermiş, sonra gedib onun adına notariat kontorunda etibarnamə vermişdir. Apelyasiya Məhkəməsində iş olanda cavabdeh Ukraynada olmuş, təhsil almağa getmişdir. Sübutu cavabdehin səs yazılarıdır. Onların əldə edilməsi ilə bağlı vəsatəti var, məhkəməyə təqdim edir. Cavabdehə 4000 manat pul verməyi ilə bağlı başqa sübutu yoxdur. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ona 300-400 manat pul vermişdir, həmin pul ilə də iddia ərizəsi yazmış, 2017-ci ildə nümayəndəsi kimi apelyasiya məhkəməsində işə də çıxmışdır. Məhkəmə isə iddianı təmin etməmişdir. O, aldığı pul müqabilində xidmət göstərmişdir. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Xaçmaz rayon Polis Şöbəsinə etdiyi müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə İddiaçı Elnarə və Natiq adlı şəxslərlə aralarında yaranmış pul tələbi ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işi başlanılması rədd rədd edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 60 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş materiallarında iddia tələbini təsdiq edə biləcək kifayət qədər mötəbər sübutun olmamasına görə məhkəmə iddia tələbini əsaslı edə bilməz. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar