Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1023/2024 22.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Zöhrab Ələsgərovdan 2200 manat manat pulun və 1000 manat ziyanın və dövlətə ödədiyi 130 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon «Arzu» Özəl Ticarət Mərkəzində alver ilə məşğuldur. Zöhrab Ələsgərovu da adi müştəri kimi tanıyır. 2020-ci ilin 31 yanvarında həyat yoldaşının xəstə olduğunu, ona təcili həkim müdaxiləsi lazım olduğunu və 2000 manat pul lazım olduğunu bildirmişdir. Əvəzində girov 120 manatlıq pensiya kartını qoyacağını bildirdi. O da 1800 manat pulu Zöhraba vermiş və hər ehtimala qarşı ondan yazılı qəbz almışdır. Zöhrabın kartından pul çıxarmaq lazım olanda, hər dəfə bir bəhanə ilə pul lazım olduğunu bildirərək kartı ondan götürürdü. 1-2 aydan sonra isə Zöhrabın kartı bağlanmışdır. Zöhrab əlillik pensiyasının kəsildiyini, həkimə xəstəxanalara gedib əlilliyinin bərpası üçün çalışması lazım olduğunu bildirirdi. Bir neçə müddət keçmiş, Zöhrabı görə bilməmişdir. 2021-ci ilin 21 dekabrında Zöhrab yanına gələrək əlilliyinin bərpa olunduğunu, əlində yeni pensiya kartı olduğunu bildirdi. Ona 200 manat pul lazım olduğunu dedi. Onu inandırmışdır ki, kartı ona verir və aybaay öz borcunu çıxacaq. Əvvəlki pulu almaq məqsədilə Zöhraba 200 manat da vermiş, Zöhrabdan kartı almışdır. Yenidən borcuna görə qəbz yazıb verməsini tələb etmiş. O, tərəddüd etmədən yazıb verdi və imzalamışdır. Elə 1-ci aydan Zöhrab kartı bağlatdırmış, kartdan pul çıxara bilməmişdir. Bundan sonra Zöhraba nə qədər zəng etsə də, Zöhrab vecinə almamış, əksinə ondan əlavə pul istəmişdir. Hər dəfə tanış şəxslərlə Zöhraba xəbər göndərib pulu tələb etmişdir. Zöhrab da pulu ancaq kart ilə ödəyəcəyini bildirmişdir. Bir daha kartının bağlanmayacağını demişdir. Onun humanistliyindən istifadə edib, yenidən 200 manat pul istəmişdir ki, müalicəsinə vacibdir. xx.xx.2024-cü ildə Zöhraba sonuncu dəfə 200 manat verərək, kartı almışdır. Lakin xx.xx.2024-cü kartın yenə bloka salındığı məlum oldu. Alverçidir, həmin pulu alverə xərcləsəydi, iki ildə 2200 manat pulu 4000 manat olardı. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2015-ci ildən cavabdeh ondan pul almış, kartını ona vermiş, kartdan pul çıxarmışdır. Kartın vaxtı bitmiş, cavabdeh ödəniş etməmişdir. Sonradan yenidən ayrı-ayrı məbləğlərdə pul almış, neçə dəfə yeni kart vermiş, sonradan kartı bağlatdırmışdır. hazırda cavabdehin 2200 manat borcu qalmışdır. 1 dəfə cavabdeh ondan 400 manat pul almış, televizor girov qoymuşdur. Cavabdeh 400 manatı qəbz yazıb verəndən sonra götürmüşdür. Həmçinin bildirmişdir ki, cavabdeh qəbzlərdə yazılan məbləğdə pulu qaytarsa kifayətdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçıdan 2000 manat pul almışdır, pulu ayağının müalicəsi üçün almışdır. Pensiya kartı iddiaçıda olmuşdur. 130 manat pensiyasını iddiaçı 8 ay ərzində götürmüşdür. 1400 manat dəyərində televizorunu girov qoymuşdur. Televizoru 400 manata görə girov qoymamışdır. Pensiya alır, borcu hər ay hissə-hissə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli iltizamlardan (əlyazma-əqdlərdən) müəyyən olunur ki, X1 Ceyran Şixəli qızından 2000 manat məbləğində borc pul almışdır. -İddiaçının cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliyinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 130 manat rüsum ödənilmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2020-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikasının 2023-cü il oktyabrın 1-dək qüvvədə olan Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli iltizamlar (əlyazma-əqdlər) əsasında cavabdeh X1 Ceyran Şixəli qızından 2000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehin ona əlavə olaraq maddi və mənəvi ziyan vurmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 2000 manat məbləğində pul və ödənilmiş 130 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1023/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1023/2024
22.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver