Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1049/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X6, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə X6 Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair ilk iddia ərizəsinə və Cavabdeh X7 qarşı zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlk iddia üzrə iddiaçı X12 məhkəmədə iddia qaldıraraq Cavabdeh ona dəymiş zərərə görə 1200 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X12 ərizəsini onunla əsaslandırmışdır ki, 15 ildir ki, o, Xaçmaz rayonu Xaspolad-oba bələdiyyəsi ilə hər il 1 ilik müqavilə bağlayaraq Xaspolad-oba kəndində yerləşən 1 ha torpaq sahəsini əkib becərir. Hər il olduğu kimi bu ildə 13 may 2020-ci il tarixdə kənd bələdiyyəsi ilə onun arasında Torpaq sahəsini İcarəyə Verilməsi haqqında müqavilə bağlanmışdır. Cavabdeh sentyabr ayından onun yanına gələrək onu qoymur ki, həmin 1 ha torpaq sahəsini əkib becərsin. Cavabdeh iddia edir ki, həmin torpaq qardaşı Elmana və analığı Yaquta məxsusdur. Yalnız arxiv sənədində cavabdehin adına torpaq sahəsi yoxdur. Bundan əlavə o, bələdiyyəyə müraciət edərək bildirmişdir ki, həmin sözü gedən torpaq sahəsini kimə məxsus olub-olmadığı barədə rəsmi bildirsin. 26.10.2020-ci il tarixdə bələdiyyə akt tərtib edərək, aktda göstərmişdir ki, ona icarəyə verdiyi 1 ha torpaq sahəsi bələdiyyəyə aiddir. Bələdiyyə cavabdehə dəfələrlə bildirsə də ki, həmin 1 ha torpaq sahəsi bələdiyyənin balansındadır, cavabdeh istinad edir ki, bu torpaq sahəsi ona məxsusdur və imkan verməyəcək ki, bu torpaqda kimsə əkin əksin. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədə qarşılıqlı iddia qaldıraraq cavabdeh X3 ona qarşı əsassız iddianın təmin edilməməsi və cavabdeh X4 qanunsuz və özbaşına hərəkətləri nəticəsində ona vurulmuş 1800 manat məbləğində maddi zərərin, 2000 manat məbləğində mənəvi zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 09 noyabr 2020-ci il tarixdə X4 Xaçmaz rayonun Xaspolad oba kəndində yerləşən ona və ailəsinə məxsus 0,80 ha torpaq sahəsində əkilmiş 600 ədəd fındıq ağacları (qələmləri) özbaşına çıxarıb kənara atmış və həmin sahədə əkilmiş yonca bitkisini məhv edərək həmin sahədə özbaşına buğda məhsulu əkmişdir. Cavabdeh bu özbaşna hərəkətləri ilə ona 1800 manat zərər vurmuşdur. O, həmin 600 ədəd fındıq qələmlərinin alınmasına, əkilməsinə, sulanmasına, kübrələnməsinə və becərilməsinə o, və ailəsi olduqca ağır zəhmət çəkmişlər, əmək sərf etmiş və 1800 manat xərc çəkmişlər, o cümlədən: 1: 0,80 ha torpaq sahəsini şum edilməsi, planlaşdırma edilməsi, disk vurulması, arx atılması və sair - 500 manat; 2: hər qələmi 50 qəpik olmaqla 600 ədəd fındıq qələmlərinin alınmasına – 300 manat; 3: 600 qələm üçün yuva qazılıb əkilməsinə, hər qələmin əkilməsinə 60 qəpik olmaqla 360 manat; 4: peyin alınması, gətirilməsi və qələm yuvalarına paylanması – 240 manat; 5: 600 ədəd qələmləri 2 dəfə vedrə ilə sulanmasına – 200 manat; 6: yonca əkilməsi və sulanmasına 200 manat. Ona və ailəsinə məxsus 0,80 ha torpaq sahəsindən 600 ədəd fındıq qələmlərinin çıxarıb atmaqla həmin sahədə əkilmiş yonca bitkisini Teymurşah Kəlam oğlu tərəfindən məhv edilən zaman bu hadisəni müşahidə etmiş Xaspolad oba kəndində yaşayan qardaşı Elman Əlibala oğlu dərhal ona zəng edib bildirəndə o, dərhal 09.11.2020ci il tarixdə 102 xidmətinə məlumat verib sonra ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etmişdir. Xaçmaz RPŞ də müvafiq araşdırılma aparıldıqdan sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və işin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. X4 Xaspolad oba bələdiyyəsi sədri işləyən, öz oğlu ilə müqavilə bağlayaraq icarəyə götürülməsi bildirilən 1 ha sahəsi Xaspolad oba kəndinin hansı tərəfində yerləşdiyi məlum deyildir. Cavabdehin məhkəməyə təqdim etdiyi Xaspolad oba kənd bələdiyyəsinin mülkiyyətində olan 1 ha torpaq sahəsinin onun tərəfindən qeyri qanuni zəbt edilməsinə dair tərtib etdiyi akt saxtadır və həmin aktda qeyd edilmiş 6 nəfərin imzaları saxtalaşdırılmış və onlar aldadılmışdır, həmin aktı tərtib edən cavabdehin oğlu bələdiyyə sədri Eyyub Abdurrəhmanov öz möhürü ilə həmin saxta aktı təsdiq etmişdir. Həmin saxta aktı məhkəməyə təqdim etmiş cavabdeh və onun oğlu- bələdiyyə sədri saxta akta imza edib təsdiq etdiyinə görə qanun qarşısında cavab verməlidir. Akta imza edən şəxslər məhkəmədə dindirilsə həmin aktın saxta tərtib edildiyi aşkar olunacaqdır. Əslində 600 ədəd fındıq ağacları və yonca bitkisi əkdiyi 0.80 ha torpaq sahəsi İ№ 0074 nömrəli 30219038 kodlu 08.12.1999-cu il tarixli dövlət aktı ilə ailəsinin mülkiyyətinə verilmişdir. Həmin dövlət aktı ilə mülkiyyətinə verilmiş 1989,72 m2 sahəsi 74-A nömrəsi ilə onun, qardaşı, atası və anasının mülkiyyətinə verilmiş, 284 nömrəli 0.75 ha torpaq sahəsi isə həyat yoldaşı və uşaqlarının sahibliyinə verilmiş və torpaq islahatından sonra onların istifadəsində olmuşdur. 284 nömrəli 0,75 ha pay torpaq sahəsi kimi həyat yoldaşı X1, oğlu Kamran və qızı Xəyalənin mülkiyyətinə verilmişdir. İslahat zamanı 284 nömrəli həmin torpaq sahəsi ailəsinə təqdim olunmuş, nömrələnmiş və sənəd yazılıb veriləcəyini bildirmişlər. Həmin sənədin alınması üçün müxtəlif orqanlara etdiyi müraciətlərə əsasən hazırda Xaçmaz rayon İcra Hakimiyyətində həmin sənədin hazırlanması prosesi gedir. Həmin vaxtdan hal-hazıra kimi qeyd olunan torpaq sahəsindən onlar istifadə edirlər, vergiləri də və digər ödənişləri ödəyirlər. Bu halı kəndçiləri, qonşuları yaxşı bilirlər və təsdiq edə bilərlər. Teymurşah özü də yaxşı bilir ki, həmin torpaq sahəsi nömrələnərək onlara təhkim olunmuşdur. Göründüyü kimi fındıq bağı saldığı və yonca bitkisi əkdiyi 0,80 ha torpaq sahəsi onun və ailəsinin mülkiyyətindədir və sahibliyindədir. Teymurşah Kəlam oğlunun iddia etdiyi kimi bələdiyyə həmin sahəni onun icarəsinə verməmişdir və verə də bilməzdi, çünki həmin sahə nömrələnərək ailəsinə təqdim olunmuşdur. X2 əsassız iddiasının təmin edilməməsi və cavabdehin özbaşına hərəkətləri nəticəsində ona vurulmuş 1800 manat məbləğində maddı zərərin, 2000 manat məbləğində mənəvi zərərin, həmçinin rüsum kimi ödədiyi 30 manat məbləğində pulun cavabdeh X5 alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh X12 iddia tələbini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyərək rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia və qarşılıqlı iddia tələbləri təmin olunmamalıdır. Məhkəmə iclasında iştirak etmiş maraqlı şəxs Xaspolad-oba bələdiyyəsinin sədri X9 izahatında bildirmişdir ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X10 onun doğma atasıdır. Özü bir neçə ildir ki, Xaspolad-oba bələdiyyəsinin sədridir. Xaspolad-oba bələdiyyəsi ilə X10 arasında artıq bir neçə ildir ki, torpaq sahəsinin icarə müqaviləsi bağlanır və Teymurşah Abdurrəhmanov həmin torpaq sahəsindən icarə müqaviləsi əsasında istifadə edir. Həmin torpaq sahəsi bələdiyyənin balansında olsa da, bu faktı təsdiq edə biləcək hər hansı bir sənəd yoxdur. Əvvəlki illərdə Xaçmaz rayonunun sakinlərinə pay torpaqları paylandıqdan sonra, artıq qalan torpaqlar bələdiyyələrin balansına verildiyindən, sözügedən torpaq sahəsi də, artıq qalan torpaqlardandır. Bələdiyyə tərəfindən Teymurşah Abdurrəhmanova icarə müqaviləsi əsasında istifadəsinə verilmiş torpaq sahəsinə dair hər hansı bir sənəd mövcud deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 izahatında bildirmişdir ki, ilk iddia üzrə cavabdeh İmran Aburrəhmanovun qardaşıdır. O fəhlə kimi işləyib, ailəsini dolandırır. İmranın tapşırığına əsasən 300 dənə çala qazıb, hər çalaya 2 ağac qələmi əkməklə, onları sulamağa görə İmran ona 360 manat pul ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 izahatında bildirmişdir ki, İmranın tapşırığına əsasən torpaq sahəsində ağacların əkilməsi ilə bağlı müxtəlif işləri görüb müqabilində İmrandan 300 manat pul almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 izahatında bildirmişdir ki, traktoristdir. Özünün traktoru olduğundan, müxtəlif şəxslərin sifarişlərinə əsasən torpaq sahələrində müvafiq işləri görüb, pul qazanır. İmranın tapşırığına əsasən torpaq sahəsini bir neçə dəfə traktorla şumlayıb İmrandan 450 manat pul almışam. Amma bundan bir il əvvəl həmin torpaq sahəsini Teymurşahın tapşığına əsasən traktorla şumlasam da, Teymurşah ona pulu tam həcmdə ödəməmişdir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.11.2020-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh istifadəsində olan Xaçmaz rayonu Xaspolad-oba kəndində yerləşən torpaq sahəsindən 600 ədəd ağac qələminin Abdurrəhmanov Teymurşah tərəfindən çıxarılaraq ona maddi ziyan vurması ilə bağlı şikayət etmişdir. Cavabdeh şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, MPM-də və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddiaçı və qarşılıqlı iddiaçıya zərərin əvəzinin ödənilməsi ilə bağlı zəruri sübutların təqdim edilməsi təklif olunsa da tərəflər bununla əlaqədar məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim etməmişdirlər. Ona görə də ilk iddiaçı X4 cavabdeh X13 və qarşılıqlı iddia üzrə iddiaçı X11 cavabdeh X7 qarşı olan iddia tələbləri təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia tələbləri rədd olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlk iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. İlk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu X8, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X13 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1049/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1049/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver