Məhkəmə qərarları › İş №2(067)-106/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-106/2023

08.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-106/2023 08.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər tərəfindən yaşadığı evin və həyətyanı sahəsinin üstündən keçirməklə öz fermalarına çəkdiyi yüksək gərginlikli elektrik xətlərinin öz hesabına götürməklə başqa yerə keçirilməsini bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulması, rüsum kimi ödədiyi 100 manat və hüquqi yardıma görə ödədiyi 300 manat məbləğdə pulu cavabdehlərdən alınaraq ona verilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 4 nəfərlik ailə ilə yaşadığı ünvan 1 ünvanında yerləşən 0,04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27,2 kv.m. olan yaşayış evini 2002-ci ilin fevral ayında X1 almışdır. Belə ki, həmin vaxt Atamşah Zəbi oğluna 500 manat beh kimi verərək evi almışdır və evin müəyyən təmir və təmizlik işlərini başa çatdırıb, evin qiymətinin qalan hissəsi olan 20.000 manat məbləğində pulu ödəyib xx.xx.2009-cu ildə alqı-satqı müqaviləsi bağlamaqla almışdır. xx.xx.2010-cu il tarixdə qeyd olunan evin ********** qeydiyyat nömrəli, **********83-10301 reyestr nömrəli çıxarış və texniki pasportu işlənmişdir.O, qeyd olunan evi alıb müəyyən təmizlik və təmir işlərini aparan zaman cavabdehlər evdə olmadığından istifadə etməklə qonşuluğunda yerləşən özlərinə məxsus fermaya evinin və həyətyanı sahəsinin üstündən yüksək gərginlikli hava elektrik xətti çəkmişdir. Həmin yüksək gərginlikli hava elektrik xətti çox aşağıdan çəkilməklə evinin damından 2 metr hündürlükdə yerləşir. Küləkli, qarlı və yağışlı havada sallanaraq və yellənərək həmin naqillər olduqca təhlükəli vəziyyət alır. Ona görə də o və ailə üzvləri daim qorxu altında yaşamağa məcbur olurlar. Yüksək gərginlikli hava elektrik xətlərinin evinin üstündən aşağıdan keçməsi ailəsinə daim təhlükə yaradır, xüsusilə küləkli havada, hətta evdən çıxıb başqa yerdə yaşamağa məcbur olurlar. Cavabdehə dəfələrlə həmin naqillərin götürülməsini və yaratdıqları fermaya elektrik xəttini bir az kənardan çəkilməsini xahiş etsə də bir nəticəsi olmamışdır. Hətta israrla bunu tələb etdikdə bildirmişlər ki, 30.000 manat ödəsə elektrik xətlərini kənara çəkəcəklər. Yoxsa onu buradan köçürəcəklər. Bu məsələ ilə əlaqədar Xaçmaz Rayon İcra Hakimiyyətinə, FHN-ə, Azərişıq» ASC-nə, Azərbaycan Respublikasının Prezidentinə və başqa təşkilatlara dəfələrlə müraciətlər etmişdir. Həmin təşkilatlardan gəlib yerində baxış keçirmiş və təhlükəli vəziyyəti təsdiq etsələr də, həmin yüksək gərginlikli xəttin «Azərişıq” ASC-nin balansında olmadığını bildirməklə məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. O, qeyd olunan evi 2002-ci ilin fevral ayında beh verməklə almış və həmin evə köçmüşdür, lakin maddi vəziyyətinin ağırlığından 7 il müddətində pul yığıb həmin evi öz adına sənədləşdirmişdir, evi çox darısqal olduğundan həyətdə yeni evin özül hissəsini tikmişdir. Maddi imkansızlıqdan həmin evi də yarımçıq qalmışdır. Bu tərəfdən də cavabdehlər ondan elektrik naqillərinin götürülməsinə görə pul tələb edir, ona hədə-qorxu gəlməklə onu həmin yerdən qovmaq istəyirlər. Lakin kasıb da olsa, o, da bu vətənin övladıdır, qardaşı X2 müharibəsində şəhid olmuşdur, şəhid ailəsidir. Vətən qarşısında öz borclarını həmişə yerinə yetirmişlər. Boya- başa çatmış övladlarını evinin darısqallığından evləndirə bilmir. Yeni tikməyə başladığı evi də cavabdehlərin hədəqorxularına görə başa çatdıra bilmir. Ona görə də cavabdehlərin qanunsuz, özbaşına hərəkətlərinin qarşısının alınması üçün yeganə ümid yeri kimi məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, bu məsələ ilə bağlı FHN-ə də müraciət etmiş və vəziyyətin təhlükəli olması barədə rəy veriblər. Lakin cavabdehlər 10000 kvt elektrik naqillərinin yerinin dəyişdirilməsindən imtina edirlər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddiaçı xəttin götürülməsi barədə müraciət edib. O, evi Atamşah Zəbi oğlundan satın alıb. Evi aldıqdan sonra cavabdehlər evin üzərindən 10000 elektrik naqilləri çəkdiriblər. Yəni xətt əvvəl ərazidən keçmirdi. İddiaçı bu barədə hətta "xxxx" ASCyə də müraciət etmişdir və müraciətində elektrik xətlərinin kənar ərazidən keçirilməsinin mümkünlüyü bildirilmişdir. Bu məsələ ilə bağlı FHN-də elektrik xətlərinin evə təhlükə yaratmasını bildiriblər. İddia tələbin ilə bağlı sübutlar öz təsdiqini tapır və bu səbəbdən xahiş edir ki, iddia təmin olunsun. Əvvəlki məhkəmə iclasında iştirak edərkən Cavabdeh2 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 10000 elektrik xəttinə müdaxilə edilməsi üçün Sumqayıt Elektrik Şəbəkəsindən xətt açılmalıdır. Elektrik xətləri "xxxx" MMC-yə məxsusdur. İddiaçı MMC-yə heç bir müraciət etməyib. Müraciət etsəydi, müvafiq qaydada tədbir görülərdi. Həmçinin iddiaçının evinin əvvəlki mülkiyyətçisi MMC-nin işçisi olub. Həmin ərazi əvvəllər boş idi, daha doğrusu, zibilxanaya çevirmişdilər. Ərazini 1995-ci ildə almışlar. Sonra Cəbrayılova təklif etmişlər ki, həmin ərazinin yaxınlığında torpaq sahəsi alsın. Bununla həm də tikililərə nəzarət etsin. X8 2000.000 AZN verərək torpaq sahəsi alıb. MMC-nin ərazisində 250-lik transformator quraşdırılıb. xx.xx.2001-ci ildə isə həmin transformator 63-lük transformator ilə əvəz olunub. İddiaçı qeyd edir ki, tikilinin çıxarışı var. Lakin bu çıxarışı saxtakarlıqla, dolayısı yolla əldə edib və yalandan bildirir ki, tikilisinin üzərindən sonradan elektrik xətti çəkilib. MMC-nin işçiləri yığıncaq keçirib, buna razılıq versə, iddiaçının öz hesabına elektrik xəttinin dəyişdirilməsi həyata keçirilə bilər. 10000 elektrik xəttinin altında tikilinin tikilməsi, ümumiyyətlə, qadağandır. Yəni qanuna zidd hərəkətdir. Bunu Nazirlər Kabinetinin qərarlarına əsasən istinad edib bildirir. Buna görə iddianın təmin olunmamasını xahiş edir. Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, əgər iddiaçı öz hesabına razılıq versə cavabdehlər yüksək gərginlikli elektrik xəttlərini iddiaçının hesabına başqa yerə keçirə bilərlər. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, X3 şəhəri Bakı küçəsi 0.04 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 27.2 kv.m, yaşayış sahəsi 22.1 kv.metr, köməkçi sahəsi 5.1 kv.m olan, iki otaqlı, 1 mərtəbəli, 1 B nömrəli fərdi yaşayış evini 20000 manata İddiaçı satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri Bakı küçəsi ev 1B-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarında olan Seriya MA ******* olan 0.04 ha torpaq sahəsi üzərində olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X16 Xidməti Şimal Regional X16 İdarəsinin xx.xx.2022-ci il tarixli 37136-00368 saylı məktubundan müəyyən olunur ki, İddiaçı müraciətinə əsasən Şimal Regional X16 İdarəsi tərəfindən araşdırılaraq, müəyyən olunmuşdur ki, həqiqətən də ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri bərkidilmiş dirəklər metal borulardan ibarətdir. Həmçinin ötürücülüyü 10 kilovolt olan hava elektrik xətləri təhlükəli olub, fərdi yaşayış evinin üzərindən 2 metr hündürlükdən keçməsi müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən İddiaçı ünvanladığı 01 aprel 2021-ci il tarixli məktubundan müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərindən və həyətyanı sahəsindən keçən yüksək gərginlikli elektrik verilişi xəttinin kənara çıxarılması çarədə müraciətə baxılmış və əraziyə baxış zamanı sözügedən xəttin şəxsi fermaya məxsus olduğu və "xxxx" ASC-nin balansında olmadığı məlum olmuşdur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli, 10/1580 saylı rəyindən müəyyən olunur ki, İddiaçı təqdim etdiyi torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən elektirik xəttlərinin çəkildiyi müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən çəkilmiş elektrik xətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın 1.2.3-cü bəndinin 1.2.3.1-ci, 1.2.3.2-ci, 1.2.3.2-ci, 1.2.3.3-cü, 1.2.3.4-cü, 1.2.3.5-ci yarımbəndlərinin, 1.1.3-cü bəndinin isə 1.1.3.1-ci və 1.1.3.2-ci yarımbəndlərinin tələb pozulduğu müəyyən edilir. İddiaçı təqdim etdiyi torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və yarımçıq tikilinin üzərindən çəkilmiş elektrik xətlərinin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə edilməsinə təhlükə və ya hər hansı bir maneçilik yaradıbyaratmaması tikinti-texniki ekspertizasının həll edtdiyi məsələlər dairəsinə aid olmadığı səbəbindən bu sual üzrə tədqiqat aparılmır. Lakin Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X16 Xidməti Şimal Regional X16 İdarəsinin "xxxx"ASC-yə ünvanlandığı məktubda ötürücülüyü 10 kilovolt olan hava elektrik xətlərinin təhlükəli olduğu qeyd olunmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140.-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1-ci maddəsinin tələblərinə əsasən Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da mülkiyyət hüququ sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1.-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4.-cü maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.2.-ci maddəsinə əsasən Hüquqdan suiistifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi R.Ağalarovun şikayəti üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında da qeyd olunmuişdur ki, Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən Başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamaq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin borcudur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1.-ci maddəsinə əsasən Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət, istifadə və ya sahiblik hüquqları qanunla müəyyən olunmuş qaydada dövlət reyestrində qeydə alındığından, onun bu hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüququ olduğundan və iddiaçının yaşadığı evin və torpaq sahəsinin üzərindən cavabdehlər tərəfindən çəkilmiş yüksək gərginlikli elektrik xətlərini cavabdehlərin hesabına sökülməlidir. Bundan başqa məhkəmə ekspert rəyini işdə olan digər sübutlarla əlaqəli səkildə təhlil edərək hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evinin üzərindən keçən yüksək gərginlikli elektrik xətləri qanunvericiliyin tələblərinə uyğun çəkilmədiyindən və onun mövcudluğu təhlükəsizlik qaydalarını pozmaqla ictimai təhlükə törətdiyindən cavabdehlərin hesabına başqa yerə keçirilməlidir. Bundan əlavə Cavabdeh2 məhkəmə iclasında verdiyi izahatında iddiaçının razılıq verdiyi halda, cavabdehlərin yüksək gərginlikli elektrik xəttlərini iddiaçının hesabına başqa yerə keçirə biləcəklərini bildirməklə iddianı qismən qəbul etmişdir. Beləliklə, tərəflərin izahatını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi qismən təmin edildin. Cavabdehlər tərəfindən iddiaçının yaşadığı evin və həyətyani torpaq sahəsinin (ünvan 3 ünvanında yerləşən 0.04 ha torpaq sahəsində tikilmiş 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 27.2 kv.metr olan yaşayış evi) üstündən keçən yüksək gərginlikli elektrik xətləri cavabdehlərin hesabına götürülməklə başqa yerə köçürülməsi bir vəzifə olaraq cavabdehlərin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatı iddiaçıya aid edilsin, 50 manatı isə cavabdehlərdən alınaraq iddiaçıya verilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat məbləğində pulun 30 manatı cavabdehlərdən birgə qaydada, 20 manatı isə iddiaçıdan alınaraq X5, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar