Məhkəmə qərarları › İş №2(067)-1070/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1070/2022

20.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1070/2022 20.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borcla bağlı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Abdulhüseyn oğlundan ümumilkdə 614,31 manat borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Cavabdeh Abdulhüseyn oğlu yuxarıda qeyd olunan ünvanda istehlak edilmiş elektrik enerjisinin dəyərini və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə akt əsasında hesablanmış borcun elektrik enerjisinin alqı-satqısı müqaviləsi və Azərbaycan Respublikasının bu sahədə qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada vaxtında ödəmədiyindən onun "xxxx" ASC-yə 614,31 manat məbləğdə debitor borcu yaranmışdır. Belə ki, abonentin mənzilinə xx.xx.2007-ci il tarixdə elektrik hesabat sayğacı quraşdırılmışdır. Cavabdehin xx.xx.2021 ci il tarixə 614,31 manat borcu yaranmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh tərəfindən mənzilə quraşdırılmış elektrik hesabat sayğacına müdaxilə olunaraq elektrik enerjisindən qanunsuz istifadə olunması halı aşkar edildiyi üçün üçün enerji təchizatı müəssisəsinin əməkdaşları tərəfindən EElQnin tələblərinə əsasən xx.xx.2016-ci il tarixdə EEİQ-nm pozulmasına dair 054609 nömrəli akt tərtib edilmiş və itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə 460,33 ıtıanat məbləğində hesablaşma aparılmışdır. Cavabdeh tərəfindən həmin akt bu günə qədər mübahisələndirilməmişdir. Hal-hazırda cavabdehin enerjitəchizatı müəssisəsinə 614,31 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh Abdulhüseyn oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, o sayğac qoydurmaq baha başa gəldiyinə görə oğlunun evinə də elektrik enerjisini öz sayğacından vermiş və sərf olunan elektrik enerjisinin pulunu vaxtaşırı ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları həmişə evinə gələndə heç bir problem olmayıb, onlar da bilib ki, öz evinin sayğacından keçməklə oğlunun qonşuluqdakı evinə elektrik enerjisi verilməsi üçün xətt çəkilib. Lakin hansısa səbəbdən "xxxx" ASC-nin əməkdaşları akt yazıblar. Bunun da səbəbi odur ki, maddi imkanı olmadığına görə iki ay elektrik enerjisinin pulunun ödənişini gecikdirmişdir. Pozuntu barədə akt tərtib olunarkən o iştirak etməmiş, evdə yalnız azyaşlı uşağı olub. Aktla razı deyil, ona aktın surəti belə verilməyib ki, bu barədə harasa şikayət etsin. Sayğac küçədə yerləşir. O və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir, kənar xətdən istifadə etməmişdir, etmir də. Akt tərtib ediləndən sonra hazırkı vaxtadək onun evinə elektrik verilişi dayandırılmayıb və oğlunun evinə onun sayğacından çəkilən elektrik xətti kəsilməyib, hazırda da hər iki evdə istifadə olunan elektrik enerjisinin pulunu ödəyir. Elektrik enerjisinə görə borcu yoxdur. İş üzrə iddiaçı "xxxx" ASC-nin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılmasına dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı "xxxx" ASC Cavabdeh Abdulhüseyn oğlundan sayğaca müdaxilə etdiyinə və elektrik enerjidən qanunsuz istifadə olunması halı aşkar edildiyi üçün 614,31 manat borcun tutulub ödənilməsini xahiş edilir. Lakin iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, Cavabdeh Abdulhüseyn oğlunun sayğaca müdaxilə etməsi və elektrik enerjidən qanunsuz isitifadə halını təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enercisindən istifadə qaydaları»nın 8.14-cü bəndinə əsasən istehlakçı hesablaşma dövründə onaburaxılmış elektrik enercisinin haqqını enercitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız hesab olunduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar