Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1077/2025 13.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, ona dəymiş 18000 manat ziyanın yari hissəsi olan 9000 manatın Cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldıraraq aralarında xx.xx.2024-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 20 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması barədə Quba Rayon Məhkəməsində iddia qaldırmışdır. xx.xx.2024-cü il tarixdə müalicələrlə əlaqədar Türkiyə Respublikasına getmiş və xx.xx.2024-cü il tarixdə qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra ona qarşı iddia qaldırılmasını bilmişdir. Ona görə də, hazırki iddianı verir. O, Cavabdeh ilə 2023-cü il dekabrın 3-də ailə həyatı qurmuş və 02 fevral 2024-cü il tarixdə Xaçmaz rayon Qeydiyyat Şöbəsində 20 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdehlə ailə həyatı qurduqdan sonra iki aya yaxın mehriban yaşamışlar. Lakin sonralar qaynı X3 və baldızı X1 ailəsinə səbəbsiz müdaxiləsindən sonra aralarındakı mehribançılıq ziddiyyətə çevrilmiş, tənqid və təhqirə məruz qalmışdır. Hətta iş o yerə çatıb ki, qaynı mətbəx bıçağını dəfələrlə qarşısında nümayiş etdirərək “əgər sən evdə baş verənlər barədə kiməsə məlumat versən, qardaşlarını bu bıçaqla tikə-tikə doğrayaram, ananın başını kəsərəm” söyləmişdir. Onlar onu 24 aprel 2024-cü il tarixdən evdən çıxarmışlar. Təxminən 5 dəfə öz yaxınları ilə həmin ünvana getsə də, onu qəbul etməmişlər. Cavabdeh 12 avqust 2024-cü il tarixdə Quba Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində qeyd edir ki, guya o, könüllü olaraq evdən getmişdir, ailənin dağılmağının səbəbkarı o, olmuşdur. Onun qeyd etdikləri cəfəngiyyatdan başqa bir şey deyildir. Cavabdeh hətta Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatda onu ruhi xəstə adlandıraraq başını dəfələrlə şifoner və divara vurmağını söyləmişdir. Bu da onun növbəti yalanıdır. Onu da qeyd edir ki, onlar onu evdən çıxarmaqdan bir müddət əvvəl ona məxsus zinət əşyalarını: 3 ədəd üzüyü, 1 ədəd qolbağı, 1 ədəd sepi və 1 cüt sırğanı (ümumi dəyəri-2500 AZN-dan yuxarı) sataraq pullarını mənimsəmişlər. Qasımovlar ailəsinin ona göstərdikləri təzyiq və iztirabların nəticəsi olaraq beynində şiş əmələ gəlmişdir və o, 24 iyun 2024-cü il tarixdə xəstəxanada ağır əməliyyat keçirmişdir. Həkimlərin məsləhəti ilə sentyabrın 5-dən oktyabrın 20-nə kimi Ankara şəhərində müalicəsini davam etdirmişdir. Əməliyyat olunduğu vaxtdan bu günə kimi Qasımovlar tərəfindən ona bir qəpik belə dəstək olmayıb, bütün xərcləri (təxminən 18,000 AZN) atasıgil ödəyib, o, cümlədən 429 manat Türkiyəyə getmək üçün təyyarə bileti, 3888 ABŞ dolları müalicə xərci, 12 ABŞ dolları müayinə xərci, 6550 türk lirəsi başqa müayinə üçün, 500 manat laboratoriya xərci, 17600 türk lirəsi müayinə üçün, 1275 türk lirəsi digər müayinə üçün, 1641 manat əməliyyat xərci. Həmin məbləğlər kifayət etmədiyi üçün atası bank vasitəsilə ona 1173 ABŞ dolları göndərmişdir. Ümumilikdə müalicə və müayinələrə, kirayədə qalmaq üçün 1200 manat da daxil olmaqla, 18000 manat vəsait xərclənmişdir. Ailə qurduqdan sonra səhhətində yaranmış ciddi problemlərlə əlaqədar müalicələrinə xərclənmiş vəsaitin ½ hissəsinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, iddianı müdafiə iddianı müdafiə edir. Onun vəsaiti xərclənib, cavabdehin ödəməsini istəyir. O, cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Daha sonra səhhəti korlanıb. O, boşanmaq da istəmirdi. Yaşanan hadisələr onun səhhətini pozub. Cavabdeh ziyanın tam olmasa da, yarısını ödəməlidir. O, onunla evlənib evlərinə köçəndə səhhətində heç bir problem yox idi. Onların evində qaz dəmindən halı pis olmuşdu. Cavabdeh onu vurmayıb. Lakin ailəsi və özü üstünə çox gəlirdi. Həkim ona bildirdi ki, əsəblə bağlı gərginlikdən xəstələnmişdir. Müalicələrinə xərclədiyi 18000 manat vəsaitin ½ hissəsinin cavabdeh tərəfindən ödənilməsini tələb edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, iddianı müdafiə edir. Qızının evlilikdən sonra səhhəti korlanıb. Ziyanın yarısını ödəməlidir. Ona hədiyyə olunan qızılları satıblar. Heç bir əmlakını, geyimini də qaytarmayıblar. Türkiyədə müalicə alıb. Xərcləri ödəməlidir. Onlar təqaüdçüdürlər. El adəti ilə sevinərək toy edib qızını köçürmüşdür. Qızının səhhəti pozulub, Bakıda müalicə aldı və əməliyyat olundu. O, da neçə müddət yanında qalıb. Sonra Türkiyəyə getmişlər. Hazırda da müalicəyə ehtiyacı var. Cavabdeh qızının həyat yoldaşı olub, hələ də soyadını daşıyır, pulu ödəməlidir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul etmir. 2 ay ailəli olmuşdur. Əgər yaxşı deyildisə dəfələrlə barışmağa niyə gəliblər. O, iddiaçının istədiyi hər şeyi etmiş və almışdır. Gecə belə olsa, nə istəsə gedib almışdır. İddiaçını heç vaxt vurmayıb, hər hansı xəsarət yetirməyib, səhhətinin pozulmasına səbəb ola bilən heç bir hərəkət etməyib. İddiaçı kirayəyə çıxmaq istəyirdi və buna görə başına vururdu. O, ona heç nə etməmişdir. Boşanmışlar. O, da bankdan pul alıb toy etmişdir. 42 yaşında boşanmaq üçün ailə qurmamışdır. O, boşandıqdan sonra gedib əməliyyat olunub və bu hal onunla əlaqəli deyil. İddiaçı öz başına vurduğu üçün o, 2 dəfə təcili yardım da çağırmışdır. Əvvəldən xəstə olub və ondan gizlədib. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iddiaçının maddi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iddiaçı sağlamlığının məhz cavabdehin hərəkətləri nəticəsində pozulduğunu iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPMin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı cavabdehdən 8000 manat pul tələb etsə də, tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №2(067)-1077/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1077/2025
13.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver