Məhkəmə qərarları › İş №2(067)-1080/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1080/2020

06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1080/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh Əli-X1 Əliyeviçin, Cavabdeh1 iştirakı ilə, İddiaçı "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "İddiaçı" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciətedərək, cavabdehlər Cavabdeh1, Əli-X1 Əliyeviçdən və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 8021,53 ABŞ dolları əsas, 10606,47 ABŞ dolları faiz, 2999,93 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 21627,93 ABŞ dolları məbləğində borcun, 011KK**********01 saylı kredit müqaviləsi üzrə 581,16 ABŞ dolları əsas, 148,94 ABŞ dolları faiz, 774,98 ABŞ dolları məbləğində cərimə borcu olmaqla cəmi 1505,08 ABŞ dolları məbləğində borcun, hər iki müqavilə üzrə ümumilikdə 23133,01 ABŞ dolları məbləğində borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 729 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 153 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının tələblərini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri xx.xx.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11478.47 ABŞ dolları ödəmiş, onun 8021.53 ABŞ dolları kredit borcu qalmışdır. Kredit razılaşmasına əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 372 gün üçün hesablanmış faiz borcu 10606.47 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5%-i məbləğində cərimə ödəməlidir. 372 gün üçün hesablanmış cərimə 2999.93 ABŞ dolları təşkil edir. Bundan başqa tərəflər ilə xx.xx.2015-ci il tarixdə bağladığı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.3333% olmaqla 12 ay müddətinə müqavilə ilə müəyyən olunmuş kredit xətti və kredit limiti daxilində plastik kart vasitəsi ilə 800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit müqaviləsinin tələblərini pozaraq kredit müqaviləsi üzrə ödəmələri dəfələrlə yubatmış, ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 218.84 ABŞ dolları ödəmiş, onun 581.16 ABŞ dolları kredit borcu qalmışdır. Kredit müqaviləsinə əsasən ödəməli olduğu faiz borcunu kreditora ödəməmiş və xx.xx.2020-ci il tarixə 1368 gün üçün onun 148.94 ABŞ dolları məbləğində faiz borcu qalmışdır. Kredit müqaviləsinə görə kredit xəttinin müddəti bitənədək Banka ödənilir, əks təqdirdə kredit gecikdirilmiş status alır və bu status üzrə illik 180 faiz dərəcəsi ilə cərimə faizi hesablanır. 1368 gün üçün hesablanmış cərimə 774.87 ABŞ dolları təşkil edir. Cavabdehlər Əli-X1 Əliyeviç və Cavabdeh3 zaminlik müqaviləsinə əsasən yuxarıda göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1lə birgə məsuliyyət daşıyırlar və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı bütün öhdəliklərini icra etməlidirlər. İddiacının nümayəndəsi məhkəmənin ünvanına teleqram göndərərək işə nümayəndənin iştirakı olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, iddiaçı əgər ona güzəşt edərsə, borcu hissə hissə ödəyəcəkdir. Məhkəmə iclasında cavabdeh Əli-X1 Əliyeviç iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, pulu Nizami alıb o da ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2010-cu il tarixli kredit xətti müqaviləsindən müəyyən olunur ki, kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 40000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 729 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 153 ay müəyyən edilmişdir. İş materiallarında olan 011R********** saylı kredit razılaşmasından müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 36 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19500 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarından müəyyən olunur ki, tərəflərin imzaladıqları razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İş materiallarında olan zaminlik müqaviləsindən müəyyən olunur ki, zaminlər Əli-X1 Əliyeviç və Cavabdeh3 kredit müqaviləsi üzrə nəzərdə tutulmuş cədvələ uyğun olaraq, kreditin məbləği və kredit üzrə hesablanmış faizlər çərçivəsində, eləcə də borclu tərəfindən öhdəliklərinin yerinə yetirilməməsinə cavabdehlik daşıyacağını öhdəsinə götürmüşdür. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, İddiaçı QSC məhkəmədə iddia ərizəsinə baxılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, xx xxxx 2015-ci il tarixli 011R********** nömrəli kredit razılaşması, xx xxxxxx 2016-cı il tarixli “Saziş”in və xx xxxx 2015-ci il tarixdə 011KK**********01 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh1 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx xxxx 2015-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə: xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) 14212.56 ABŞ dolları: əsas borc üzrə 10949.70 ABŞ dolları, faiz borcu üzrə 3262.86 ABŞ dolları müəyyən olunur. xx xxxx 2015-ci il tarixdə 011KK**********01 saylı kredit razılaşması üzrə: xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) 730.10 ABŞ dolları: əsas borc üzrə 581.16 ABŞ dolları, faiz borcu üzrə 148.94 ABŞ dolları məbləğində müəyyən olunur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əcər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, yuxarıda sadalanan işin faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, Əli-X1 Əliyeviçdən və Cavabdeh3 müştərək qaydada «Access bank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** nömrəli kredit razılaşması üzrə əsas borc üzrə 8021,53 ABŞ dolları əsas, faiz borcu üzrə 3262.86 ABŞ dolları, cərimə borcu üzrə 100 ABŞ dolları, 011KK**********01 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 581.16 ABŞ dolları, faiz borcu 148.94 ABŞ dolları, cərimə borcu 10 ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul tutulsun. Ödənilmiş dövlət rüsumunun 5 manatı iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Cavabdeh1, Əli-X1 Əliyeviçdən və Cavabdeh3 müştərək qaydada alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar