Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1091/2024 27.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh 2200 (iki min iki yüz) manat pul, habelə ödənilmiş 42 manat dövlət rüsumu olmaqla, cəmi 2242 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Ağarəhimoba kəndində yaşayır və heç yerdə işləmir. Şəxsi təsərrüfatını idarə etməklə və mal-qara yetişdirməklə ailəsini dolandırır. 2024-cü ilin yanvar ayının ortalarında o, təsərrüfatında olan yaş yarımlıq cöngəni satmaq qərarına gəlmişdir. Cöngəni bir dəfə Xaçmaz mal bazarına aparmış, lakin istədiyi qiymətə sata bilmədiyi üçün geri qaytarmışdır. xx.xx.2024cü il tarixdə o, əvvəllər ondan mal almış Xaçmaz rayonu, Qadaşoba kəndində yaşayan və rayonun Müzəffəroba kəndində (Xaçmaz-Xudat yolun kənarında) qəssab işləyən Cavabdeh telefonla bildirmişdir ki, satlıq cöngə var, istəyirsə gəlib baxsın. xx.xx.2024-cü il tarixdə Cavabdeh onun yaşadığı evə gəlmiş, satmaq istədiyi cöngəyə baxmış və onu almaq istədiyini bildirmişdir. Onlar heyvanın 2200 (iki min iki yüz) manat qiymətə satılmasında razılaşmışlar. Əvvəllər də Cavabdeh ondan aldığı malları nisyə alırdı və bir həftə ərzində pulu ödəyirdi. Bu dəfə də Cavabdeh ondan xahiş etmişdir ki, malı ona nisyə versin və razılaşdıqları məbləğdə pulu bir həftəyə ona verəcəkdir. O, da Cavabdeh tanıdığı üçün bununla razılaşmışdır. Cavabdeh ona demişdir ki, axşam qardaşı Ruhid “Qazel” markalı maşını ilə gəlib heyvanı aparacaqdır. Həqiqətən də, həmin gün axşam saatlarında cavabdehin qardaşı Ruhid “Qazel” markalı maşınla onun evinə gəlmiş, onun özü, yanında gəldiyi fəhlə və o, üçü heyvanı maşına mindirmişlər və Ruhid maşını sürüb çıxıb getmişdir. xx.xx.2024-cü İl tarixdə təxminən saat 11 radələrində Cavabdeh telefonla ona zəng edərək bildirmişdir ki, aldığı cöngə ot yemir, deyəsən xəstədir və ondan soruşmuşdur ki, heyvana nə iynəsi vurlub. O, da heyvana vurduğu iynənin şəklini cavabdehə göndərmişdir. Üstündən bir saat keçəndən sonra Ramin yenidən ona zəng etmişdir ki, ondan aldığı cöngə artıq tələf olub. O, cavabdehin zəngindən sonra onun evinə getmiş və görmüşdür ki, heyvanın leşini küçəyə çıxarmışlar. Heyvanı alanda o, Cavabdeh bildirmişdir ki, təxminən 20 gün bundan əvvəl heyvanın mədəsi tutulmuş və heyvana həkimin məsləhəti ilə iynə vurmuşdur. İynə vurulandan sonra heyvan yaxşı olmuş və normal qidalanmışdır. O, cavabdehə heyvan satarkən salamat olmuş və onda hər hansı xəstəliyin əlamətləri olmamışdır. Onlar heyvanı çətinliklə maşına mindirmişlər. Əgər heyvan xəstə olsaydı, cavabdeh onu alarkən bunu hiss edərdi. Bundan əlavə, cavabdeh ondan heyvanı sağsalamat aldıqdan sonra heyvanın nə səbəbdən xəstələnməsi və ölməsi ona məlum deyildir. Adətən heyvan xəstələnib bir-iki gün ərzində ölmür. Ola bilər heyvan xəstəliklə bağlı deyil, başqa səbəbdən tələf olsun, ya da ki, heyvana başqa iynə vurula bilər. O, cavabdehə bildirmişdir ki, heyvan sağ-salamat evindən aparılmışdır və iki gün sonra onun evində öldüyü üçün ona razılaşdıqları məbləğdə pulu ödəməlidir. Lakin cavabdeh ona pulu qaytarmaqdan imtina edir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, bu il fevral ayının 6-sı Ramin onun yaşadığı evə gəlib satmaq istədiyi cöngəyə baxmışdır. Onlar qiymətdə 2200 manata razılaşmışlar. O, heyvanı nisyə satmışdır. Ramin demişdir ki, 1 həftə ərzində pulu ona verəcək. Həmin gün axşam qardaşı ilə gəlib heyvanı götürmüşlər. Həmin ayın 8-i Ramin ona zəng edib heyvanın xəstə olduğunu bildirmişdir. Sonra həmin gün yenidən zəng vurub demişdiri ki, heyvan ölüb. O, Raminə heyvanı verəndə yaxşı halda idi. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Eyni zamandan iddiaçı məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, heyvana “Perbeks” adlı iynə vurmuşdur və qeyd olunan iynə qızdırma üçün deyil. Heyvanın mədəsində problem olduğuna görə ona həmin iynəni vurmuşdur. Məhkəmə iclasında cavabdeh iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, o, heyvanı fevral ayının ayının 6-sı axşam evinə gətirib. Ayın 8-i səhər saatlarına zəng vurub iddiaçıya bildirmişdir ki, heyvan xəstədir. Elə həmin gün də heyvan ölmüşdür. İddiaçı ona xəstə heyvanı satıb. O, heyvanı alanda sağlam və xəstə olduğuna baxmamışdır, çünki onunbu barədə anlayışı yoxdur. Heyvan xəstə olduğundan iddiaçı ona bağırsağına görə iynə də vurub. O özü heyvana iynə vurmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 06 fevral 2024-cü il tarixində Cavabdeh nisyə cöngə satmış, aralarında olan razılığa əsasən qeyd olunan heyvana görə cavabdeh iddiaçıya 2200 manat pul ödəməyi öhdəsinə götürmüşdür. 08 fevral 2024-cü il tarixində həmin heyvan tələf olmuşdur və hazırda iddiaçı nisyə satdığı heyvanın pulunu cavabdehdən tələb edir. İddiaçı isə satılmış heyvanın xəstə olması, eyni zamanda alınandan bir gün sonra ölməsi səbəbindən iddianı qəbul etmir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2. Faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.3. Qida məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 610-cu maddəsinə əsasən yazılı müqavilədə tərəflər bu Məcəllənin 609-cu maddəsində nəzərdə tutulan məsuliyyətin məhdudlaşdırılmasının xüsusi şərtləri barəsində razılığa gələ bilərlər. Həmin şərtlərə əsasən başlıca qüsurların olmamasına və ya müəyyən xassələrin olmasına təminat verilə bilər, qarantiya müddətləri uzadıla və ya qısaldıla bilər. Həmin Məcəllənin 611-cu maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Bu Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə nisyə heyvan satmasına dair ondan tələb etdiyi 2200 manat məbləğində pulun tutulması barədə iddiası əsassızdır. Belə ki, iddiaçının nisyə satdığı cöngənin onda olduğu zaman, heyvana narahat olduğu üçün “Perbeks” adlı iynəni vurmasını etiraf etməsi, bununla da nisyə satdığı malın həqiqətən da cavabdehə satılmamışdan əvvəl xəstə olması iddiaçının özünün izahatı ilə tasdiq olunur. Bundan əlavə iddiaçı tərəfindən heyvanın cavabdehə satılarkən sağlam olmasına dair dəlil və sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilən hallara məcmu halda qiymət verən məhkəmə bu nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış şifahi alqı-satqı müqaviləsi əsasında satılmış cöngə qarantiya müddəti ərzində tələf olmuşdur və satılmış heyvan qüsurlu olmuşdur. Belə olan halda isə, qüsurlu mala görə məsuliyyəti satıcı, yəni hazırki iş üzrə iddiaçı məsuliyət daşıyır. Bu səbəbdən iddiaçı hazırki iddianı irəli sürməkdə haqlı olmamışdır və iddiaçının cavabdehdən 2200 manat pul tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunmadığından dövlət rüsumu ilə bağlı tələb də təmin edilmməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunmasın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1091/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1091/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver