Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1092/2022 25.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 25 iyul 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin hüquqa zidd hərəkətlərinə son qoyulması, çıxarışın verilməsi ilə əlaqədar ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması vəzifəsinin qoyulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda olan 277 kv.m. torpaq sahəsi və həmən torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 66.8 kv. m olan yaşayış evinin tam mülkiyyəti hüququ ona məxsus olmuşdur. 15 ilə yaxındır ki, İ qrup ilə ağır xəstədir. Xəstəliyi ilə əlaqədar olaraq müalicə üçün ona məxsus 277 kv. m. torpaq sahəsinin 50 kv. m-ni özünə saxlamaq şərti ilə 227 kv m. sahəsini və 4 otaqlı, 66.8 kv m. olan evi tam şəkildə iş üzrə cavabdeh Xaçmaz şəhəri M.Ə.Sabir küçəsi, ev 8-də yaşayan Cavabdeh satmışdır. Alqı-satqı Xaçmaz şəhərində 1 saylı notariat ofisində qeydə alınmış, 23 fevral 2007-ci ildə AN-1№ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi (torpaq), 23 avqust 2007-ci ildə AN-1 №0087813 nömrəli daşmmaz əmlakın alqı-satqı müqaviləsi (ev) ilə rəsmiləşdirilmişdir. Bütün problemlər də məhz alqı-satqı müqaviləsi tərtib olunub qanuni qüvvəyə mindiyindən sonra yaranmışdır. Belə ki, iş üzrə cavabdeh qapılara qıfıl vuraraq, bütün mülkü zəbt etmiş və bildirmişdir ki, ona bu torpaqdan heç nə çatmır. Hətta cavabdeh 277 kv. m. sahənin tam ona məxsus olması barədə sənəd də almışdır. Bundan sonra 2011-ci ildə Xaçmaz rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdi. Xaçmaz rayon məhkəməsinin iş № 2(067)-78/2011 nömrəli qətnaməsi ilə iddiası qismən təmin edilmişdir. Qətnamədə bildirilmişdir: Cavabdeh adına verilmiş MA seriyalı, ******* nömrəli, **********7410301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 13 iyul 2008-ci il tarixli hüquqların qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda dəyişiklik edilsin. Daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh adına ünvan 2 ünvanda yerləşən 277,0 kv. m. torpaq sahəsinə mülkiyyət hüququna dair səhvən işlənmiş qeydiyyat çıxarılsın və cavabdehin adına notarial qaydada satın aldığı 227,0 kv. m. ölçüdə torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən yaşayış evinə dair vahid şəkildə yeni hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakm Dövlət Reyestrindən çıxarış sənədi verilsin. Həmən qətnamə xx.xx.2011-ci ildə qanuni qüvvəsini almışdır. xx.xx.2012-ci il tarixdə iş üzrə Cavabdeh adına MA seriyalı, № 034976, ********** qeydiyyat nömrəsi ilə DƏDRX tərəfindən ona məxsus 227,0 kv. m. torpaq sahəsi olan dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Bütün bunlardan sonra Xaçmaz rayon Məhkəməsi təqdim olunmuş təqdimata əsasən işə xitam verilməsi barədə iş Ka 8(067)-208/2012 iş üzrə qərardad vermişdir. Xəstəliyinin şiddətlənməsi səbəbindən müalicəci ilə əlaqədar bir müddət bu məsələdən kənarda qalmışdır. 2021-ci ilin avqust ayında mülkiyyətində olan 50 kv. m. torpaq sahəsinin sənədləşməsi üçün DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinə rəsmi surətdə müraciət etmişdi. Adı çəkilən idarənin əməkdaşı tərəfindən Cavabdeh ünvana dəvət olunsa da, onun tərəfindən hörmətsizlik edilərək, ünvana gəlməmiş, bununla da daşınmaz əmlakın müayinəsi baş tutmadığından, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmadığından imtina edilmişdir. Cavabdeh bütün torpağı zəbt etməklə onun mülkiyyətinə sahiblik hüququnu pozmuşdur. İş üzrə iddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin hüquqa zidd hərəkətlərinə son qoyulması, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 92 saylı evdə DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi tərəfindən çıxarışın verilməsi ilə əlaqədar ölçü işlərinin aparılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, torpağı alarkən 48 sot zəbt edilmiş torpaq sahəsi olmuşdur. Çıxarış almaq istəyərkən ona təklif etmişlər ki, həmin torpağı da alqı-satqı etsin. O da həmin 48 sot torpaq sahəsinə dair alqı-satqı edərək çıxarış almışdır. Mübahisəli ərazi onun mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1998-ci il tarixli 26 nömrəli sərəncamdan çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri N.Nərimanov küçəsi 92 saylı evdə yaşayan X1 öz şəxsi həyətyanı sahəsində 10x4,5 kv.metr ölçüdə şəxsi mağaza tikintisinə icazə verilmişdir. İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********21-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 3 ünvanında 0,0227 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 66,8 kv.metr yaşayış, 21 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı ******* nömrəli, xx.xx.2012-ci il qeydiyyat tarixli, **********30-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 4 ünvanında 0,0265 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı, 66,8 kv.metr yaşayış, 21 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 24 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iclasları zamanı iddiaçı tərəfə mübahisə predmeti olan əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədi təqdim etməsi təklif olunsa da, iddiaçı tərəf bu sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı tərəf mübahisə predmeti olan əmlak, yəni Xaçmaz şəhəri N.Nərimanov küçəsi ev 92-yə mülkiyyət hüququnu təsdiqləyən sənədi məhkəməyə təqdim etməmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda göstərilir ki, daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Məhkəmə iclasında iddiaçıya qeyd olunan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsinə cavabdeh tərəfindən maneələrin törədilməsini təsdiq edəcək sübut təqdim etməsi təklif olunsa da, iddiaçı sübut təqdim etməmişdir. Həmçinin iş materiallarında cavabdeh tərəfindən iddiaçının hər hansı hüququnun məhdudlaşdırılmasını təsdiq edən sənəd yoxdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı maneələrin aradan qaldırılması və sair tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1092/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1092/2022
25.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver