Məhkəmə qərarları › İş №2(067)-1127/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1127/2021

04.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1127/2021 04.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia üzrə mülki işə 04 iyun 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2595,18 manat məbləğində pulun və rüsum kimi ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq Cəmiyyətin bank hesabına ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31.10.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 ayldıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 10.12.2018-ci il tarixdə 557-k saylı əmrlə vəzifəsindən azad olunmuşdur. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 04.09.2018-ci il tarixdə Oba-Y.Günəşli 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 04.09.2018-ci il tarixli «İnventarizasiya nəticələrinə» dair akta əsasən 3666.25 manat məbləğində zərər vurması məlum olmuşdur. Ümumi borcdan 633,88 manat güzəşt edilmiş və 437,19 manat vəsait isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Qalıq borc olan 2595,18 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək iddiaçının iddia tələbinə iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı cavabdeh mübahisəyə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMC iş üzrə iddia müddətini qeyd olunanlara əsasən ötürmüşdür. İddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddia ərizəsi 16 mart 2021-ci il tarixdə məhzkəməyə daxil olmuşdur. İş materiallarında olan 16 dekabr 2020-ci il tarixli arayışdan müəyyən olunur ki, 24.09.2018-ci il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 3665.25 manat çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 633.88 manat Cəmiyyət tərəfindən güzəşt edildiyi məbləğlə və 437.19 manat hissəsi isə şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şəxsin şirkət qarşısında 2595.18 (3666.25-1071.07) manat borcu qalmışdır. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31.10.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 ayldıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 10.12.2018-ci il tarixdə 557-k saylı əmrlə vəzifəsindən azad olunmuşdur. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəf iddia ərizəsində istinad etdiyi maddi sərvətlərin cavabdehin öhdəliyinə verilməsini təsdiq edəcək sübutları, həmçinrin cavabdehin əmək funksiyasında (satıcı-kassir) həmçinin maddi sərvətlərə görə cavabdehlik daşımasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən fərdi əmək mübahisələrinin həllində iddia müddətləri:

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti 1 il olduğundan, qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə 1 illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti 1 il olduğundan, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, həmçinin iddianı təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar