Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1140/2023 17.05.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2006-cı il X4 və xx.xx.2009cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün, müəyyən olunmuş alimentin miqdarının artıraraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğinin müəyyən edilməsi, tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, kəsilən aliment uşaqların xərclərinə yetmir. Artıq hər şey bahalaşıb. Çətindir dolanmaq. Təyin olunmuş aliment isə uşaqların xərclərini heç qarşılamır. Üstəlik sağlamlıqlarında da problem var. Hazırda ikisinin də dişlərini düzəltdirir. İkisi də qız uşağıdır, onların xərcləri daha çoxdur. Qızının birini 9-cu sinifdən çıxarıb, çünki qızı özü dedi ki, onun marağı salonadır. Yəni saç ustalığını istəyir. Bu sahəni öyrənmək istəyirdi. Bunu nəzərə alıb və onu praktikaya göndərmişdir ki, bu sahəni öyrənsin. Qızı hazırda işləmir, onsuz 18 yaşdan aşağı işləməyə icazə də yoxdur. Sadəcə ustanın yanında bu işi öyrənir. İndi elə bir dövrdür ki, hər bir sahə üçün diplom və ya sertifikatlar tələb edirlər. O, da qızına dəstək olmaq istəyir. İstəyir ki, onu Bakıda daha yaxşı ustaların yanına göndərsin. Bunun üçün də dəstək lazımdır. Heç qızının telefonu belə yox idi. Bu işə görə telefon gərəklidir. Orada əl işlərinin şəkillərini çəkməlidir və s. Buna görə də gedib bacısının adına ayda 64 manat ödəməklə kredit almışdır. Göründüyü kimi aliment bəs eləmir. Əslində 220 manat aliment ödəməlidir, amma cavabdeh ayda 200 manat ödəyir. Bu 200 manat onların sadəcə 10 günlük xərclərinə bəs edir. O, özü ev də tikdirir. Çünki yaşadığı ev çox köhnədir. Özü çox çətinliklə yaşamışdır. İstəmir ki, qızları da çətinlik içində böyüsünlər. Onların ikisinə də sənət, diplom vermək istəyir. Bunun üçün ataları da köməklik etməlidir. Qışda qızının geyinəcək kurtkası yox idi. Atası ona bir kurtka belə almadı. Uşaq 1 ay soyuqda məktəbə kurtkasız getdi. Buna görə hətta xəstələndi. Axırda o, özü gedib yalvarıb, nisyə ilə kurtka alıb. O, gecəni gündüzünə qatıb çalışır. Cavabdeh də atalıq vəzifəsini yerinə yetirməlidir. O da gecə-gündüz çalışıb alimenti ödəsin. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddiaçının dedikləri ilə də razılaşmır. Çünki iddiaçı yalan danışır. O, ata kimi hər şeyi edib. Qızlarına kurtka da alıb, dişləri üçün də pulu o, verib, xəstələnən zaman dərmanlarını da özü alır. Onun gəlir yeri yoxdur. Əgər iddiaçı uşaqlara baxa bilmirsə, uşaqları versin özü baxar. Çünki əlindən başqa köməklik gəlmir. Uşaqlar heç onu görmək istəmirlər. Ondan qaçırlar. Dediyi kimi, onun maddi imkanı daha çox aliment ödəməyə yetmir. Aliment məbləğinin dəyişdirilməməsini, olduğu kimi qalmasını xahiş edir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdehdən iki uşağın yetkinlik yaşına çatana kim saxlanılması üçün cəmi 220 manat məbləğində aliment pulu alınaraq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin əvvəlki qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin maddi və ailə vəziyyətlərini, hər iki valideynin işləməsini, iddiaçının cavabdehdən daha artıq məvacib almasını, yetkinlik yaşına çatmayan uşağın yaşını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, tərəflərin müntəzəm gəlirinin olmasını nəzərə alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1711/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat cəmi 350 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-1140/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1140/2023
17.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver