Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1158/2022 20.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1122 manat məbləğində ziyanın, texniki müayinə ilə bağlı ödənilmiş 30 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə, saat 14-30da o, özünə məxsus “Mersedes-Benz” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhəri, M.Ə.Rəsulzadə küçəsində hərəkətdə olarkən həmin vaxt ünvan 1 ünvanda Cavabdeh, Quba şəhəri, Şəhriyar küçəsində hərəkətdə olarkən Şəhriyar küçəsi ilə Rəsulzadə küçələrinin kəsişmə yeri qarşısında olan “dayanmadan keçmək qadağandır” nişanına riayət etməyərəkyol hərəkəti qaydasını pozaraq dayanmadan M.Rəsulzadə küçəsinə keçərək avtomobillərin toqquşmasına səbəb olan yol- nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmışdır. Həmin fakt Quba RPŞ-nın polis mayoru Sərrafi Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla və İXP ******* saylı İnzibati Xəta haqqında protokolla və həmin protokolla əlaqəli yol-hadisəsinin sxemi ilə təsdiq olunur. Hazırki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 805 nömrəli ziyan aktından və həmin aktla əlaqəli mədaxil qəbzdən göründüyü kimi ona məxsus “Mersedes-Benz” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1122 manat ziyan dəymişdir. Texniki müayinə üçün ödənilmiş 30 manat məbləğində xidmət haqqı hesablanmışdır. Məhkəmə iclasında iddiaçı X1 iddianı müdafiə edərək bildirmişdir ki, 03 mart 2021-ci il tarixdə Quba şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə öz avtomaşınında hərəkətdə olarkən “Opel” markalı avtomaşının sürücüsü olan cavabdeh onun avtomaşınını vurub və hadisə yerindən qaçıb gedib. O, orada axşama qədər cavabdehin hadisə yerinə gələcəyini gözləsə də, o, gəlib çıxmadı, məcbur olub polisə məlumat vermişdir. Quba RPŞ-nin əməkdaşı Nail Əliyev faktla bağlı izahatını aldı, müşahidə kameraları ilə hadisəni cavabdehin törətdiyi müəyyən olundu və ona zəng olunaraq polisə dəvət olundu, lakin cavabdeh yas yerində olduğunu, sonradan gələcəyini dedi. Lakin cavabdeh müxtəlif bəhanələrlə gəlməkdən yayındı və hazırkı vaxtadək avtomaşınına dəymiş ziyan ödənilməmiş qalıb. Ona görə də cavabdehdən avtomaşınına vurduğu ziyana görə pul tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, Qığılcım MMC-i tərəfindən verilmiş ziyan aktından müəyyən olunur ki, “Mersedes-Benz” C 200 markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilin aşağıda qeyd olunan ehtiyat hissələr yararsız vəziyyətə düşdüyü üçün dəyişdirilmiş və işlər görülmüşdür: Saffa 70 manat, üst çaşka 45 manat, tiyaqa orta bütöv 87 manat, ABS-nin datçiki 30 manat, diski 100 manat, təkər 70 manat, fara 140 manat, dönmə nişanı 15 manat, bufer 25 manat, alt dumanlılar 30 manat, dəmirçi işi 200 manat, boya işi 200 manat, avtoçilingər işi 90 manat, avtorazval işinə 20 manat, cəmi 1122 manat vəsait xərclənmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 21 aprel 2021-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, “Mersedes Benz C200” markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomaşına keçirilmiş texniki baxışa və qiymətləndirilməsinə görə 30 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib olunmuş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İXMnin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh oğluna 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir İş materiallarında olan xx.xx.2022-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən müəyyən olunur ki, İddiaçı 32 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 1122 manat məbləğində ziyanın, texniki müayinə ilə bağlı ödənilmiş 30 manat pulun və ödənilmiş 32 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1158/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1158/2022
20.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver