Məhkəmə qərarları › İş №2(067)-116/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-116/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-116/2021 05.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X7, İddiaçı, Cavabdeh Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı pul və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə 05 may 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 verdiyi 20000 manat dəyərində olan qızıl zinət əşyalırının və ya onların dəyərinin, 800 manat məbləğində pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, hüquqi yardıma görə ödədiyi 20 manat məbləğində pulun Cavabdeh1 alınaraq ona verilməsi, Cavabdeh2 verdiyi 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin dekabr ayında və sonra müxtəlif vaxtlarda Cavabdeh1 ondan cəmi 20000 manat dəyərində olan qızıl zinət əşyaları almışdır. Həmin qızılları alan zaman o bildirmişdir ki, bacısına toy edir, qızılların bir hissəsini bacısı üçün alır, qalan qızılları isə satıb 1 ay müddətində ona qaytaracaqdır. Cavabdeh1 verdiyi qızıl zinət əşyaları bunlardır: RF istehsalı olan 583 əyarlı 36 qram çəkidə qaşlı qızıl gəlinlik dəsti (qolbaq, sep, sırğa, üzük) 2000 manat, RF istehsalı olan 583 əyarlı 30 qram çəkidə kordinal sep 2100 manat, RF istehsalı olan 583 əyarlı 16 qram çəkidə kordinal sep 1000 manat, kişi üzüyü, kulon, tac üzük 400 manat, İtaliya istehsalı olan 750 əyarlı 2 qram çəkidə qızıl dəst (üzük, sırğa) 1000 manat, RF istehsalı olan 583 əyarlı brilyant qaşlı qızıl üzük 800 manat, RF istehsalı olan 583 əyarlı qızıl barmaqça 700 manat, RF istehsalı olan 583 əyarlı qızıl qırmızı qaşlı üzük 200 manat, RF istehsalı olan 583 əyarlı 4 qram çəkidə uşaq qolbağı 200 manat, RF istehsalı olan 583 əyarlı 30 qram çəkidə qaşlı qızıl gəlinlik dəsti (qolbaq, sep, sırğa, üzük) 1500 manat, 35 qram çəkidə tros sep 2200 manat, 20 qram çəkidə sep, qolbağ 1200 manat, göy qaşlı komplekt 700 manat, 15 qramlıq sep 1000 manat, tək qaşlı uşaq sırğası 200 manat, üzük 120 manat, komplektdən qalan 300 manat, «şəbəkə» zənbil sırğalar 750 manat, 5 qaşlı tac üzük 300 manat, 3 qaşlı üzük 300 manat, 2 qramlıq sep 150 manat, qolbaq, üzük 600 manat və 800 manat. Həmin qızılları dəfələrlə cavabdehdən tələb etsə də, o müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Lakin sonradan bilmişdir ki, Türkan ona verdiyi qızılların bir hissəsini Xaçmaz şəhərində yerləşən «Para» bankına girov qoyub borc pul almış, qalan hissəsini isə müxtəlif yerlərdə satıb pulu ilə özünə avtomobil almışdır. 2019-cu ilin yanvar ayında Türkan banka girov qoyduğu qızılları geri almaq üçün 4000 manat pul istəmiş lakin ona 800 manat pul vermişdir ki, ödəniş edib qızılları bankdan alıb ona qaytarsın. Türkan ona bildirmişdir bu pulla qızıllar qaytarılmır. Türkan yenidən ondan 1000 manat pul istəmiş, lakin o Türkanın hərəkətlərinə şübhə ilə yanaşdığı üçün bildirmişdir ki, 1000 manatı bankda işləyən Cavabdeh2 verəcəkdir. 2020-ci ilin yanvar ayında 1000 manat pulu Cavabdeh2 vermişdir. Həmin vaxt Elçin ona bildirmişdir ki, pulu bankın kassasına ödəyib, girov qızılları çıxarıb ona verəcəkdir. Lakin hazıra kimi Elçinə verdiyi pulu geri ala bilmir və qızılları da bankda qalmışdır. Bu barədə «Para» bankın müdirinə müraciət etmiş, lakin heç bir nəticəsi olmamışdır. 1000 manat pulu Elçindən ala bilmir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçıdan 800 manat pul almış və qaytarmışdır, lakin qaytarmasını təsdiq edəcək sübutu yoxdur. Əlavə olaraq bildirmişdir ki, iddiaçıdan əvvəllər qızıl alıb pulunu da ödəyib. Lakin iddia ərizəsində qeyd olunan qızılları heç vaxt iddiaçıdan almayıb. Hazırda isə onun iddiaçıya borcu yoxdur. İddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən digər Cavabdeh2 bildirmişdir ki, iddiaçıdan 1000 manat pul alıb, sonra da həmin pulu Türkana verib. Hesab edir ki, 1000 manat pulu da Türkan Bibixanıma ödəməlidir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X9 izahatında göstərmişdir ki, iddiaçı onun yanında Cavabdeh1 qızıl üzük, sep verib. Lakin o, həmin qızıl əşyalarını dəqiq görməyib. Əvvəlki məhkəmə iclasında şahid qismində ifadə verən X5 izahatında göstərmişdir ki, Bibixanıma 7000 manat dəyərində mal (qızıl) vermişdir. Bibixanım ondan aldığı qızılları Türkana satmaq üçün vermişdir. Türkan isə qızılları banka girov qoyduğunu bildirmişdir. İddiaçı Türkanın özünə 1000 manat verib, onun yerinə banka əlavə 1000 manat da verib. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 27 mart 2020-ci il tarixli qərardan müəyyən olunur ki, X2 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyatı üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Cavabdeh1 izahatında bildirmişdir ki, Bibixanım Məmmədovanın qızıl zinət əşyalarını banka girpov qoyaraq pul götürmüşdür. Bu səbəbdən də Bibixanım onun banka olan borcundan 400 manat ödəmiş və əlavə olaraq 400 manat da cərimə ödəmişdir. Lakin hazırda maddi imkanı olmadığından Bibixanımın borcunu qaytara bilməmişdir. Cavabdeh2 isə izahatında göstərmişdir ki, Cavabdeh1 onun işlədiyi bankda müştəri olmuş və Türkan qeyd olunan bankdan pul götürdüyü üçün aylıq məvacib ödəmişdir. Bundan başqa Cavabdeh1 ona zəng edərək Bibixanımın banka pul ödəyəcəyini, həmin pulu saxlamasını və özü gəlib götürəcəyini bildirmişdir. Bundan bir qədər sonra Bibixanım gətirərək pulu ona vermiş, sonradan Türkan gələrək pulu ondan götürmüşdür. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iddia ərizəsində göstərilən 6 adda qızıl zinət əşyalarının nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi ödəyəri təxminən 8890,0 manat müəyyən edilir. 15 adda qızıl zinət əşyasının əyarı və çəkisi barədə məlumat olmadığından qiymətləndirmə aparılmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh1 800 manat məbləğində pulun qaytarılmasına, Cavabdeh2 isə 1000 manat məbləğində pulun qaytarılmasına dair iddiaçı qarşısında öhdəliklərinin mövcud olduğu təsdiq olunur. Bundan başqa iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 iddiaçıdan 800 manat borc aldığını etiraf etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında Cavabdeh2 da iddiaçının ona 1000 manat pul verməsini etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1 800 manat və Cavabdeh2 1000 manat məbləğində pul alınaraq X3 verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 5 manatı Cavabdeh1, 5 manatı isə Cavabdeh2 alınaraq iddiaçıya ödənilsin. 20 manat isə iddiaçıya aid edilsin. Hüquqi yardıma görə ödənilmiş 20 manat pulun 5 manatı Cavabdeh1, 5 manatı isə Cavabdeh2 alınaraq iddiaçıya ödənilsin. 10 manatı isə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul X1 alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar