Məhkəmə qərarları › İş №2(067)-1167/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1167/2022

28.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1167/2022 28.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 və Cavabdeh Sakir oğlunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Sakir oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin 2(067)-2991/2018 saylı, 20 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh Sakir oğlundan azyaşlı uşaqları, 22 aprel 2012-ci il təvəllüdlü Banuçiçəyin və 19 mart 2015-cı il təvəllüdlü İbrahimin yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarının artıraraq hər ay hər bir uşaq üçün 193 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 2991/2018 saylı qətnaməsi ilə Cavabdeh Sakir oğlundan 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 10 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşaqların maddi tələbatını ödəmir. Ölkədə inflyasiya getmiş bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin yüksək məbləğdə aliment ödəməyə qadirdir. Cavabdeh hərbiçidir və yüksək qazanc əldə edir. O, özü isə heç bir yerdə işləmir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X6 iddia tələbini müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-2991/2018 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulması qət edilib. Cavabdeh həmin alimenti ödəsə də, bu məbləğ uşaqların saxlanılması üçün kifayət etmir. Ona görə ki, ölkədə inflyasiya ilə əlaqədar qiymətlər bahalaşıb, uşaqların ehtiyaclarını ödəməkdə iddiaçı çətinlik çəkir. İddiaçınn maddi vəziyyəti ağırdır. Cavabdeh isə uşaqları saxlamaqda iddiaçıya əlavə köməklik etmir. Ona görə də iddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-2991/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər bir uşaq üçün 193 manat sabit məbləğdə alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Uşaqların hər ikisi iddiaçı ilə qalır. İddiaçı heç yerdə işləmir. Cavabdeh müddətdən artıq hərbi qulluqçudur və kifayət qədər əmək haqqı alır, lakin onun dəqiq gəlirləri barədə məlumatı yoxdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Sakir oğlunun nümayəndəsi X7 iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-2991/2018 saylı qətnaməsi ilə oğlu olan cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat alimentin tutulması qət edilib. Oğlu hər ay alimenti ödəyir. O, DİN-nin Daxili Qoşunlarının hərbi hissəsində xidmət edir və ayda 676,32 manat məvacib alır. Ona görə də oğlu müəyyən edilmiş alimentin miqdarının hər uşaq üçün 20 manat, cəmi 40 manat artırılmasına etiraz etmir, bundan artıq aliment ödəmək iqtidarında deyil. Çünki o öz evini də satıb iddiaçı üçün ev almış, əksinə hazırda onların şəraiti yaxşı deyil. Oğlunun başqa gəlirləri, qazanc yeri yoxdur. Hazırda oğlu hər uşaq üçün ayda əlavə olaraq 20 manat, cəmi 40 manat aliment ödəməyə etiraz etmir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)- 2991/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh Sakir oğlundan 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 10 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Tərəflərin izahatlarından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2991/2018 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh Sakir oğlundan 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 10 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət olunmuşdur. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay hər uşaq üçün sabit pul şəklində 193 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2991/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Sakir oğlundan 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ərizənin verildiyi tarixdən, yəni 10 avqust 2018-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində hər bir uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh Sakir oğlunun maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 240 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Sakir oğlundan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(067)-2991/2018 saylı qətnaməsinə əsasən Cavabdeh Sakir oğlundan 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. 22 aprel 2012-ci il təvəllüdlü X2 və 19 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh Sakir oğlundan İddiaçı xeyrinə hər ay hər uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar