Məhkəmə qərarları › İş №2(067)-1178/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1178/2022

23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1178/2022 23.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1- ***-**** saylı Kredit (Restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2684,50 manat əsas borc, 21,81 manat cari faiz borcu olmaqla, cəmi 2706,31 manat məbləğində borcun və 48 manat ödənilmiş dövlət rüsumunun tutularaq ləğv prosesində olan "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh1 arasında 11 oktyabr 2019-cu il tarixli KHAC1- 541-2161 saylı Kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 2 994.58 (iki min doqquz yüz doxsan dörd) manat məbləğində güzəştli kredit vermişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 11 oktyabr 2019-cu il tarixli KHAC1-541-2161+KHAC1-8662 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Tərəflər arasında imzalanmış ödəniş qrafiki ilə kreditin qaytarılması günləri və annuitet məbləği müəyyən etmişdir. Borclu ödəniş qrafıkinə əsasən ilk 12 (on iki) ay ərzində hər ay 3.00 (üç) manat, növbəti 48 (qırx səkkiz) ay ərzində isə hər ay 63.70 (altmış üç manat 70 qəpik) manat ödəniş etməli idi. Lakin, borclu kreditor qarşısında ödəniş qrafıkində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini pozmuşdur. Tərəflər arasında bağlanmış Kredit Müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında “Kredit verən” birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Beləliklə, 23 fevral 2022-ci il tarixi üçün Cavabdeh1 xx.xx.2019-cu il tarixli KHAC1-541-2161 saylı Kredit (Restrukturizasiya) müqaviləsi üzrə 2 684.50 manat əsas borcu, 21.81 manat cari faiz borcu olmaqla, cəmi 2 706.31 manat borcu mövcuddur. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq Kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 5.2-ci maddəsinə görə, Müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi, qismən icra edilməsi və ya lazımınca icra edilməməsi halında bu Müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə 0,1%-indən çox olmamaqla dəbbə pulunu tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il Qərarında qeyd edilir ki: “Öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Bu vasitənin xüsusiliyi ondan ibarətdir ki, o, həm də mülki-hüquqi məsuliyyət tədbiridir. Lakin mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Başqa sözlə, borclu öhdəliyin pozulmasına görə məsuliyyət daşımadıqda, kreditor dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malik deyil. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılaraq təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı TBC Kredit BOKT MMC-nin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, cavabdehə illik 1 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 2994,58 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən müəyyən edilir ki, Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan maliyə arayışından müəyyən edilir ki, cavabdehlərin kreditora 2684,50 manat əsas, 21,81 manat faiz borcu vardır. İş materiallarında olan bildirişdən müəyyən edilir ki, cavabdehə borclu olduğu məbləği ödəməsi üçün rəsmi xəbərdarlıq olunmuşdur. İş materiallarında olan müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 48 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından "xxxx" BOKT MMC ilə cavabdehlər arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, "xxxx" BOKT MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit sazişi üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir və cavabdehlər iddiaçı "xxxx" BOKT MMC qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1- ***-**** saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2684,50 manat əsas borc, 21,81 manat cari faiz borcu olmaqla, cəmi 2706,31 manat məbləğində borc və 48 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 ilə "xxxx" BOKT MMC arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli KHAC1- ***-**** saylı Kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 2684,50 manat əsas borc, 21,81 manat cari faiz borcu olmaqla, cəmi 2706,31 manat məbləğində borc və 48 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar