Məhkəmə qərarları › İş №2(067)-1194/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1194/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1194/2021 03.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2689.65 manat məbləğində əsas borc və 392.24 manat məbləğində faiz borcu olmaqla, cəmi 3081,89 manat məbləğində kredit borcunun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borclu Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli,300804-815876/2 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borclu müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh 23.02. 2021-ci il tarixli arayışa əsasən banka 2689.65 manat məbləğində əsas borc və 392.24 manat məbləğində faiz borcu olmaqla, cəmi 3081,89 manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, nümayəndələri ərizə ilə məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasına dair ərizə göndərmişdir. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə bağladığı 17.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 manat məbləgində kredit verilmişdir. Maddi imkanı olmadığına görə borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda onun 2689,65 manat məbləğində əsas borc, 392,24 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 3081,89 manat məbləğində borcu vardır. Borcunu ödəməyə etiraz etmir, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilmir, imkanı olan kimi krediti tam ödəyəcəkdir. Göstərilənlərə əsasən cavabdeh iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli,300804-815876/2 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh 23.02.2021-ci il tarixli arayışa əsasən İddiaçı ASC-yə borcu 2689.65 manat əsas borc və 392.24 manat məbləğində faiz borcu olmaqla, cəmi 3081,89 manat təşkil edir. İş materiallarında olan 03.07.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10.03.2021-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı ASC cavabdehə qarşı iddia tələbi ilə əlaqədar cəmi 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında Mülki Məcəllənin göstərilən müddəaları baxımından (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə qanunvericiliyin qeyd edilən müddəalarını rəhbər tutmaqla, işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış 17.01.2020-ci il tarixli,300804-815876/2 saylı kredit müqaviləsi üzrə Cavabdeh müqavilə öhdəliklərini yerinə yetirmədiyi tam sübuta yetirilir. Ona görə də, iddia təmin edilərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2689.65 manat məbləğində əsas borc və 392.24 manat məbləğində faiz borcu olmaqla, cəmi 3081,89 manat məbləğində kredit borcu və ödənilmiş 30,40 manat dövlət rüsumu tutulmalıdır. Sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 2689.65 (iki min altı yüz səksən doqquz manat, altmış beş qəpik) manat məbləğində əsas borc və 392.24 (üç yüz doxsan iki manat, iyirmi dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3081,89 (üç min səksən bir manat, səksən doqquz qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar