Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-120/2025 17.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Baxsay oğlunun ona borclu olduğu 39500 (otuz doqquz min beş yüz) manat pulun və dövlət rüsumu kimi ödədiyi 208.50 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh Xaçmaz rayonu Çınartala kənd sakini Cavabdeh Baxsay oğlunu uzun müddətdir ki, tanıyır. Onu tanıdığı müddət ərzində aralarında yaxşı münasibətləri olmuşdur və ona qarşı etibarı yaranmışdır. Onunla 5 ilə yaxındır ki, iş birliyi qurub, Xaçmaz rayon ərazisində yaşayan kənd sakinlərindən meyvə yığıb satması üçün ona Moskva şəhərinə göndərmişdir. 2022-ci ilə qədər aralarında olan alqı-satqıdan qazandıqları pulları şəffaflıqla bölüşdürmüşlər. 2022-ci ilin yay mövsümündə ötən illərdə olduğu kimi yenə də Xaçmaz rayon sakinlərindən, şirkətlərdən neftarin şaftalı, alma meyvələrini toplayıb özündə olan qeydiyyat dəftərində hər bir meyvənin dəyərini göstərməklə maşınlara yükləyib Moskva şəhərinə cavabdehə satması üçün göndərmişdir. O, isə satdığı meyvələrin pulunu vaxtı-vaxtında qaytarmış və həmən pulun müqabilində o yenidən meyvə yığaraq maşınlarla cavabdehə göndərirmişdir. Həmin mövsümün avqust ayının əvvəllərində sonuncu dəfə 2 maşın şaftalı göndərmiş və yekun olaraq cavabdeh ona göndərdiyi meyvələrdən sataraq 39500 manat pul borclu qalmışdır. Odur ki meyvələri göndərdiyi vaxtdan bu günə qədər onunla telefon əlaqəsi yaradaraq danışsa belə pulun ödənilməsini tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan boyun qaçırırdı. Bu günə qədər səbrli olub hər vasitə ilə cavabdehi yanına çağırıb pulunu tələb etmək istədikdə buna nail ola bilməmişdir. Belə ki, cavabdehin ona borclu oilduğu 39500 manat pulun ona qaytarmaması barədə Xaçmaz rayon PŞ-nə ərizə ilə müraciət etmiş və Xaçmaz rayon PŞ-nə çağrılmış şahidlərdə təsdiq etmişlər ki, həqiqətəndə nisyə alınmış şaftalının pulunu şəxsi maşınını sataraq kənd sakinlərinin pullarını ödəmişdir. Xaçmaz rayon PŞ-dən ona rəsmi qaydada məktub verilərək bildirilmişdir ki, müraciət mülki xarakterli olduğundan adiyatı üzrə məhkəməyə müraciət etmə hüququ vardır. Cavabdeh ona borclu olduqu 39500 manat pulu könüllü vermədiyi ücün məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, cavabdehlə razılığa gəlməmişlər. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı ilə razılıq əldə etməmişlər. İddiaçıya 30000 ABŞ dolları, yəni 51000 manat pul göndərmiş, 10000 manat da sonra sərf etmişdir. Cəmi 61000 manat pul edir. Xaçmaz RPŞ-də izahat verərkən demişdir ki, borcu varsa ödəyəcək. Borcu yoxdur demiş, təzyiq etmişlər. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə və Cavabdeh ilə bağlı müraciəti mülki xarakterli olduğundan mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməklə toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Sorğuya əsasən alınmış Xaçmaz RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş İddiaçı müraciəti üzrə aparılmış araşdırmaya dair Əzizov X1 RPŞ-də verdiyi izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir ki, tanıyır və onunla aralarında heç bir ədavətləri olmamışdır. Əvvəllər Vüqar ilə birlikdə Rusiya Federasiyasına meyvə göndərirmişlər. İddiaçı Azərbaycandan Rusiya Federasiyasına meyvələri göndərir, o, isə Moskva şəhərində həmin malları satmışdır. Bu proses uzun müddət davam etmişdir. 2022ci ilin yay aylarında Vüqar ona 2 tır şaftalı göndərmişdir. O, həmin şaftalıları satmışdır. Həmin vaxt şaftalıların pulunu 30000 dollar pulu Vüqara göndərmişdir. Lakin sonradan burada olan borclara görə 10000 manata yaxın pul xərcləmişdir. Hal-hazırda isə Vüqar onun barəsində şikayət etmişdir ki, onun 39500 manat borcu qalmışdır. Onun İddiaçı qalan 39500 manat borcunu məhkəmə qərarı əsasında imkanı olacağı təqdirdə qaytaracağına söz verir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 208.50manat rüsum ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə Cavabdeh polis şöbəsində izahat verərkən, İddiaçı 39500 manat pulun borclu qalmasını və məhkəmə tərəfindən qətnamə qəbul edilərsə, həmin pulun ödənilməsini, lakin hazırda həmin izahatı təkzib etməsinə tənqidi yanaşaraq, hesab edir ki, cavabdehin polisdə verdiyi izahatı təkzib etməsi məsuliyyətdən kənarda qalmaq məqsədi daşıyır və onun iddiaçıya 39500 manat pulun borclu olması sübuta yetirilir. Belə olan halda, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə istinanəd iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq, iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Baxsay oğlundan 39500 manat məbləğində pul və 208.50 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-120/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-120/2025
17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver