Məhkəmə qərarları › İş №2(067)-1208/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1208/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1208/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Cavabdeh Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə bağlanmış 0311AMR200580001 saylı 27.02.2020-ci il tarixli Kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada kreditor İddiaçı ASC-nin xeyrinə 6599,83 manat əsas borcu, 1101,44 manat faiz borcu, 16,71 manat penya, cəmi 7717, 98 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 0311AMR200580001 saylı 27.02.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh2 24 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 7.000 manat məbləğində nəğd kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 arasında 27 fevral 2020-ci il tarixli 013FİZAM04341003 sayı zaminlik müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən, o kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün öz üzərinə götürmüşdür. 13 may 2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında 0131AMR201340001 saylı restrukturizasiya razılaşması imzalanaraq kreditin son icra müddəti 13 may 2022-ci il müəyyən edilmişdir. Borcluların İddiaçı ASC-nin xeyrinə 6599,83 manat əsas borcu, 1101,44 manat faiz borcu, 16,71 manat penya, cəmi 7717, 98 manat məbləğində borcu vardır. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, iddia ərizəsi məhkəməyə daxil olarkən ərizəyə əlavə olunmuş hesabdan çıxarışa əsasən onun borcu 25.01.2021-ci ilədək hesablanmışdır. Lakin o, həmin tarixdən sonra Banka 200 manat ödəniş etmiş və həmin ödənişi ümumi borcundan çıxılmasını xahiş etmişdir. İddianın qalan hissədə təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etməmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi iddia ərizəsi məhkəməyə daxil olarkən cavabdehin borcu 25.01.2021-ci il tarixədək hesablandığını təsdiq etmiş və cavabdehin 200 manat ödəniş etməyini təsdiq edən yeni hesabdan çıxarışı məhkəmə təqdim etmişdir. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan "İddiaçı” ASC ilə Cavabdeh2 arasında bağlanmış 0311AMR200580001 saylı 27.02.2020-ci il tarixli Kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 7.000 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada kreditor İddiaçı ASC-nin xeyrinə 6599,83 manat əsas borcu, 1101,44 manat faiz borcu, 16,71 manat penya, cəmi 7717, 98 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC Quba filialından verilmiş 26.04.2021-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 26.02.2021-ci il tarixdə 100 manat və 31.03.2021-ci il tarixdə 100 manat kreditə görə ödənilmiş əsas kredit borcunu ödəmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 ilə bağlanmış 031İAMR200580001 saylı 27.02.2020-ci il tarixli Kredit müqaviləsi ləğv edilsin; Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada kreditor İddiaçı ASC-nin xeyrinə 6399,83 (altı min üç yüz doxsan doqquz manat səksən üç qəpik) əsas borcu, 1101,44 (min yüz bir manat qırx dörd qəpik) faiz borcu, 16,71 ( on altı manat yetmiş bir qəpik) penya, cəmi 7517, 98 ( yeddi min yeddi yüz on yeddi manat doxsan səkkiz qəpik) borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar