Məhkəmə qərarları › İş №2(067)-1250/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1250/2024

28.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1250/2024 28.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı1 nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı “miras əmlak paylarından cavabdehin xeyrinə imtina edilməsinə görə kompensasiya ödəmə öhdəliyinin icrası tələbi”nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras əmlaklar (Xaçmaz rayon, Qaracik-Zeyid kəndində X1 adına qeydə alınmış (əsas 184 reyestr nömrəli qeydiyyat vərəqəsi və texniki pasport) fərdi yaşayış evi və "Torpağa mülkiyyət hüququna dair” JN:0001 kod 30206058 Dövlət Aktına əsasən verilmiş 1,23 ha pay torpaq sahəsi) üzrə paylarından, miras şərikləri tərəfindən, cavabdehin xeyrinə imtina edilməsinə görə Cavabdeh tutularaq iddiaçılara, o cümlədən İddiaçı4 1500 manat, İddiaçı2 1500 manat, İddiaçı3 1500 manat və İddiaçı1 1500 manat məbləğində kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, hazırki iş üzrə cavabdehin “Miras əmlakda qanun və vəşiyyət üzrə pay müəyyən edilməsi, üzərində mülkiyyət hüququnun tanınması, müvafiq çıxarışların verilməsi aidiyyəti idarəyə həvalə edilməsi” tələbinə dair iddiası üzrə başlanılmış 2(067)-661/2017 saylı mülki işin gedişatında hazırki iş üzrə cavabdehlə iddaçıların arasında olan razılaşmaya əsasən sonuncular birinci növbə vərəsələr kimi miras paylarından və valideyinlərinin, o cümlədən Xaçmaz rayon Qaracik- Zeyid kəndində X1 adına qeydə alınmış (184 reyestr nömrəli qeydiyyat vərəqəsi və texniki pasport) fərdi yaşayış evi və “Torpağa mülkiyyət hüququna dair” JN:0001 kod 30206058 Dövlət Aktına əsasən verilmiş 1,23 ha pay torpaq sahəsindən miras şərikləri (hazırki iş üzrə iddaçılar) Cavabdeh xeyrinə imtina etməli, əvəzində Cavabdeh miras şəriklərinin miras paylarının hesabına onlara düşəcək miras payından artıq miras hissəsi müqabilində hər birinə kompensasiya ödəməİi idi. Xaçmaz rayon Məhkəməsinin 2(067)-661/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən məlum olur ki, Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonu Qaracik-zeyid kəndində yerləşən həyətyanı torpaq sahəsinin 6/8 hissədə, üzərində yerləşən fərdi yaşayış evinin 6/8 hissədə və torpağa mülkiyyət hüququna dair JN-0001 kod 30206058 olan dövlət aktına əsasən verilmiş 1,23 ha pay torpaq sahəsinin 0,615 ha sahəsi üzərində mülkiyyət hüququnun tanınması, həyətyanı torpaq sahəsinin 6/8 hissəsi üzərində yerləşən fərdi yaşayış evinin 6/8 hissəsi və torpağa mülkiyyət hüququna dair JN-0001 kod 30206058 olan dövlət aktına əsasən verilmiş 1,23 ha pay torpaq sahəsinin 0,615 ha sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və DƏDRX-nin 5 saylı ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra hazırki iş üzrə cavabdeh tərəfindən iddia tələbi AR MPM-nin 53-cü maddəsinə əsasən Xaçmaz rayon Məhkəməsinin 2(067)-661/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin qət etdi hissəsinə: "X1 adına DƏDRX-də qeydə alnımış Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən evindən ½ hissəsinə Cavabdeh, ½ hissəsinə Nümayəndə, "Torpağa mülkiyyət hüququna dair" JN: 0001 kod 30206058 Dövlət Aktına əsasən X3 və X2 miras qalmış pay torpaq sahəsinin 2/3 hissəsini 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə Nümayəndə vərəsəlik üzrə payları müəyyən edilməsi ’’məzmunda dəyişdirilmişdir. Göründüyü kimi iddia tələbi, işin gedişatında miras şərikləri tərəfindən kompensasiya veriləcəyi müqabilində hazırki iş üzrə cavabdehin xeyrinə dəyişdirilmişdir. Bütün bunlara baxmayaraq hazırki iş üzrə cavabdeh onların onun xeyrinə miras paylarından imtina etdiklərinə görə ona çatacaq miras paydan artıq miras əmlak əldə etsə də, yəni DƏDRXdə qeydə alnımış Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən evindən ½ hissədə və "Torpağa mülkiyyət hüququna dair" JN : 0001 kod 30206058 Dövlət Aktına əsasən X3 və X2 miras qalmış pay torpaq sahəsinin 2/3 hissəsini 1/3 hissəsində əmlak əldə etsə də, lakin sonradan əvəzində kompensasiya ödəmək kimi üzərinə götürdüyü öhdəliyi icra etməyərək onların hesabına əlavə əmlak əldə edərək əsassız varlanmışdır. Bununla da yuxarıda qeyd edilən tələbin faktiki və hüququ əsasları ilə müəyyən olunur ki, cavabdeh, valideynlərindən qalan miras kütləsinə daxil olan miras paylarından miras şərikləri onun xeyrinə imtina etməsi müqabilində əvəzinə müvafiq kompensasiya verməyi öhdəsinə götürmüş, lakin sonradan öhdəliyi icra etməkdən qəsdən qoyun qaçıraraq, əksinə olaraq miras şəriklərinin də miras payları olan fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının öz adına sənədləşdirmək istəyir. Məhkəmə iclasında iddiaçılar iddianı müdafiə edərək göstərmişlər ki, cavabdeh qardaşlarıdır. Valideynlərindən miras qalmış əmlak barədə cavabdeh onlara vəd vermişdir ki, onların hərəsinə 1500 manat kompensasiya ödəyəcək, lakin vədinə əməl etməmişdir. Onlar cavabdehin xeyrinə valideynlərindən miras qalmış paylarından imtina etmişlər. Ona görə də vəd verilmiş pulu tələb edirlər və yaxud da öz paylarını geri istəyirlər. Cavabdehlə razılaşmaları yazılı olmamışdır və notariusda təsdiqlənməmişdir. Qeyd olunan faktı təsiq edəcək şahidləri yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, iddia tələbinə etiraz göndərmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə iştirak edən iddiaçıların izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon Məhkəməsinin 2(067)-661/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, "X1 adına DƏDRX-də qeydə alnımış Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən evindən ½ hissəsinə Cavabdeh, ½ hissəsinə Nümayəndə, "Torpağa mülkiyyət hüququna dair" JN: 0001 kod 30206058 Dövlət Aktına əsasən X3 və X2 miras qalmış pay torpaq sahəsinin 2/3 hissəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə Nümayəndə vərəsəlik üzrə payları müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə Begəliyeva (Zahirova) Rübabə Babakişi qızı, Mahmudova (Zahirova) Nagüman Babakişi qızı və Həmidova (Zahirova) Vəzuhə Babakişi qızı ataları Babakişi Zahirov və anaları Gülgəz Zahirovadan miras qalmış fərdi yaşayış evinin və pay torpaq sahəsinin qardaşları Heybətulla və Natiq arasında bərabər bölünməsinə etiraz etməmişlər. -Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər həqiqətə uyğun deyil, o heç kəsin payını mənimsəməmiş, bundan başqa da əgər tələbləri var idisə vaxtında müraciət edərdilər. O, yalnız özünə düşən payı tələb etmiş, ata yurdundan kimin nə payı varsa gəlib ala bilər. Heç kəsin payını mənimsəməmiş, nə də heç kəsin payında gözü yoxdur. Nədəki paylarını götürməyə maneçilik yaratmır. O, cavabdehlərin payları verilmədiyi üçün konpensasiyada ödəməli deyil, aralarında hər hansı razılaşmalar olmayıb. Bunlar hamısı uydurma iddiadır. Ümumiyyətlə 7 ildən sonra konpensasiya ilə bağlı iddia qaldırmaq ağılabatan deyil. Əgər aralarında hər hansı bir razılaşma olmuşdursa, niyə 2017-ci ildə iddia qaldırmayıblar. Elə bu vaxtdan bəlli olur ki, iddiaçılar ona qarşı qərəzli olaraq iddia qaldırıblar. Orda burda danışırlar ki, onu yalandan olsa da məhkəmələrdə süründürəcəklər. Əgər onda kiminsə payı varsa qaytarmağa hazırdır. Konpensasiya ödəməkdən imtina edir, ümumiyyətlə şikayət müddəti keçmiş iddianı qəbul etmir. O, yalnız öz payını istəmiş, ona görə də düşünür ki, payların müəyyən edilməsi məsələsində ekspert təyin olunsa, ekspertiza zamanı məlum olacaq ki, həqiqətəndə o öz payını tələb etmişdir. İddiaçılara məxsus yaxud da onlara düşən paylar ona verilməmişdir, nədə ki, onların paylarını mənimsəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 1257.2 ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1268.1 ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. 1279-cu maddəsinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün mirasın bir miras şərikinə keçməsi mümkündür. Öz növbəsində o, digər miras şəriklərinə müvafiq kompensasiya verməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-661/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, "X1 adına DƏDRX-də qeydə alnımış Xaçmaz rayonu, Qaracik Zeyid kəndində yerləşən evindən ½ hissəsinə Cavabdeh, ½ hissəsinə Nümayəndə, "Torpağa mülkiyyət hüququna dair" JN: 0001 kod 30206058 Dövlət Aktına əsasən X3 və X2 miras qalmış pay torpaq sahəsinin 2/3 hissəsini 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə Nümayəndə vərəsəlik üzrə payları müəyyən edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədə İddiaçı2, İddiaçı3 və İddiaçı4 ataları Babakişi Zahirov və anaları Gülgəz Zahirovadan miras qalmış fərdi yaşayış evinin və pay torpaq sahəsinin qardaşları Heybətulla və Natiq arasında bərabər bölünməsinə etiraz etməmişlər. Hazırda iddiaçılar valideynlərindən qalmış miras paylarından, miras şərikləri tərəfindən, cavabdehin xeyrinə imtina edilmələrininə görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılması xahiş edirlər. Cavabdeh isə iddia tələbinə etiraz edərək iddiaçılarla aralarında hər hansı razılaşma olmadığnı və üzrə kompensasiya ödəmək öhdəliyi götürmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların tələb etdiyi qaydada kompensasiya verilməsi üçün hüquqi əsaslar yoxdur, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda isə iddiaçılar iddia ərizəsində göstərdiyi dəlilləri yəni, cavabdehin hər bir iddiaçıya məhz 1500 manat məbləğində kompensasiya ödəmək öhdəliyini nəzərdə tutan razılaşmanın olduğunu sübut edə bilməmişdir. Həmçinin Mülki Məcəllədə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı miras əmlak paylarından cavabdehin xeyrinə imtina edilməsinə görə kompensasiya ödəmə öhdəliyinin icrası tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar