Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-128/2024 15.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh yol nəqliyyat hadisəsinə səbəb olduğu üçün, avtomobilinə vurduğu 1820 manat maddi zərərin, avtomobilə dəymiş zərərin müəyyən olunması üçün tərtib olunmuş akta görə ödədiyi 50 manat məbləğində ödənişin və 39 manat məhkəmə rüsumunun, cəmi 1909 manat pulun tutularaq onun hesabına ödənilməsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 19 mart 2023-cü il tarixdə Quba rayonu Fətəlixan küçəsində 77PN654 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı, 90HC224 dövlət qeydiyyat nişanlı Mersedes markalı və 43BC729 dövlət qeydiyyat nişanlı Niva markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisənin baş verməsində təqsirli olan şəxs 77PN654 dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtomobilin sürücüsü Cavabdeh olmuşdur. Hadisə zamanı maddi zərər görmüş avtomobillərdən Niva markalı 43BC729 dövlət qeydiyyat nişanlı maşın ona məxsusdur və onun avtomobilinə 4999 manat məbləğində zərər dəymişdir. Hadisə baş verən zaman Chevrolet Cruze markalı avtomobilin, Atəşgah Sığorta ASC Sığorta şirkətində icbari sığortası qüvvədə olmuşdur. İcbari Sığorta haqqında qanuna əsasən, sığorta şirkəti maddi zərərə görə bir hadisə üzrə 5000 manat sığorta ödənişi ayırdığına görə, 5000 manat zərər çəkən Mersedes markalı və ona məxsus Niva markalı avtomobillər arasında bölünmüşdür. Belə ki, Atəşgah Sığorta ASC sığorta şirkəti tərəfindən onun Niva markalı avtomobilinə dəymiş zərərin 4999 manat olmasına baxmayaraq, sığorta ödənişi olaraq 2179 manat pul hesabına köçürülmüşdür. Kəsir qalan 2820 manat məbləğin isə 1000 manatını hadisədə təqsirkar olan Cavabdeh kart hesabına köçürmüşdür. Lakin, dəfələrlə aralarında gedən danışıqlara baxmayaraq, qalan 1820 manat pulu verməkdən boyun qaçırır. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə müraciət edərək, iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir, cavabdeh isə məhkəmə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh əks istiqamətdə hərəkət edərək onun avtomaşınını vurub. Avtomaşına 4999 manat ziyan dəyib. Həmin ziyanın 2179 manatını sığorta ödəyib, 1000 manatı da cavabdeh ödəyib, qalan 1820 manatı ödəməkdən imtina edib. Cavabdehdən tələb etdiyi məbləğ 1820 manat qalan məbləğdir, 50 manat ziyan aktını çıxartdırmış, 39 manat da dövlət rüsumudur. Ümumilikdə 1909 manat pul tələb edir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, pulu ödəməkdən imtina etməmiş və 1000 manatı da ödəmişdir. Sadəcə iddiaçının avtomaşınının xərci o qədər deyil. Hadisə olandan sonra demişdir ki, öz ustasını gətirib təmir etdirək və ya ehtiyat hissələrini gətirib bir yerdə təmir edək, lakin iddiaçı razı olmamışdır. Hadisə ehtiyatsızlıqdan olub, istəmədən olub. Sığorta pulu vermiş, yerdə qalan 1000 manat pulu da o vermişdir. İddiaçının avtomaşının xərci 5000 manat deyil. Təqdim edəcəyi hər hansı sübutu yoxdur. Onun bu avtomaşına dəyən ziyana heç bir aidiyyətı yoxdur. İddiaçının qeyd etdiyi məbləğ təqdim etdiyindən artıqdır, 5000 manat ziyan ola bilməz. Məhkəmə iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, «VAZ 2121» minik markalı 43BC729 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, avtomobilə 4999 manat ziyan dəymişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunmasına görə 50 manat pul köçürülmüşdür. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 39 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən müəyyən olunur ki, yolnəqliyyat hadisələri eksperti tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilərkən onların zədələnmiş hissələrini tam həcmdə müəyyən etmək mümkün deyildir. Belə ki, nəqliyyat vasitələrində daxili zədələr, yəni xarici baxışla aşkar olunması mümkün olmayan zədələr olduğundan, nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində təmir üzrə mütəxəssislər tərəfindən sökülmədən, müxtəlif testlər keçirilmədən onların tam şəkildə müəyyən edilməsi mümkün deyildir. Nəqliyyat vasitələrinin tam şəkildə hansı hissələrinin zədələnməsini nəqliyyat vasitələri ixtisaslaşdırılmış servis şəraitində mütəxəsislər tərəfindən sökülüb bərpa olunması zamanı müəyyən edilə bilər. Odur ki, qeyd olunan sual üzrə yol-nəqliyyat hadisələri ekspertizaları tədqiqatı aparılmır. Nəzəri hesablama yolu ilə xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ-2121” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3978 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Göründüyü kimi, iş üzrə cavabdeh yol-nəqliyyat hadisəsi zamanı iddiaçının avtomobilinə dəymiş zərərin məbləği ilə razılaşmadığından, məhkəmə öz təşəbbüsü ilə müvafiq ekspertiza təyin etmiş və ekspert rəyi il müəyyən edilmişdir ki, avtomobilə təxminən 3978 manat maddi ziyan dəymişdir. Məhkəmə ekspert rəyini əsassız hesab olunmasına dair heç bir əsası olmadığından, həmin rəyi iş üzrə mötəbər sübut kimi qəbul edir və ona istinadən hesab edir ki, iddia tələbi də ekspert rəyinə uyğun təmin olunmalıdır. Belə olan halda, avtomobilə dəymiş ziyan 3978 manat olduğundan, həmin məbləğdən 2179 manat sığorta tərəfindən, həmçinin 1000 manat cavabdehin özü tərəfindən ödənildiyindən, yerdə qalan 799 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilə dəymiş zərərə görə 1820 manat pul və texniki rəy alınması üçün 50 manat pul tələb etdiyinə görə 39 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia tələbi avtomobilə dəymiş zərərə görə 799 manat texniki rəy alınması üçün 50 manat, cəmi 849 manat hissəsində əsaslı olduğundan, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən dövlət rüsumu da iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə bölüşdürülməlidir. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında Qanununa əsasən iddianın məbləği 849 manat olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Beləliklə də, iş üzrə ödənilmiş 39 manat dövlət rüsumunun 30 manatı cavabdehdən alınaraq, iddiaçıya ödənilməli, rüsumun qalan 9 manat hissəsi isə iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh avtomobilə dəymiş zərərə görə 799 manat məbləğində pul, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən olunmasına görə ödənilmiş 50 manat pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş 39 manat dövlət rüsumunun 9 manatı iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-128/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-128/2024
15.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver