Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1290/2022 27.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 13.000 manat məbləğində əsas borcun, 650 manat məbləğində faiz borcun, vurulmuş mənəvi zərərə görə 2000 manatın və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 15.680 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında işlər görülməsinə dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, onlar Xaçmaz rayonunun Xudat şəhərində yerləşən evdə 22 ədəd qapı düzəltmişlər. Cavabdeh isə onlara bunun üçün 28.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmalarına əsasən həmin məbləğin 15.000 manatını əvvəldən ödəmiş, qalan 13.000 manat məbləği isə işlər bitdikdən sonra verəcəyini demişdir. Pandemiya səbəbindən işləri bir qədər gec təhvil verməli olsalar da, işi tam şəkildə təhvil vermişlər. Buna baxmayaraq Cavabdeh pulu verməkdən boyun qaçırdı. O, dəfələrlə ona zəng edərək pulu istədim. Cavabdeh isə əvvəlcə müxtəlif bəhanələr irəli sürürdü. Daha sonra isə o, onu təhqir etməyə başladı. Ondan şikayət edəcəyi təqdirdə tanışları vasitəsilə onun başına oyun açacağını dedi. Qeyd etmişdir ki, bütün bu hallara İhsan Türkyılmaz adlı şəxs də şahid olmuşdur. Həmin şəxsin pulu verməməsi nəticəsində ona zərər dəymiş, o, çox pis vəziyyətə düşmüş, evinin və dükanının kirayələrini verə bilməmişdir. Lakin o həmin məbləği özündə saxlayaraq ondan faydalanmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə aralarında işlər görülməsinə dair müqavilə imzalasalar da, işləri ona gördürən onun Rusiya Federasiyasında yaşayan qardaşı Mahir olub. Onunla razılaşmalarına əsasən o Xaçmaz rayonunun Xudat şəhərində yerləşən evdə 22 ədəd qapı düzəltmişdir. Sadəcə Mahir burada olmadığına görə müqaviləni Sahiblə bağlamışdır. Mahir ona gördüyü işlərə görə 28000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Razılaşmalarına əsasən o, həmin məbləğin 15000 manatını əvvəldən ödəyib, qalan 13000 manatı isə işlər bitdikdən sonra verəcəyini demişdi. Pandemiya səbəbindən işləri bir qədər gec təhvil verməli olsa da, işi tam şəkildə təhvil vermişdir. Buna baxmayaraq sonradan Mahir və qardaşı Sahib pulunu verməkdən boyun qaçırmışdır. O dəfələrlə zəng edərək pulunu istəmiş, lakin onlar müxtəlif bəhanələrlər gətirərək, pulunu qaytarmamışdır. Pulunun verilməməsi nəticəsində ona zərər dəyib, çox pis vəziyyətə düşmüş, evinin və dükanımın kirayələrini verə bilməmişdir. Cavabdehlə aralarında işlərin görülməsinə dair heç bir razılaşma olmayıb. İşləri ona onun Rusiya Federasiyasında yaşayan qardaşı Mahir gördürüb. Mahirlə razılaşmalarına əsasən o Xaçmaz rayonunun Xudat şəhərində yerləşən evdə 22 ədəd qapı düzəltmişdir. Mahir burada olmadığına görə müqaviləni onun qardaşı Sahiblə bağlamışlar. Ona gördüyü işlərin müqabilində pulu ödəməli olan şəxs Cavabdeh qardaşı Mahirdir. Pulunun verilməməsi nəticəsində ona zərər dəyib, çox pis vəziyyətə düşmüşdür, evinin və dükanının kirayələrini verə bilməmişdir. Ona görə vurulmuş ziyanın əvəzini də tələb edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 bildirmişdir ki, iddiaçının tanışıdır, cavabdehi tanımır, aralarında qohumluq münasibətləri, ədavət yoxdur. İddiaçı kimi o, da Mahir adlı şəxslə iş görmüşdür və o, ona qarşı da dələduzluq hərəkətlərinə yol verib. Bir dəfə Mahir rus nömrəsindən onun mobil telefonuna zəng edib demişdir ki, internetdə barəsində məlumat alıb və ona evi üçün 14 qapı düzəltdirmək istəyir. Ondan sifarişi qəbul edib Xudat şəhərinə getmiş və oradan qapıların ölçülərini götürmüşdür, lakin sonradan Mahirə zəng çatmamışdır, bundan 1 il 6 ay keçəndən sonra o, yenidən zəng etmişdir ki, işləri olduğuna görə onu axtarmayıb. O ona vaxtını sərf edib Xudat şəhərinə gedərək ölçmə işləri gördüyünü demiş və anlamışdır ki, o, dələduzluq edir. İddiaçı ona deyib ki, Mahir ona da iş gördürüb, lakin aldadaraq pulunu verməyib. O, iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşmada iştirak etməmişdir. Cavabdehin iddiaçıya pul verib vermədiyini bilmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübut etmə yükü iddiaçının üzərinə, bunun əksini sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə işin hallarını araşdırıb iddiaçı izahatını dinləyərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı pul borclu olduğu sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməli, İddiaçı Cavabdeh qarşı verilmiş pul tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1290/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1290/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver