Məhkəmə qərarları › İş №2(067)-1301/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1301/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1301/2024 11.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1591 manat əsas, 100 manat faizlər, 300 manat vurulmuş zərər və ödədiyi 33 manat dövlət rüsumunun, cəmi 2024 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Xaçmaz rayon sakini olan cavabdehlə xx.xx.2021-ci ildən yaxın münasibətləri olmuş, həm də cavabdeh ondan plastmas yeşiklər alaraq pulunu almışdır. Bir gün cavabdeh ona məxsus mobil telefona zəng edərək bildirmişdir ki, ona 1645 ədəd 1,30 manatlıq plastmas yeşiklər lazımdır, lakin əvvəldən 400 manat ödəniş edəcək, qalan pulu da hissə-hissə ödəyəcəkdir. O, telefon danışığı zamanı cavabdehlə bu barədə razılaşmışdır. Cavabdeh ona ilkin ödəniş kimi 400 manat pul verərək, 1,30 manatdan olan 1645 ədəd yeşikləri aparmış, bir neçə gün sonra ona əlavə olaraq 300 manat da pul ödəmişdir. Cavabdehin ondan alıb apardığı 1645 ədəd yeşiklərin ümumi dəyəri 2291 manat təşkil edir. Lakin cavabdeh həmin puldan ona 400 manat və 300 manat ödəməklə, 1591 manat borclu qalmışdır. Bununla bağlı cavabdehə zəng etsə də, o, müxtəlif bəhanələr gətirərək onun pulunu ödəmir. Məsələ ilə bağlı Xaçmaz RPŞ-nə müraciət etmiş, lakin məsələ mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Cavabdeh 1591 manat məbləğində pulunu vaxtında qaytarsa idi həmin pulu mülki dövriyyəyə buraxmaqla əlavə 300 manat da qazanardı. Odur ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində ona vurulan zərəri də ödəməlidir. Cavabdeh 1591 manat məbləğində pulunu vaxtında qaytarmadığına görə ona 100 manat da faiz ödəməlidir. İddiaçı məhkəməyə iddianın həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 100 manat faizlər və 300 manat vurulmuş zərəri, həmçinin ödədiyi 33 manat dövlət rüsumunu tələb etmədiyini bildirmiş və 1591 manat əsas borcun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, cavabdehlə yeşik sexində birlikdə işləmişlər. Cavabdehə ona 1645 ədəd 1,30 manatlıq plastmas yeşikləri nisyə satmış, cavabdeh ilkin ödəniş olaraq ona 400 manat pul ödəyərək yeşikləri aparmış, qalan pulu da hissə-hissə ödəyəcəyinə dair razılaşmışlar.. Cavabdeh bir neçə gün sonra ona əlavə olaraq 300 manat da pul ödəmişdir. Cavabdehin ondan alıb apardığı 1645 ədəd yeşiklərin ümumi dəyəri 2291 manat təşkil edir. Lakin cavabdeh həmin puldan ona 400 manat və 300 manat ödəməklə, 1591 manat borclu qalmışdır. Bununla bağlı cavabdehə zəng etsə də, o, müxtəlif bəhanələr gətirərək onun pulunu ödəmir. Cavabdehdən 1591 manat pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılmasına baxmayaraq, o, təkrarən məhkəmə baxışı iclaslarına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Cavabdeh iddianı ilkin olaraq qəbul etməsə də, sonradan iddianı etiraf edərək, bildirmişdir ki, iddiaçı ilə 2020-ci ildə yeşik sexində birlikdə işləmişlər. Cavabdehdən plastmas yeşikləri alandan sonra pulun bir qismini hissə-hissə ödəmişdir. İddiaçıdan 50000-30000 ədəd plastmas yeşik götürmüşdür. Rusiya Federasiyasına meyvə göndərmişlər. O, özü də ziyana uğradığına göə iddiaçıya olan borcunu ödəyə bilməmişdir. Hazırda iddiaçıya 1591 manat borcu qalmışdır. İşləmədiyinə görə meyvə mövsümündə meyvəni satıb iddiaçıya qalan borcunu ödəyəcəkdir. İddiaçıya 2300 manat borcu olmuş, borcundan 300-400 manat ödəmiş, qalan borcunu isə ödəməmişdir. Borcunu yay-payız fəslində ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə cavabdehin nisyə aldığı plastmas yeşiklərə görə iddiaçıya 1591 manat məbləğində pul borclu olduğunu sübut etmə yükü iddiaçının üzərinə, borcun qaytarılmasını sübut etmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan ümumi dəyəri 2291 manat təşkil edən 1645 ədəd 1,30 manatlıq plastmas yeşikləri nisyə satın almış, ilkin ödəniş kimi iddiaçıya 400 manat, bir neçə gün sonra isə əlavə olaraq 300 manat pul ödəmiş, qalan 1591 manat pulu isə ödəməmişdir. Cavabdeh məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı iddianı qəbul etməsə də, qeyd olunan hallaı təsdiq etməklə yanaşı, qalan borcunu yay-payız fəslində ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.-cü maddəsinə əsasən alqısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutuldugu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uygun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1.-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunğundan təmin edilməli və nisyə satılmış 1645 ədəd plastmas yeşiklərin dəyərindən ödənilməmiş 1591 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1591 manat məbləğində pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar