Məhkəmə qərarları › İş №2(067)-1303/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1303/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1303/2021 22.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ondan aldığı 1000 (min) manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayonu, Qaraçı kəndində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. Məhsulu oğlu ilə birlikdə bazara aparıb satmaq üçün “QAZ-24” markalı avtomaşın almaq istəmişdir. 10.10.2020-ci il tarixdə Xaçmaz mərkəzi bazarının yanında yerləşən qaynaqçı sexində Mirzağa adlı şəxsin “QAZ-24” markalı avtomaşınlarla məşğul olduğunu öyrənib onun yanına getmişdir. Cavabdeh ona demişdir ki, 1000-1500 manat pul versə, 1 ay ərzində “QAZ-24” markalı avtomaşın tapa bilər. Bundan bir neçə gün sonra cavabdeh ona zəng edib demişdir ki, avtomaşın tapıb və buna görə ondan 1000 manat pul istəmişdir. O, cavabdehə inanıb 1000 manat pul vermiş, cavabdeh də ona sexdə olan “QAZ-24” markalı avtomaşını göstərib demişdir ki, həmin avtomaşını onun üçün tapıb, lakin avtomaşının sənədlərində problem var, onu həll edəcək. O, avtomaşını aparıb bir gecə özündə saxlamış və bəyənmədiyi üçün, həm də avtomaşının sənədləri olmadığına görə səhərisi gün cavabdehə qaytarmışdır. Cavabdeh həmin avtomaşını ondan alıb başqasına satmış, lakin onun cavabdehə verdiyi 1000 manat pulu qaytarmamışdır. Ona görə də o, qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdehdən “QAZ-24” markalı avtomaşını aralarındakı şifahi razılaşma əsasında 1000 manata satın almışdır. Cavabdehə 1000 manat pulu şəxsən özü vermiş, lakin ondan bu barədə qəbz almamışdır. İddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutları yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərmişdir ki, iddiaçının oğlu ilə bacısı oğlu, onun isə kürəkəni olan Ramin Akif adlı şəxsdən 700 manata “QAZ-31” markalı avtomaşın almışlar. Onlar həmin avtomaşını onun işlədiyi sexə gətirəndə öyrənmişdir ki, avtomaşının sənədləri yoxdur. Həmin vaxt sexdə “QAZ-24” markalı avtomaşın olmuşdur, onlara həmin avtomaşınları dəyişməyi təklif etmişlər. Onlar razılaşmış və o, “QAZ-24” markalı avtomaşını iddiaçıya vermişdir, sonra da “QAZ-31” markalı avtomaşını alıb Qəribşah adlı şəxsə satmışdır. Sonra isə iddiaçı avtomaşını bəyənmədiyini və qaytarmaq istədiyini bildirmişdir. O, da iddiaçıya istəmirsə avtomaşını gətirməsini, satıb onun pulunu verəcəyini qeyd etmişdir. İddiaçı “QAZ-24” markalı avtomaşını ona qaytarandan sonra o, həmin avtomaşını Xaçmaz rayonunun Uzun-oba kənd sakininə 1500 manata satmışdır. Avtomaşına görə ona 1500 manat puldan 400 manat pul verilmiş, qalan 1100 manat pul isə hələ də verilməmişdir. Hazırda iddiaçıya 700 manat pulu qaytarmağa etiraz etmir. Həmçinin, “QAZ-24” markalı avtomaşını Qəribşah adlı şəxslə “Yeraz” markalı avtomaşınla dəyişmişdir, “QAZ-31” markalı avtomaşını Akif adlı şəxsdən satın alarkən ona ödədikləri 700 manat pulu qaytarmağa etiraz etmir. Göstərilənlərə əsasən cavabdeh iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 08.04.2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs. müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilir. Lakin, iddiaçı tərəfindən vurulmuş ziyanın məbləğinə dair mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi cavabdehin etiraf etdiyi həcmdə qismən təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. İddia qaln hissədə təmin edilməməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin olunsun. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar