Məhkəmə qərarları › İş №2(067)-1314/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1314/2021

21.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1314/2021 21.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı İB Xaçmaz RQİİ-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2962.60 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2992.60 manat pulun tutularaq İddiaçı bank hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh evinə İddiaçı tərəfindən **********1230 saylı abonent kodu olan qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdehin sayğacdan kənar xətt vasitəsilə qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmiş və təbii X4nın pozulması haqqında akt tərtib edilib, ona 2962.60 manat ziyan hesablanmışdır. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı İB-nin nümayəndəsi X2 iddianın dəlillərini müdafiə edərək, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan 08.06.2016-cı il tarixli müqavilənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır. İş materiallarında olan 19.11.2020-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, Cavabdeh X4nı pozaraq, sayğacdan kənar xəttə qoşulmaqla qazdan istifadə etmişdir. İş materiallarında olan 27.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən X4”nın 6.5-ci bəndinin tələblərinin pozulmasına görə akt tərtib edilmiş və dəymiş ziyan hesablanaraq, hesablanmış ziyan məbləğin ödənilməli olduğu göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan çıxarışın surətindən görünür ki, Cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadə nəticəsində vurulmuş ziyanın məbləği 2962.60 manat təşkil edir. İş materiallarında olan 30.03.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. X4nın təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 6.5.-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. “Məhkəmələr və hakimlər haqqında” AR-nın Qanununun 100-cü maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hesab edir ki, işdə olan 19.11.2020-ci il tarixli ******* saylı akt və abonentin saldosundan çıxarışla iddiaçı təşkilat tərəfindən cavabdehin qaz saygacına müdaxilə etməsi və iddiaçıya 2962.60 (iki min doqquz yüz altmış iki manat, altmış qəpik) manat ziyan vurması tam sübuta yetirilir. Buna görə də, məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh 2962.60 manat məbləğində pul və 30 manat dövlət rüsumu, ümumilikdə isə 2992.60 manat pul tutularaq İddiaçı bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 2962.60 (iki min doqquz yüz altmış iki manat, altmış qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 2992.60 (ki min doqquz yüz doxsan iki manat, altmış qəpik) manat pul tutularaq İddiaçı bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar