Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1316/2025 12.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı və Cavabdeh iştiraklarıı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1000 manat borc pulu və ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 1030 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhərində kiçik bizneslə məşğul olur, yəni Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində yerləşən balaca bir dükanda gündəlik qida ərzaqları satır və ailəsininin dolanışığı həmin ərzaq mağazasında çıxır. Cavabdehla əvvəllər tanış idilər. Həyat yoldaşı tərəfdəndə uzaq qohumluğu da çatır. Cavabdehla bu yaxınlarda dostluq münasibəti yaranmış və o, dostluq münasibətindən istifadə edərək ondan dəfələrlə borca pul istəmişdir. O, da onunla yaxşı dost-tanış olduğu üçün imtina edə bilməyərək, 2023-cü ilin fevral ayında 300 manat, mart ayında isə 400 manat və həmin ilin may ayında 300 manat olmaqla, ümumilikdə 1000 manat nəğd pul vermişdir. Cavabdeh ona söz vermişdir ki, hissə-hissə aldığı pulu ona tam şəkildə ödəyəcəkdir. Bir müddət sonra cavabdehə zəng edərək, borca verdiyi pulu qaytarmasını istəmiş, cavabdeh isə cavabında ona imkanının olmadığını və ödəyə bilmiyəcəyini bildirmişdir. O, da çarəsiz qalaraq Xaçmaz Şöbəsinə onun etdiyi hərəkəti barədə rəsmi şikayət etmişdir. Oradan ona iş materialları mülki xarakterli olduğundan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunduğu və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də mecburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, əvvəl qohum olmaq niyyəti ilə cavabdehin evinə getmişdir, yəni həmin vaxtdan tanışlıqları vardır. Onun qızı tələbə idi və ödənişi edə bilmirdi deyə ondan pul istəmişdir. O, da vermişdir. Sonradan xeyir iş baş tutmamışdır. İndi cavabdehədən pulunu tələb edir. Məhkəmə iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, iddia ilə razı deyil. İddiaçı iddia ərizəsində dost olduqlarını qeyd etmişdir, lakin, onlar dost olmamışlar. O, ona qızının təhsili ilə bağlı pul verməmişdir. Qızına elçi gəlmişlər. Sonradan isə münasibətlər pozulmuş və xeyri iş baş tutmamışdır. İddiaçı ona pul verməmişdir. O, özü xeyir iş üçün onlar evinə gələndə 2000 manat xərc çəkmişdir. 29 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia tələbi ilə razı deyil. İddiaçı ona pul verməmiş, qızının təhsil ödənişini özü ödəmişdir. O, ona əlbə-əl pul verməmişdir. Onlar qızı üçün elçi gələndə onlara qızının ali məktəbdə oxuduğunu bildirmiş, iddiaçı da təhsil ödənişini özü ödəmişdir. 08 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən iş üzrə Cavabdeh ilkin dinləmələr zamanı iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı ilə dost yox, qohum olmuşlar. Onun həyat yoldaşı ilə uzaq qohumluqları vardır. Onlar qızına elçi gəlmiş, 2022-ci ildə qızına nişan olmuşdur. Qızı tələbə olduğuna görə qohum olduqdan sonra Arif ona uşağın təhsil ödənişi üçün həmin pulu vermişdir. Onlar qohum olduqdan sonra onun evinə qonaq olaraq gəlib-getmişlər. Onlar gələndə süfrə açıb onları qarşılamışlar və onun da beləcə xərci çıxmışdır. Sonra bu ailə onun qızını almaqdan imtina etmişlər. Bundan sonra o, ailəsi ilə birgə stress yaşamışlar. Ondan pulu almışdır, lakin, borc kimi almamışdır. Həmin məbləği oxuyan qızının təhsilinin ödənişi üçün vermişdir. O, da onlar üçün 2000 manata qədər xərc çəkmişdir. İddiaçı da ona dəyən ziyanı ödəsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh 07 yanvar 2025-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatdan müəyyən edilir ki, Arif onun qızı X1 üçün istəmiş, lakin aralarında nişan və həndi olmamışdır. Qohum olduqları müddətdə qızı ali məktəbdə oxuduğuna görə illik ödəniş üçün borc məqsədi kimi deyil, kömək məqsədilə 1000 manat məbləğində pul vermişdir. 25 fevral 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında qohumluq münasibətləri yaranmış, Cavabdeh İddiaçı qızının təhsil haqqı ödənişini ödəmək məqsədi ilə 1000 manat məbləğində pul almışdır. Lakin, bir müddət sonra aralarında yaranmış qohumluq münasibətləri pozulmuş və İddiaçı Cavabdeh verdiyi 1000 manat məbləğində pul vəsaitini geri tələb etmişdir. Cavabdeh isə 1000 manat məbləğində pulun ona borc kimi deyil, qızının təhsil haqqı ödənişinin ödənilməsinə yardım məqsədi ilə verildiyini bildirərək, İddiaçı pulunu qaytarmamışdır. Bu səbəbdən də İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə öz mövqeynini onunla əsaslndırır ki, İddiaçı tərəfindən Cavabdeh sonuncunun qızının təhsil haqqı ödənişini ödəmək məqsədi ilə 1000 manat məbləğində pul verilməsi cavabdeh tərəfindən təkzib olunmadığından, işin mübahisəsiz halıdır. Tərəflər arasında mübahisəli məsələ 1000 manat məbləğində pulun borc predmeti olubolmamasıdır. Bununla bağlı məhkəmə cavabdehin məhkəmə araşdırması zamanı verdiyi izahatların işin faktiki hallarını əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, Cavabdeh 07 yanvar 2025-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsində verdiyi izahatında qızı ali məktəbdə oxuduğuna görə illik ödəniş üçün iddiaçının ona borc məqsədi ilə deyil, kömək məqsədilə 1000 manat məbləğində pul verdiyini bildirmişdir. Bundan sonra 29 aprel 2025ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh iddiaçının ona qızının təhsil haqqı üçün pul vermədiyini, qızı üçün elçi gələndə qızının ali məktəbdə oxuduğunu bilərək, onun təhsil ödənişini özü etdiyini bildirmişdir. 08 aprel 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında isə cavabdeh bildirmişdir ki, qızı tələbə olduğuna görə iddiaçı ona qızının təhsil ödənişi üçün 1000 manat pul vermişdir. Cavabdehlə qohum olduqdan sonra cavabdeh onun evinə qonaq gəlib-getmiş, o, da sonuncular üçün süfrə açıb onları qarşılamış və onun da buna xərci çıxmışdır. Cavabdehdən 1000 manat pulu borc kimi almamışdır. Həmin məbləği cavabdeh onun qızının təhsil ödənişi üçün vermiş, o, da cavabdeh üçün 2000 manata qədər xərc çəkmişdir. Sonuncu məhkəmə iclasında isə cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona qızının təhsili ilə bağlı pul verməmişdir. İddiaçı onun qızına elçi gəlmiş, sonradan isə münasibətlər pozulmuş və övladlarının izdivacları baş tutmamışdır. İddiaçı ona pul verməmişdir. Əksinə, o, özü iddiaçı xeyir iş üçün onun evinə gələndə 2000 manat xərc çəkmişdir. Göründüyü kimi cavabdehin müxtəlif məzmunlu izahatları ilə 1000 manat məbləğində pulun iddiaçı tərəfindən ona borc kimi deyil, qızının təhsil haqqı ödənişinin ödənilməsin yardım məqsədi ilə veriməsini təsdiq etmir. İzahatında göstərdiyi xüsusatlarla bağlı cavabdeh heç bir mötəbər sübutunu, o cümlədən bilavasitə iddiaçı tərəfindən onun qızının təhsil haqqının ödənilməsini təsdiq edən ödəniş qəbzini məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında rəsmi qohumluq münasibətlərinin olmadığı bir halda iddiaçının cavabdehə 1000 manat məbləğində pulu köməklik məqsədi ilə verməsi işin halları ilə sübuta yetirilmir. Belə olan halda məhkəmə hesab edir ki, 1000 manat məbləğdə pul borc predmeti kimi qiymətləndirilməli və ödənilməmiş borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 91.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərcini tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, iddia təmin edilməli və Cavabdeh 1000 (min) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1030 (min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,238-253-cü və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1000 (min) manat məbləğində borc pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1030 (min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1316/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1316/2025
12.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver