Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1317/2021 24.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul və ziyan tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh təqsiri üzündən ona dəymiş 422 manat məbləğdə ziyanın və 20 manat dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21.01.2021-ci il tarixdə cavabdeh idarə etdiyi “VAZ 2103” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun idarə etdiyi “VAZ-21214-011-50” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomaşınını vuraraq, yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh vermə haqqında 22.01.2021-ci il tarixli TP4151506 saylı qərarla cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, ona 40 manat məbləğində inzibati tənbeh təyin edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 422 manat maddi ziyan dəymişdir. Bu hal 1 saylı Texniki Xidmət Stansiyasının 08.04.2021-ci il tarixli T1160 saylı ziyan aktı ilə təsdiq olunur. Cavabdehə dəfələrlə ona dəyən maddi ziyanı ödəməsi və ya avtomaşınını özü təmir etdirməsi üçün müraciət etmiş, lakin cavabdeh bundan yayınmışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, hazırda avtomaşınını təmir etdirdiyini, hadisə baş verən ərəfədə cavabdehin icbari sığortası olmadığına görə, ona sığorta tərəfindən ziyan ödənilmədiyini, cavabdehə ziyanı ödəməsi üçün dəfələrlə müraciət etdiyini, lakin cavabdehin ona dəyən ziyanı ödəmək fikrində olmadığını, iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, 21.01.2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “VAZ 2103” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə hərəkətdə olarkən iddiaçının idarə etdiyi “VAZ- 21214-011-50” markalı ** EA *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. İnzibati tənbeh haqqında 22.01.2021-ci il tarixli TP4151506 saylı qərarla İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 40 manat məbləğində inzibati tənbeh təyin edilmişdir. O, həmin cəriməni ödəmişdir. İddiaçıya dəymiş ziyanı ödəmək fikri yoxdur, ona görə ki, ziyan artıq hesablanmışdır. 1 saylı Texniki Xidmət Stansiyasının 08.04.2021-ci il tarixli T1160 saylı ziyan aktında göstərilən məbləğlə razı deyil və hesab edir ki, ziyan çox hesablanmışdır. Lakin dəymiş ziyanın ziyan aktında göstəriləndən az olmasına dair məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan inzibati tənbeh haqqında 22.01.2021-ci il tarixli TP4151506 saylı qərardan müəyyən olunur ki, Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İş materiallarında olan 1 saylı Texniki Xidmət Stansiyasının 08.04.2021-ci il tarixli T1160 saylı ziyan aktından müəyyən olunur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı avtomaşınına 422 manat maddi ziyan dəymişdir. İş materiallarında olan 08.04.2021-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın əsaslı olması üçün cavabdehin təqsirli hərəkəti nəticəsində iddiaçıya ziyan vurulmasını, cavabdehin iddiaçı qarşısında öhdəliklərinin yaranmasını şərtləndirən hüquqi faktların olması müəyyən edilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya məxsus olan “VAZ 2103” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomaşına 422 (dörd yüz iyirmi iki) manat məbləğində ziyan dəyməsi işdə olan sübutlarla öz təsdiqini tapır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 422 (dörd yüz iyirmi iki) manat məbləğdə pul və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-1317/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1317/2021
24.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver