Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1325/2020 01.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1400 (min dörd yüz) manat pulun və 2800 (iki min səkkiz yüz) manat aəldən çıxmış faydanın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehi uzun müddətdir ki, tanıyır. Cavabdeh ona 1400 manat pul borcludur. Həmin pulun 1100 manatını almasına dair onunla notarial qaydada müqavilə bağlamışlar, qalan 300 manat məbləği isə ona müqaviləsiz vermişdir. Beləliklə cavabdeh hal-hazırda ona 1400 manat pul borcludur, dəfələrlə cavabdehdən pulunu tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələrlə onun pulunu ödəməkdən yayınmışdır. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq 1100 manatdan əlavə 300 manat pulu cavabdehə verməyinə dair məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxxx 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış və iddiaçı cavabdehə 1100 manat məbləğində pul məbləğini xx.xx.2016-cı il tarixədək faizsiz vermişdir. xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə borcun qaytarılması tələbi ilə rəsmi müraciət etmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından cavabdehin iddiaçıdan 1100 ( min yüz) manat məbləğində pulu faizsiz olaraq götürdüyü və qaytarmadığı müəyyən edilir. Lakin, iddiaçı tərəfindən əlavə 300 manat məbləğində pulun verilməsinə və 2800 manat məbləğində əldən çıxmış faydaya dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1100 (min yüz) manat məbləğində pul və 20 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 1100 (min yüz) manat məbləğində pul və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1325/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1325/2020
01.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver