Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1345/2025 08.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9500 (doqquz min beş yüz) manat pulun və ödədiyi 115 (bir yüz on beş) manat dövlət rüsümunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır, onun yaxın dostu olmuşdur. Onunla münasibətləri həmişə normal olmuşdur. 02 iyul 2019-cü il tarixdə cavabdeh onun yanına gələrək borc pul istəmiş, pulu istəməsini müəyyən problemi yarandığına görə pul lazım olması ilə izah etmişdir. O, cavabdehə bildirmişdir ki, nağd pul yoxdur. Lakin, cavabdeh yenə də ondan əl çəkməmişdir. Cavabdehlə münasibəti yaxşı olduğu üçün və cavabdeh dostu olduğu üçün 8500 (səkkiz min beş yüz) manat öz adına "xxxx" ASC-nin Xaçmaz filialından kredit çıxarmış və cavabdehə vermişdir. Aldığı 8500 manatı bütövlükdə cavabdehə vermişdir. Razılaşmaları əsasında cavabdeh hər ayda krediti onun əvəzinə ödəməli idi. Cavabdeh pulu ödəməkdən yayındığı üçün bankdan aldığı məbləğ onun əmək haqqından tutulmuş və nəticədə o, banka cəmi 9500 (doqquz min beş yüz) manat kredit tam ödəmişdir. O, bu barədə cavabdehə bildirmiş, lakin o, da öz növbəsində evlərində olan problemlərə bağlı kredit pulu ödəyə bilmədiyini bildirərək ona olan borcunu yaxın vaxtlarda tam ödəyəcəyinə söz vermişdir. O, bu dəfə də cavabdehə inanmışdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdehin əvəzinə onun əmək haqqından 9500 manat pul ödənilmişdir. Cavabdehdən pulu tələb etdikdə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınır. Beləliklə təqdim etdiyi çıxarışlar üzrə və "xxxx" ASC-nin ona verdiyi arayışlar üzrə ümumilikdə 9500 manat pul ödəmişdir. Cavabdeh 23 iyun 2025-ci il tarixdə Xaçmaz rayon Məhkəməsinə ərizə verərək, qeyd etmişdir ki, iddiaçıya 9500 manat pul borcludur, maddi imkanı zəif olduğu üçün həmin pulu tam şəkildə qaytara bilmir, 6 ay müddətində hissə-hissə qaytarmaq iqtidarındadır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, cavabdeh ona borclu olduğu 9500 manat puldan 500 manat pulu ödəmişdir, ona görə də hazırda cavabdehdən 9000 manat pulun alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ərizədə yazılanlara uğun izahat vermiş və Cavabdeh 9000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, cavabdehin iddianın etiraf etməsi məzmununda ərizəsini nəzərə almaqla, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh tərəfindən etiraf olunduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsi üzrə ödəniş cədvəlindən müəyyən olunur ki, o, bankdan aldığı 8500 manat məbləğində kredit üzrə xx.xx.2019- xx.xx.2024-cü illəri əhatə edən hesabat tarixləri ərzində müvafiq ödənişlər etmişdir. 28 fevral 2025-ci il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən cavabdehə qarşı iddianın məhkəməyə verilməsi üçün 115 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. 730.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" ASC-nin Xaçmaz filialından 8500 (səkkiz min beş yüz) manat kredit alaraq cavabdehə vermiş, onların razılaşmalarına əsasən cavabdeh hər ay iddiaçının aldığı krediti banka ödəməyi öhdəsinə götürsə də. pulu ödəməkdən yayınmış, bu səbəbdən iddiaçının bankdan aldığı kredit üzrə borc məbləği onun əmək haqqından tutulmuş və nəticədə iddiaçı banka cəmi 9500 (doqquz min beş yüz) manat məbləğində kredit ödəmişdir. İş üzrə cavabdeh iddiaçıya 9500 manat pul ödəməli olmasını məhkəməyə təqdim etdiyi 23 iyun 2025-ci il tarixli ərizəsində etiraf etmiş və borcunu hissəhissə qaytarmaq iqtidarında olduğunu qeyd etmişdir. Eyni zamanda iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizəsində göstərmişdir ki, cavabdeh ona borclu olduğu 9500 manat puldan 500 manat pulu ödəmişdir, ona görə də hazırda cavabdehdən 9000 manat pulun alınaraq ona verilməsini xahiş edir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, hazırda cavabdeh iddiaçıya 9000 manat məbləğində pul borcludur və həmin borcunu qaytarmamışdır. Belə olan halda məhkəmə iddia tələbinin tam həcmdə sübuta yetirildiyini və əsaslı olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.4.-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən iş üzrə ödənilmiş məhkəmə xərclərini tələb etdiyindən və iddia tələbi tam təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməlidir. Belə olan halda iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 115 manat məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin hallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyib, cavabdehlərin etirafını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli və 9000 (doqquz min) manat məbləğində borc pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 115 (yüz on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 9000 (doqquz min) manat məbləğində borc pul və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 115 (yüz on beş) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1345/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1345/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver