Məhkəmə qərarları › İş №2(067)-1347/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1347/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1347/2021 10.11.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə 10 noyabr 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçının xeyrinə 25.08.2014-cü il tarixli kredit müqaviləsi üzrə 11889,34 ABŞ dolları məbləğində əsas, 12026,25 ABŞ dolları faiz, 14289,21 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 25.12.2018-ci il tarixdən 26.02.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 1293,6 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla cəmi 39498,4 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 25.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15670 ABŞ dolları kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İş üzrə iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq iddiaya iddiaçının iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, bankın ona qarşı iddiası ədalətsiz iddiadır. Onun səhhəti çox ağır vəziyyətdədir, borcu banka ödəyə bilmir. Həmçinin ekspert rəyi ilə də razı deyil. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 18 faizlə 36 ay müddətinə 15670 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 04.10.2021-ci il tarixli 9/5973 nömrəli rəyindən müəyyən olunur ki, 25.08.2014-cü il tarixli, 22-A-1-0-1149-14 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq kredit müqaviləsi dövründə illik 18%-lə, müqavilə müddətindən sonra illik 5%-lə faiz borcu hesablanmaqla Cavabdeh 19.04.2021-ci il tarixə banka olan əsas və faiz borcu 20675,73 ABŞ dolları müəyyən edilir, o cümlədən: 19.04.2021-ci il tarixə: əsas borc üzrə 11893,99 ABŞ dolları, faiz borcu üzrə 7404,01 ABŞ dolları (illik 18%), faiz borcu üzrə 1377,72 ABŞ dolları (illik 5%). Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əcər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11889,34 ABŞ dolları məbləğində əsas, 7404,01 ABŞ dolları məbləğində faiz, 100 ABŞ dolları cərimə borcu qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində manatla və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatına görə 200 manat məbləğində pul Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar