Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1362/2025 03.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi X3, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmədə iddia qaldıraraq təbiətə dəymiş ziyana görə 410.48 (dörd yüz on manat qırx səkkiz qəpik) manat məbləğin Cavabdeh tərəfindən 5 saylı Regional Ekologiya vs Təbii Sərvətlər İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu Xudat şəhəri S.Stalski küç. ev 10-da yaşayan Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar edilərək İdarə əməkdaşları tərəfindən qanuna müvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh “X2” Azərbaycan Respublikası qanununun tələblərini pozmuş, nəticədə Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 636 saylı və xx.xx.2004-cü il tarixli 145 saylı qərarı ilə “Meşə təsərrüfatına dəymiş ziyanın hesablanması və ödənilməsi Qaydası”na əsasən onun tərəfindən təbiətə dəymiş ziyana görə 410.48 (dörd yüz on manat qırx səkkiz qəpik) manat iddia məbləği hesablanmışdır. Təbiətə dəymiş ziyanı könüllü şəkildə ödəməsi üçün barəsində qaldırılmış iddia və təbiətə dəymiş ziyanın hesabat cədvəlini Cavabdeh xx.xx.2023-cü il tarixli, Ç- İM/4423-010-177 saylı məktubla göndərilsə də o, iddia məbləğini ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, 2023-cü ildə tara emalı sexində qanunsuz kəsilmiş ağaclar aşkar edilmiş, cavabdehin bu barədə izahatı alınmışdır. Cavabdeh öz izahatında kəsilmiş ağaclara görə dəymiş ziyanı könüllü ödəyəcəyini bildirmişdir. Onun ağacların kəsilməsi üçün icazə sənədi olmamışdır. Kəsilmiş ağacların fotoşəkilləri yoxdur, inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliklə meşə fondunda olan ağac materiallarının kəsilməsinə görə ziyan məbləği hesablanır. İlkin araşdırmanı o aparmadığı üçün fotoşəkillər onda yoxdur. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həmin ağacları o kəsməmiş, ağacların kəsilməsi zamanı iştirak etməmişdir. Çinar ağaclarını ayrıayrı vətəndaşlar öz torpaq sahələrindən, həyətindən kəsib gətirərək sexə satıblar, onlar həmin ağacları bu cür istifadə etmişlər. Yeşik sexində işləmişdir, həmin ağaclardan yeşik emalı üçün istifadə etmişlər. Ağacları o kəsməmiş, o satmamışdır. Ekologiyanın işçiləri özüləri qanunsuz ağac kəsilməsinə şərait yaradır. O, yeşik sexində işləyən vaxt digər şəxslər ağacları kəsib satmağa gətirmişlər, o da almışdır. Ağacları satanda onlardan sənəd tələb etməmişdir. İddiaçı tərəf də ondan rəsmi sənəd tələb etməmişdir. Artıq 2-3 ildir ki, səhhəti ilə əlaqədar işləmir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -xx.xx.2023-cü il tarixli 77287 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar olunmuşdur. -təbiətə dəymiş ziyanın hesablama cədvəlindən görünür ki, Cavabdeh tərəfindən təbiətə vurulmuş ziyan 410.48 manat hesablanmışdır. -xx.xx.2023-cü il tarixdə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Adil Məcidovun, Mövlüddin Ağamuradovun, Murad Muradovun və Cavabdeh iştirakı ilə tərtib olunmuş baxış aktından görünür ki, Xudat-Xaçmaz yolunun sağ tərəfində köhnə “Sovxozstroy” adlanan ərazidə fəaliyyət göstərən ağac emalı tara sexində monitorinq keçirmişlər. Bu zaman sexin ərazisində 5 m3 həcmində qovaq cinsinə mənsub (çinar) işliyə yararlı oduncaq aşkar olundu, oduncaq üçün hər hansı bir sənəd təqdim olunmadı. - Cavabdeh izahatından görünür ki, Xudat-Xaçmaz yolunun kənarında köhnə “Sovxozstroy”un həyətində tara istehsalı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə Ekologiya işçilərinin monitorinqi zamanı beş kub metr həcmində sənədi olmayan kəsilən yeri naməlum işliyə yararlı qovaq (çinar) cinsinə mənsub ağac materialı aşkar olundu. Oduncağı tanımadığı şəxsdən almışdır. Qanunsuz oduncağa görə dövlətə dəymiş ziyanı könüllü ödəməyə söz verir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən Xaçmaz rayonu Nərəcan kəndində 5 m3 həcmində oduncağın əldə olunaraq istifadə edilməsi faktı aşkar edilərək İdarə əməkdaşları tərəfindən sənədləşmə işləri aparılmışdır. Cavabdeh tərəfindən təbiətə dəymiş ziyana görə 410.48 manat iddia məbləği hesablanmışdır. Cavabdeh iddia tələbini qəbul etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun: 15.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi (kəsilməsi), zədələnməsi və ya məhv edilməsi zamanı onların bərpa dəyərinin hesablanması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq bu bitkilərin cinsi, növü, yaşı və digər keyfiyyət göstəriciləri nəzərə alınmaqla, həmin tarixə olan bazar qiymətləri əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəf təbiətə zərər vurulduğunu və bu zərərin cavabdeh tərəfindən vurulduğunu iddia etsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı tərəf öz iddiasının əsası kimi yalnız müvafiq aktları məhkəməyə təqdim etmiş, qanunsuz kəsildiyi iddia edilən ağacların foto və ya video görüntüsünü, ağacların qanunsuz kəsilməsi ilə bağlı tərtib olunmalı olan inzibati xəta haqqında protokolu, bu protokol əsasında inzibati məsuliyyətə cəlbetmə barədə müvafiq qərarı o cümlədən, həmin ağacların məhz cavabdeh tərəfindən kəsildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı “təbiətə dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-1362/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1362/2025
03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver