Məhkəmə qərarları › İş №2(067)-1389/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1389/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1389/2021 12.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində 12 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2846.00 manat məbləğində əsas, 833.00 manat faiz, 30,41 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə borclu Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə illik 28% olmaqla 5000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay 276 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 Fərasəddin oğlu zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı tərəfin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 02.03.2015-ci il tarixli **********0228 saylı kredit müqaviləsindən görünür ki, borcluya illik 28% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə Cavabdeh2 zamin qismində iştirak etmişdir. İş materiallarından müəyyən olunur ki, 02.03.2015-ci il tarixli **********0228 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair sazişə əsasən əsas borc 2846 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 30 avqust 2021-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və Cavabdeh1 ilə iddiaçı «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatı arasında bağlanmış 02.03.2015-ci il tarixli **********0228 nömrəli kredit müqaviləsinə əsasən 04.04.2016-cı ildə restrukturizasiyasına dair saziş müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 Banka olan borcu iddiaçının iddia verdiyi tarixədək 22.04.2021-ci il tarixədək əsas borc üzrə 2846,0 manat, faiz borcu üzrə 4599,14 manat müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasınınnın Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 241-242, 252-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2846.00 manat məbləğində əsas, 833.00 manat faiz, 30,41 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq «FİNCA Azerbaijan» MM Qeyri Bank Kredit Təşkilatının ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar