Məhkəmə qərarları › İş №2(067)-1394/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1394/2021

01.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1394/2021 01.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki işə 01 iyun 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış 20.09.2019-cu il tarixli, İK saylı 7580/F-19 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi və cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə 1498,38 manat əsas borc, 5,48 manat faiz borcu, 1,89 manat cərimə borcu, cəmi 1505,75 manat kredit borcu və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 14.07.2015-ci il tarixli 4893/F-15 saylı kredit müqaviləsi üzrə Bank tərəfindən cavabdehə 24 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit verilmiş və tərəflər arasında bağlanmış 20.09.2019-cu il tarixli İK № 7580/F-19 saylı güzəştli kredit müqaviləsinə əsasən vaxtı keçmiş həmin kredit borcunun restukturizasiyası barədə razılığa gəlmişlər. Bu məqsədlə Bank 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərtilə 1499 manat məbləğində kredit vermişdir. Digər Cavabdeh1 ilə 20.09.2019-cu il tarixli İK № 7580/F-19 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmişdir. Belə ki, Cavabdeh2 əsas borcdan 1498,38 manat, faiz borcundan 5,48 manat, cərimə borcundan 1,89 manat, cəmi 1505,75 manat kredit borcu qalmışdır. Ona görə cavabdehlərə qarşı məhkəmədə iddia qaldırılmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar öhdəliyi hazırkı vaxtadək icra etməmişlər. Cavabdehin kreditdən təyinatı üzrə istifadə etməməsinə dair onlarda məlumat yoxdur. Göstərilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 14.07.2015-ci il tarixli 4893/F-15 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin pozulması hallarında kredit verən müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış məbləği faizi ilə birlikdə geri ödənilməsini tələb edə bilər. Müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 arasında 20.09.2019-cu il tarixli İK № 7580/F-19 saylı zaminlik müqaviləsi imzalanmışdır. İş materiallarında olan 29.01.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 iddiaçı təşkilata 20.09.2019-cu il tarixli İK № 7580/F-19 saylı güzəştli kredit müqaviləsinə əsasən 1498,38 manat əsas borcu, 5,48 manat faiz borcu, 1,89 manat cərimə borcu, cəmi 1505,75 manat kredit borcu manat məbləğində borcu vardır. İş materiallarında olan 06.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi tələbi ilə bağlı xəbərdarlıq edilmişdir. İş materiallarında olan 16.03.2021-ci il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar cəmi 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli, İK saylı 7580/F-19 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli, İK saylı 7580/F-19 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə1498,38 manat əsas borc, 5,48 manat faiz borcu, 1,89 manat cərimə borcu, cəmi 1505,75 manat kredit borcu məbləğində borc və 30 manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 20.09.2019-cu il tarixli, İK saylı 7580/F-19 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyəti-nin xeyrinə 1498,38 (min dörd yüz doxsan səkkiz manat, otuz səkkiz qəpik) manat əsas borc, 5,48 (beş manat qırx səkkiz qəpik) manat faiz borcu, 1,89 (bir manat, səksən doqquz qəpik) manat cərimə borcu, cəmi 1505,75 (min beş yüz beş manat, yetmiş beş qəpik) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar