Məhkəmə qərarları › İş №2(067)-1408/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1408/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1408/2024 10.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6395,74 manat əsas, 370,92 manat faiz borcu, 94,90 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 6861,56 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 88,62 manat pulun alınaraq iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq təkrarən heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək iş həcminin çoxluğu nəzərə alınmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə həmçinin iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. İddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 avqust 2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 12000 AZN məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2023-cü il sentyabrın 15dək Cavabdeh banka 04 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 6395,74 AZN əsas borc, 370,92 AZN faiz borcu və 189,79 AZN cərimə borcu olmaqla ümumilikdə cəmi 6956,45 AZN borcu vardır. Cavabdehin 04 avqust 2022 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 189,79 AZN təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50% miqdarında olmaqla, yəni 94,90 AZN məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçınr. Göstərilənlər, kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla Cavabdeh 6395,74 manat əsas, 370,92 manat faiz borcu, 94,90 manat cərimə borcu olmaqla cəmi 6861,56 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 88,62 manat pulun alınaraq iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Razılaşma (Əlavə № 1) sənədindən görünür ki, Cavabdeh 04 avqust 2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 16 faizlə 36 ay müddətinə 12000 AZN məbləğində kredit götürmüş və həmin razılaşma sənədində göstərilən şərtlərlə tanış olub sənədin bütün şərtləri və öhdəlikləri ilə razı olmasını imzası ilə təsdiq etməklə alınmış krediti ödəniş cədvəlinə əsasən müəyyən olunmuş vaxtlarda ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 05 sentyabr 2023-cü il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, cavabdehə müqavilə üzrə borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin 15 sentyabr 2023cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə 6395,74 manat əsas, 370,92 manat faiz, 94,90 manat cərimə borcu olmaqla cəmi 6861,56 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 88,62 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Yeni-Həyat qəsəbəsində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 21-ci maddəsinə görə hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər oorclu öhdəliyin lazımınca icra edilməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməsi üçün cərimə ödədiyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ərizəyə əlavə edilmiş sənədləri əsas götürərək, hesab edir ki, iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti mövcud kredit müqaviləsi üzrə 6395,74 manat əsas, 370,92 manat faiz borcuna 94,90 manat məbləğində dəbbə pulu (cərimə) hesablaması bu borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə 6395,74 manat əsas, 370,92 manat faiz borcuna hesablanmış 94,90 manat məbləğində cərimənin məbləğini azaldaraq 20 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh 87,86 manat dövlət rüsumu tutularaq iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməlidir. Rüsum qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 6395,74 manat əsas, 370,92 manat faiz borcu, 20 manat cərimə borcu olmaqla ümumilikdə cəmi «Yelo Bank” Açıq Səhmdar Cəmiyyəti manat məbləğində borc və 87,86 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı «Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6395,74 manat (altı min üç yüz doxsan beş manat yetmiş dörd qəpik) əsas, 370,92 manat (üç yüz yetmiş manat doxsan iki qəpik) faiz borcu, 20 (iyirmi) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 6786,66 manat (altı min yeddi yüz səksən altı manat altmış altı qəpik) məbləğində borc və 87,86 manat (səksən yeddi manat səksən altı qəpik) məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar