Məhkəmə qərarları › İş №2(067)-1412/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1412/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1412/2023 02.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 3400 manat pulun və ödənilmiş 54 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi 5-6 ildir ki, tanıyır. Tanışlığı onun qardaşı Mahir vasitəsilə olmuşdur. Belə ki, Mahirlə yoldaşlıq etmişdir. Bilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən ailəlilər üçün yataqxanada yaşayır. 2021-ci ilin avqust ayında Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkının qarşısında təsadüfən cavabdehlə rastlaşmışdır. Söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, Xaçmaz şəhəri N.Nərimanov 68B ünvanda yerləşən yataqxanadakı bir otaqlı mənzili satmaq istəyir və xahiş etmişdir ki, müştəri tapmaqda ona köməklik etsin. Onun ərdə olan qızı Turanə ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Bir ata olaraq qızına ev almaqda köməklik etmək istəmiş, lakin münasib qiymətə ev tapa bilməmişdir. Cavabdehdən evi neçəyə satdığını soruşduqda bildirmişdir ki, 3600 manat pula satır. Ona demişdir ki, ola bilər həmin mənzili qızı Turanə üçün alsın və ondan bir neçə gün vaxt istəmişdir. Bundan sonra o qızı Turanə və əri Etibar ilə məsələ barədə danışmışdır. Onlar bildirmişlər ki, 3400 manat pula imkanları çatar. Bir neçə gündən sonra yenidən cavabdehlə görüşmüş və ona bildirmişdir ki, satdığı mənzili 3400 manat pula ala bilər. Cavabdeh onunla razılaşmış, 2021-ci ilin avqust ayının sonlarında tanışları Şahid2 və Şahid1 iştirakları ilə cavabdehə Xaçmaz şəhəri N.Nərimanov küçəsində yerləşən Heydər Əliyev parkında 3400 manat pul vermişdir. Bu zaman cavabdeh ondan xahiş etmişdir ki, bu söhbətdən qardaşı Mahirin xəbəri olmasın, çünki o xəbər tutsa, pulları ondan alacaqdır. Pulu aldıqdan sonra cavabdeh bildirmişdir ki, satdığı mənzildə hazırda şəkilçi Akif adlı şəxs yaşayır, hər ay kirayə pulu olaraq Akif ona 50 manat ödəyir. Əgər qızı təcili həmin evə köçmək istəmirsə, qoy Akif mənzildə qalıb yaşasın və aylıq kirayə pulunu ondan özü alsın. O da razılaşmışdır. Akif həmin mənzildə bir neçə ay yaşasa da, qızı Turanə ondan kirayə haqqı almamışdır. Qızı Akifi mənzildən çıxarmış və orada təmir işləri görərək, ailəsi ilə birlikdə həmin köçmək istəmişdir. Bu ərəfədə cavabdeh yenə də onunla rastlaşmış və xahiş etmişdir ki, əgər mənzil hazırda boşdursa müvəqqəti olaraq ora köçüb yaşasın və ayda 60 manat kirayə haqqı ödəyəcəkdir. O cavabdehi və qardaşı Mahiri tanıdığı üçün buna razılaşmış və onun yenidən mənzilə köçüb müvəqqəti yaşamasına icazə vermişdir. Cavabdeh ona kirayə haqqı verməmiş və ondan tələb etmişdir ki, mənzili boşaltsın ki, orada təmir işləri görüb, qızım Turanə ailəsi ilə birlikdə həmin mənzilə köçüb yaşasınlar. Cavabdeh mənzili boşaltmaqdan imtina etmiş və heç vaxt həmin mənzildən çıxmayacağını bildirmişdir. Cavabdehdən xahiş etmişdir ki, ondan aldığı 3400 manat pulu geri qaytarsın. Cavabdeh pulu qaytarmaqdan da imtina etmidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, neçə il bundan əvvəl qızının əri 25000 dollar pul almışdır. Cavabdeh demişdir ki, evi 3600 manata satır. O da qızının ərindən pulları alıb Şövqi və Bəhruzla birlikdə cavabdehin yanına gəlmiş, pulu cavabdehə vermiş, evə də baxmamışdır. Cavabdeh demişdir ki, evdə də kirayəçi qalır, ondan pulu alar. Ayda da kirayəçi ona 50 manat vermiş, həmin pulu qızına vermişdir. Bir neçə ildən sonra cavabdehi görmüş, evi qızı üçün təmir etdirəcəyini bildirmişdir. Həmin vaxt ev boş olmuş, ev boş olduğundan cavabdeh evdə qala bilməsini təklif etmişdir. O, da razılaşmışdır. Sonra cavabdeh demişdir ki, ona 60 manat pul verəcəkdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, evi satmaq istəmişdir. Onların söhbəti 2016-cı ildə olub. evi satıb 1-ci mərtəbədə otaq almaq istəmişdir. İddiaçı gəlib evə baxmış və ona 500 manat pul vermək istəyəndə demişdir ki, belə pul vermirlər, ya gedək notariusun yanında, ya da bir nəfər çağırsın onun yanında versin. İddiaçı demişdir ki, notariusa getməyə vaxtı yoxdur, notarius lazım deyil. Belə olan halda o qonşuluqda, 5-ci mərtəbədə yaşayan qonşunu çağırmış və onun yanında iddiaçı ona evin içərisində 500 manat pul vermişdir. İddia tələbi tamamilə əsasızdır. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, iddiaçı ilə həmkəndlidir. İddiaçı ona bildirmişdir ki, ev alır. Çoxdankı söhbətdir, ili tam xatırlamır. Amma dəqiq bilir ki, bu məsələ pandemiyadan öncə olub. İddiaçı Camid onun yanında iddiaçı qadına 3400 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, yolda iddiaçı ilə rastlaşmış, iddiaçı ona demişdir ki, ev almışdır, 3400 manat pul verməlidir. Birlikdə “Xəzər”in qarşısına gəlmişlər və pulu cavabdehə vermişdir. İddiaçı ona 3400 manat pul verəcəyini demişdir, amma o pulu saymamışdır, pulun nə qədər olduğunu da bilməmişdir. İddiaçı pulu sayarkən onlar bir az aralıda olmuşlar. Bu söhbət 5 il, 6 il əvvəl olub, yadında qalmayıb və dəqiq vaxtını deyə bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, cavabdeh ilə qonşudur. 2016-cı ildə ev söhbəti olanda cavabdeh onu çağırmış, pul da onun yanında verilib. Məhkəmə iclasından bir gün öncə iddiaçı onu çağırıb demişdir ki, ona pul verəcəkdir, desin ki, 3500 manat pulu cavabdehə vermişdir. O isə bununla razılaşmadı və məhkəmədə həqiqəti söyləyəcəyini demişdir. İddiaçı cavabdehə 2016-cı ildə 500 manat pul verib. Həmin pulu iddiaçı cavabdehin evində verib. iddiaçı cavabdehə pul verəndə o orada olmuşdur. Başqa heç kim olmamışdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, iddiaçı və cavabdehin ifadələri arasında, həmçinin iddiaçının məhkəməyə dəvət etdiyi şahidlərlə cavabdehin dəvət etdiyi şahidin ifadələri arasında kəskin şəkildə ziddiyətlər üzə çıxmışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Xaçmaz rayon İcra hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat idarəsi tərəfindən X1 adına Xaçmaz Su kanalı idarəsinə təqdim etmək üçün verilmiş arayışı məhkəmədə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, sözügedən arayışda X1 ünvan 3 ünvanında yaşaması və orada ona məxsus otağın olması heç də o demək deyil ki, həmin otaq cavabdehlə mübahisəli olan otaqdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddianın əsaslığını təmin edə biləcək heç bir mötəbər sübutu mövcud deyil. Beləliklə işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar