Məhkəmə qərarları › İş №2(067)-1426/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1426/2021

03.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1426/2021 03.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit məbləğdə alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsinə əsasən Cavabdeh 13 yanvar 2005-ci il tarixdə X3 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X1 üçün tutulan alimentin miqdarını artıraraq hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi hər ay iki uşağa 350 manat məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 oktyabr 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə el adəti ilə toy edərək ailə qurmuşlar. Birgə faktiki nikahlarından 19 noyabr 2002-ci il tarixdə X4, 13 yanvar 2005-ci il tarixdə X3 və 18 iyul 2011-ci il tarixdə X5 adlı uşaqları doğulmuşlar. Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh ər-arvad kimi birgə yaşadıqları dövrdə 19 noyabr 2002-ci il tarixdə doğulmuş X4, 13 yanvar 2005-ci il tarixdə X3 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşlarna çatanadək saxlanılmaları üçün 22 iyul 2014-cü il tarixdən Cavabdeh hər uşağa görə 70 manat olmaqla, üç uşağa görə hər ay 210 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamənin çıxarıldığı vaxtdan uzun müddət keçmişdir. Bu müddət ərzində bazarda istehlak malların qiyməti artdığından ərzaq və sənaye mallarının qiymətində bahalaşma olmuşdur. Ona görə də son illər uşaqlarının saxlanılmasında çətinlik çəkir. Cavabdehin ödədiyi vəsait (aliment) uşaqlarının saxlanılmasnda göstərməli olduğu kömək üçün kifayət etmir. O, hesab edir ki, cavabdeh hər ay hər uşağa 175 manat aliment ödəmiş olsa, onların qabiliyyətini, maddi və mənəvi tələbatlarını təmin edə bilər. Cavabdeh son vaxtlar alimenti hissə-hissə və gecikdirməklə ödəyir. Əvvəllər alimenti ödəmədiyindən 9000 (doqquz min) manata kimi borc yığılıb qalıb ki, onu ödəməkdən müxtəlif bəhanələrlə şüurlu olaraq boyun qaçırır. Onun imkanı olmadığından, uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərini məhkəməyə, təqdim edə bilməmişdir. Lakin Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsindən göründüyü kimi, məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, yuxarıda adlarını qeyd etdiyi uşaqlar onların faktiki nikahlarından doğulmuşlar. Sözügedən Quba Rayon Məhkəməsinin qətnaməsi çıxarılarkən iş materiallarında uşaqların doğum haqqında şəhadətnamələrinin notariat qaydada təsdiq edilmiş surətləri olmuşdur. Bu, həmin qətnamədə qeyd edilmişdir. Onun yanında yetkinlik yaşına çatmayan uşaqları olduğundan cavabdehin yaşadığı yer üzrə məhkəməyə getməyə çətinlik çəkir. Həm də uşaqları hazırlıq kurslarında təhsil aldıqlarından Quba Rayon Məhkəməsinə gedə bilmir. Bu səbəblərdən də iddiaçının seçməsinə görə aidiyyət hüququndan istifadə edib iddianı yaşadığı yerə görə vermişdir. O, göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh birgə nikahdan olan 2 uşağı üçün ayda cəmi 130 manat aliment ödəyir. Bir oğlu hərbi xidmətdədir. Onun üçün ümumiyyətlə aliment ödəməmişdir. Uşaqlar məktəbə gedirlər, məktəb ləvazimatları, qida almağa gücü çatmır. Cavabdehin bağı, mal-qarası, avtomaşınları var, amma boşanarkən o, bütün əmlaklarını öz adından çıxarıb qardaşının adına keçirmişdir. O, cavabdehin ödədiyi 130 manat alimentin üstünə 20 manat da əlavə edib uşaqların müəllimlərinin pulunu ödəyir və valideyninin hesabına dolanır. Özü heç yerdə işləmir. Həmçinin, cavabdehin gəlirləri barədə sübutu yoxdur. Göstərilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərmişdir ki, o, alimentin iddiaçının istədiyi məbləğdə artırılmasına etiraz edir. Ona görə ki, köhnə VAZ 2106 markalı avtomaşını var, onu hərbi xidmətdəki oğlu üçün saxlamış, əgər istəyirsə avtomaşını iddiaçıya verəcəyini bildirmişdir. Avtomaşının 800 manat dəyəri olduğunu bildirmişdir. Bildirmişdir ki, bağını satıb ev tikmiş, hələ tam düzəltməmişdir. İkinci ailəsi və 3 uşağı olduğunu da bildirmişdir. Ona görə də hazırda iddiaçıya ayda cəmi 150 manat aliment ödəyə biləcəyini bildirmişdir. Bildirmişdir ki, maşın mühərrikləri təmir edir, ayda nə qədər pul qazandığını deyə bilmir. O, həmçinin bağı və əlavə gəlir yeri olmadığını da qeyd etmişdir. Göstərilənlərə əsasən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb iddiaçının izahatını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ərarvad kimi birgə yaşadıqları dövrdə 19 noyabr 2002-ci il tarixdə doğulmuş X4, 13 yanvar 2005-ci il tarixdə X3 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X5 adlı uşaqlarının yetkinlik yaşlarına çatanadək saxlnılmaları üçün 22 iyul 2014-cü il tarixdən Cavabdeh hər uşağa görə 70 manat olmaqla, üç uşağa görə hər ay 210 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan 13.04.2021-ci il taixli arayışdan müəyyən olunur ki, 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəlüdlü X5 anaları İddiaçı himayəsindədirlər. İddiaçının izahatından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh ər-arvad kimi birgə yaşadıqları dövrdə19 noyabr 2002-ci il tarixdə doğulmuş X4, 13 yanvar 2005-ci il tarixdə X3 və 18 iyul 2011-ci il tarixdə doğulmuş X5 adlı yetkinlik yaşna çatanadək saxlnılmaları üçün 22 iyul 2014-cü il tarixdən Cavabdeh hər uşağa görə 70 manat olmaqla, üç uşağa görə hər ay 210 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşaqlarını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay cəmi 350 manat sabit məbləğində aliment tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab edir ki, Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cəmi 210 manat alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Quba rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı məhkəmə qətnaməsinə əsasən 13 yanvar 2005ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200(bir iki yüz) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(027)-1395/2014 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. 13 yanvar 2005-ci il təvəllüdlü X3 və 18 iyul 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 100 (bir yüz) manat olmaqla, iki uşaq üçün cəmi 200 (iki yüz) manat sabit sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsuin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar