Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-143/2025 23.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehə verdiyi ümumilikdə 9800 manat məbləğində pulun, dövlət rüsumu kimi ödədiyi 120 manat, cəmi 9920 manat məbləğində pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanımamış, oğlu Orxan Məmmədov cavabdehi tanış etmiş, onların yaxın dostluq münasibəti vardır. Cavabdeh onu Rəhman adında bir şəxslə tanış etmişdir. Xaçmaz rayonu Rəhimoba kəndində yerləşən 2,2 ha torpaq sahəsini icarəyə alacağını və pomidor sahəsi əkiləcəyinə dair vəd verən şəxs Azad olmuşdur. 2024-cü ilin mart ayının əvvəllərində oğlu Orxan ilə söhbət əsnasında onun-tanışı olan Cavabdeh işləmədiyi üçün Xaçmaz rayonunda əkin sahəsi becərməyi və beləliklə də pul əldə edə biləcəyini bildirməsini demişdir. Həmin təklif ona uyğun gəldiyi üçün, habelə oğlu işləmədiyindən Xaçmaz rayonunda sahə əkərək, məhsulun satışından pul əldə etməyin ona xeyir verəcəyi üçün bu təkliflə razılaşmışdır. Orxana həmin Azad adlı şəxslə görüşmək üçün onları tanış etməyini xahiş etmişdir. Bu məqsədlə oğlu Orxanın iştirakı ilə Azad adlı şəxslə 2024-cü ilin mart ayının əvvəllərində Xaçmaz rayonu, Rəhimoba kəndinin girişində kənd istiqamətinə gedərkən yolun sağ tərəfində görüşmüş, sonra onlar kənddə yerləşən torpaq sahəsinə baxmaq üçün getmişlər. Kənddə yerləşən tanımadığı torpaq sahəsində Cavabdeh onları Rəhman adlı şəxslə görüşdürmüşdür. Rəhman adlı şəxs onlara buradakı torpaq sahəsi icarəyə verilməsini bütün danışılan işlər bu torpaq sahəsində yerinə yetiriləcəyini demişdir. Onlar da torpağa baxdıqdan sonra, həmin torpaq 2,2 ha ərazidən ibarət olmuşdur. Həmin icarə yeri bir əkin mövsümü üçün 1800 manat pula razılaşdırılmışdır. Rəhman və Azad ona Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən torpaq sahəsində pomidor əkilib becərilməsi üçün ümumilikdə 6300 manat pul istəmiş, o da həmin pulu yerindəcə 2024-cü ilin mart ayının əvvəllərində vermişdir. Pulu verdiyi zaman Azad ona bütün aparılan işlərə cavabdeh şəxs özü olmasını və sonda məhsulu danışdıqları üzrə təhvil verəcəyini demişdir. Həmin danışıqdan sonra Rəhman 1100 manat gübrə üçün pul istəmişdir. Həmin pulu 2024-cü ilin mart ayının axırlarında Rəhmanın ona göndərdiyi karta yaşadığı ünvan 1 ünvanından göndərmişdir. Bundan əlavə 2000 manat dəyərində gübrə, pomidor toxumu, yeşiklər almış, lakin Cavabdeh bütün aparılan işlərə cavabdeh şəxs özü olmasını və sonda məhsulu danışdıqları üzrə təhvil verəcəyini söz versə də, ona məhsulu təhvil verməmiş və onun pulunu mənimsəmişdir. Cavabdeh onun ona olan etibarından sui-istifadə etmiş və dələduzlluq edərək pullarını mənimsəmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh boynuna almışdır ki, hər şey onluqdur, onu tanımasaydı, Rəhmanla iş görməzdi. Cavabdehə pul verməmiş, pulu Rəhmana vermişdir. Rəhman öləndən sonra da cavabdeh demişdir ki, boyun olur, işi davam etdirsinlər. Lakin o verdiyim pulun müqabilində iş görülmədiyini, işi davam edə bilməyəcəyini demişdir. Cavabdeh özü gəlsəydi öhdəliyi olduğunu ona sübut edərdi. Məhkəməyə təqdim etdiyi diskdəki səs yazısında konkret olaraq ad çəkilmir, cavabdeh deyir krediti var, ondan və başqa bir şəxsdən kreditin pulunu çıxarmasını Rəhmana deyir. Gəlsəydi bunu da ona sübut edərdi. Əvvəlki məhkəmə iclasında iddiaçı göstərmişdir ki, o, pulu Rəhmana Azadın sözü ilə vermişdir. O, Rəhmanı tanımamış, Azad demişdir ki, onların nümayəndəsi özüdür, hər gün sahəyə də nəzarət edəcəkdir. 6300 manat pul vermiş, cəmi 9800 manata gəlib çıxmışdır. Demişdir ki, 40000 ədəd toxum, 900 ədəd toxum üçün kasetlər və 6 kisə də torf lazımdır. Onları o, alıb gətirmiş, onlarla birlikdə cəmi 9800 manat etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, cavabdeh iddiaya cavab verməli şəxs deyil. İddiaçı pul verdiyi mərhum Rəhmanın hüquqi vərəsələrindən pulunu tələb etməlidir. Öhdəliyi əsasən bir tərəfə bir tərəf o biri tərəfə pul, qarşı tərəf də pulu qəbul edib bunun müqabilində iş görməlidir. İddiaçı isə cavabdehə pul verməmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəliyi olduğunu etiraf etmir. Əvvəlki məhkəmə iclasında da cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, ibtidai istintaq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib. Orada cavabdeh ətraflı izahat vermişdir. İddiaçı pulu əlbəəl Rəhmana vermiş, cavabdehə yox. Ona görə də o, Rəhmanın hüquqi varislərinə qarşı iddia qaldırmalıdır. Azad bu işdə cavabdehlik daşımır. X2 arasında hər hansı razılaşma olduğu müəyyən olunarsa, Rəhmanın hüquqi varisləri Azada qarşı iddia qaldıra bilərlər. Cavabdeh tərəfindən iddiaçıdan pul alınmamışdır. Məhkəmə tərəflərin izahatıını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işi başlanması rədd edilmiş, müraciət mülki xarakterli olduğundan aidiyyəti üzrə mülki qaydada rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmuşdur. Həmin qərarda Cavabdeh izahatında göstərmişdir ki, Mübariz adlı şəxsi tanımış, tanımaq səbəbi isə onun oğlu Orxanla dost olmağı olmuşdur. Mübariz Xaçmaz rayonunda Rəhimoba kəndində yerləşən torpaq sahəsində pomidor ştili əkilərək, yetişən məhsulun satışından gəlir əldə edilməsi məqsədilə Rəhman adlı şəxslə münasibəti olması olmuşdur. O həmin şəxsləri yalnız tanış etmiş, onlarla hər hansı pul mübadiləsində iştirak etməmiş, görüləcək işlərdən heç bir xeyri olmamışdır. 19 aprel 2024-cü il tarixdə o zəng edərək Orxana onların iş gördüyü Rəhman adlı şəxsin vəfat etməsini bildirmişdir. Bundan sonra onlar özləri Rəhmanın ailəsinin yanına gələrək söhbətlər etmiş, Rəhmanın anası, bacısı, qardaşı verilən pulları təkzib etməmişlər. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı tərəfindən 120 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını və tərəflərin izahatlarını araşdıraraq hesab edir ki, iddia tələbi düzgün şəxsə qarşı yönəlməyib. Belə ki, iddiaçının pul tələbinə dair iddia ərizəsində cavabdeh şəxs qismində Cavabdeh qeyd etməsi düzgün deyil. Ona görə ki, iddiaçı özü də etiraf edir ki, pulu Cavabdeh yox, Rəhman adlı bir şəxsə vermişdir. Cavabdeh qismində qeyd olunan Azad Ramazovun iddiaçı ilə Rəhman adlı şəxs arasında baş tutumuş mülki hüquq münasibətlərində iştirak etməsi öz təsdiqi tapmamışdır. Belə olduğu halda, iddiaçının Cavabdeh qarşı sürdüyü iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-143/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-143/2025
23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver