Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1436/2020 16.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun, faizlərin və zərərin ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı borcun, faizlərin və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5050 manat pulun qaytarlmamış hissəsi olan 1860 manat məbləğində pulun, 400 manat məbləğində faizlərin, 1000 manat məbləğində mənəvi zərərin, 30 manat dövlət rüsumunun və 50 manat məbləğində hüquqi yardıma görə ödənilmiş pulun, cəmi 3340 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xahişi ilə xx xxx 2016-cı il tarixdə ona 5050 manat borc pul vermişdir. Həmin pulun cavabdehə verilməsi barədə aralarında kredit müqaviləsi bağlanmış və Xaçmaz rayon 1 saylı Notariat ofisində təsdiq edilmişdir. Bundan başqa notarius tərəfindən icra qeydi də verilmişdir. Müqaviləyə əsasən cavabdeh həmin pulu xx xxx 2016-cı il tarixə kimi qaytarmalı idi. Lakin cavabdeh həmin pulun 3200 manatını israrlı tələblərindən sonra bir neçə dəfəyə qaytarmış, lakin 1860 manat məbləği qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaq istəmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Hazırda cavabdeh tərəfindən borcun qaytarılmayan hissəsi 1860 manat təşkil edir. Dəfələrlə xəbərdarlıq edərək, cavabdehdən pulunu tələb etsə də borc qaytarılmamışdır. Borc alınmış pulun qaytarılmaması nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Əgər cavabdeh borc aldığı pulu vaxtında qaytarsaydı, həmin pulu mülki dövriyyəyə buraxıb 1000 manat pul qazanardı. Cavabdehin yalan vədlər verərək onu aldatması nəticəsində əsəbləşmiş, stres vəziyyətinə düşmüş, təkrar onu axtarmaqda davam edərək, 4 il ərzində taksi avtomobillərinə xeyli miqdarda pullar xərcləmişdir. Odur ki, cavabdeh pulun gec qaytarılması nəticəsində ona vurulmuş 1000 manat məbləğində mənəvi zərər də ödəməlidir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, İddiaçı onun oğludur. Onlar cavabdehi əvvəldən tanımışlar, bu səbəbdən oğlu Anar ona xx xxx 2016-cı ildə 5050 manat pul borc vermişdir. Cavabdeh borcunu xx xxx 2016-cı ilədək qaytarmalı idi, lakin aldığı puldan 3200 manatını hissə-hissə qaytarmış, 1860 manat isə borclu qalmışdır. Oğlu dəfələrlə cavabdehdən pulunu tələb etsə də, o, müxtəlif bəhanələrlə pulu verməkdən yayınır. Cavabdehə pul faizsiz verilmişdir. İddiaçı 400 manat faiz məbləğini ona görə hesablamışdır ki, cavabdeh pulun ödənilməsini gecikdirdiyinə görə dəfələrlə Bakı şəhərindən Xaçmaz şəhərinə onun dalınca gəlib-getmişdir. Cavabdeh pulu vaxtında qaytarsaydı iddiaçı hansısa işləri görə bilərdi və pul qazana bilərdi. Ona görə də iddiaçı 1000 manat pulu dəymiş zərərin əvəzi kimi tələb edir. Ona görə oğlu məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin fikrini dinləyib Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxx 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçıƏlifxanovAnar Məmmədağa oğlu ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə xx.xx.2016-cı il tarixədək qaytarılmaq şərtilə 5050 manat məbləğində borc pulu faizsiz olaraq vermişdir. xx xxxx 2016-cı il tarixli icra qeydinin surətindən müəyyən olunur ki, Cavabdeh İddiaçı xeyrinə 5050 manat məbləğində pulun tutulması üçün icra qeydi verilmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən borcun qalığının qaytarılması üçün cavabdehə yazılı xəbərdarlıq məktubu göndərilmişdir. Dövlət rüsumunun ödənilməsinə dair xx.xx.2020-ci il tarixli qəbzdən və həmin tarixli kassa mədaxil qəbzinin surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə Xaçmaz Rayon Məhkəməsinin hesabına 30 (otuz) manat dövlət rüsumu, hüquqi yardıma görə isə Xaçmaz Rayon Vəkil Bürosunun hesabına 50 (əlli) manat məbləğində pul köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehin ona borclu olmasını və cavabdehin həmin pulu ona qaytarmadığını sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından cavabdehin iddiaçıdan 5050 manat məbləğində borc pulu faizsiz olaraq götürdüyü və həmin puldan 1860 manat məbləğini qaytarmadığı müəyyən edilir. Lakin, iddiaçı tərəfindən cavabdehin onun pulunu qanunsuz saxlaması və buna görə 400 manat məbləğində faizlərin ödənilməli olmasına dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin1000 manat məbləğində mənəvi ziyanın ödənilməsinə dair hissəsi barədə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarından görünür ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, mülki-hüquq məsuliyyətinin və vurulmuş maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranması üçün üç mühüm şərt mövcud olmalıdır: 1) iddiaçının maddi zərərə məruz qalması; 2) bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi müəyyən olunmalıdır; 3) qanunsuz hərəkət və hərəkətsizliklə maddi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Göstərilən şərtlərin birinin mövcud olmaması mülkihüquq məsuliyyətinin, maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnun yaranmasını istisna edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” x xxxxxx 2008-ci il tarixli Plenum qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması), bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 1860 (min səkkiz yüz altmış) manat məbləğində kredit borcu, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu və 25 (iyirmi) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul tutularaq iddiaçı X2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1860 (min səkkiz yüz altmış) manat məbləğində kredit borcu, 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu və 25 (iyirmi) manat məbləğində hüquqi yardıma görə ödənilmiş pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Rüsumun və hüquqi yardıma görə ödənilmiş pulun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1436/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1436/2020
16.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver