Məhkəmə qərarları › İş №2(067)-1448/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1448/2022

05.08.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1448/2022 05.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh1 iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində 05 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq ünvan 1 ünvanında yenrləşən, xx.xx.1977-ci il tarixli 160 nömrəli orderlə ona verilmiş mənzilə müvafiq sənədlərin hazırlanması üçün cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon ZDS İK-nin xx.xx.1977-ci il tarixli 15 nömrəli qərarı ilə ünvan 1-yə onun adına həmin tarixli 160 nömrəli order verilmişdir. Qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq sənədlərin hazırlanaraq verilməsi üçün xx.xx.2022-ci il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin əməkdaşları yerində müayinə aparmaq istərkən cavabdehlər buna imkan verməmişlər. Cavabdehlər qeyd olunan mənzilə sonradan pasport qeydiyyatına düşmüşlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mübahisə predmeti olan mənzil 1977-ci ildə dövlət tərəfindən verilmiş, lakin özəlləşdirilməmişdir. 1982-ci ildə cavabdehin anası Simzar ilə ailə qurmuş, həmin vaxt cavabdeh Təranənin 12 yaşı olmuşdur. Cavabdehin anası ilə 1997-ci ildə boşanrmışdır. Cavabdeh həmin vaxtlar ailə qurub başqa ünvanda qeydiyyatda olub. Simzar ilə boşanandan sonra evdən çıxıb getməmişdir. Cavabdeh ondan xəbərsiz evə qeydiyyata düşüb. Eyni zamanda bildirmişdir ki, orderdə binanın nömrəsindəki uyğunsuzluq onun təqsiri deyil RİK-də belə yazılıb. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, ünvan 1 ünvanında yerləşən mənzildə anadan olmuşdur. Anadan olduğu gündən daimi həmin mənzildə yaşamış və qeydiyyatda olmuşdur. Mənzilin bütün kommunal xərclərini özü ödəmiş, mənzil daim onun istifadəsində və sahibliyində olmuşdur. Həmin evdən heç vaxt çıxmamışdır, hətta toyu da həmin mənzildə olmuşdur. Oğlu Nicat da həmin evdə anadan olmuş, anadan olduğu gündən həmin evə qeydiyyata düşmüş və daimi evdə yaşamışdır. Mərhum anası Simzar Əliyeva mübahisəli mənzilin faktiki sahibi olmuşdur. O, vəfat etdiyi günə qədər həmin evdə daimi yaşamış və həmin evdə də vəfat etmişdir. Onun vəfatından sonra isə evə sahiblik hüququ ona keçmişdir. İddiaçı mübahisəli mənzildə heç vaxt yaşamamışdır, onun mübahisəli evə qeydiyyatı və heç bir hüququ yoxdur. İddiaçı saxta yollarla mənzilə order əldə etmişdir. Order isə o evə aid deyil. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.1977-ci il tarixli 160 nömrəli orderin surətindən müəyyən olunur ki, Xaçmaz şəhəri Nərimanov küçəsi 42 saylı evə dair X3 adına order verilmişdir. Məhkəmə iclasları zamanı iddiaçıya mübahisə predmeti olan mənzilə dair ünvanın və və onun öz adının dəqiq və düzgün yazıldığı sənədi (orderi və sair) təqdim etmək təklif olunsa da, iddiaçı belə bir sənədi məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı mübahisə predmeti olan əmlak, yəni ünvan 1-yə qanuni sahibliyinə dair sənədi məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbini təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən iddia tələbi təmin edilə bilməz Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh1 və qeyrisinə qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar