Məhkəmə qərarları › İş №2(067)-1451/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1451/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1451/2024 11.07.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qıznın sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh, onun vəkili və nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdehə bağ dərmanlarını sahibkarlıq fəaliyyəti ilə əlaqədar satmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçıdan bağ dərmanlarını sahibkarlıq fəaliyyətinin həyata keçiriilməsi məqsədilə almışdır. Hazırda iddiaçıya onun 107235 manat pul borcu var. Məhkəmə iclasında cavabdeh tərəf iddia tələbini qəbul etməyərək təmin olunmamasını xahiş etdilər. Məhkəmə, tərəflərin və nümayəndələrin izahatını dinləyərək, mülki iş materiallarını və işin hallarını tədqiq edərək hesab edir ki, mübahisə kommersiya məhkəməsinə aid olduğundan iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X2 Şəhadətnamədən görünür ki, İddiaçı fəaliyyətini müvəqqəti dayandırsa da, vergi ödəyicisi olub, VÖEN ********** ona məxsusdur. Fəaliyyət istiqaməti tumlu və çəyirdəkli meyvələrin becərilməsi olmuşdur. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan və Azərbaycan Respublikası Vergilər Nazirliyi Fiziki Şəxsin X2 Şəhadətnamədən görünür ki, Cavabdeh vergi ödəyicisidir və VÖEN ********** ona məxsusdur. O, südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi ilə məşğuldur. Belə ki, iddia ərizəsindən, ona əlavə olunmuş sənədlərdən, Vergilər Nazirliyinin internet saytından və Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, tərəflər birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə aralarında nisyə alqı-satqı müqaviləsi bağlamışlar. Lakin cavabdeh aldığı malların dəyərini ödəmədiyindən aralarında yaranmış narazılıq səbəbindən iddiaçı pulunu geri tələb edir. Həmçinin ********** №-li VÖEN İddiaçı, ********** №-li VÖEN isə Cavabdeh məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.3-cü maddəsinə əsasən hakim özü mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. -24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli, 10 №-li Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 19-cu bəndində eyni zamanda məhkəmələrə izah edilir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, çoğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı və cavabdeh fərdi sahibkar statusuna malikdirlər. Bundan başqa məhkəmə iclasında hər iki tərəf aralarında olan münasibətlərin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə aparıldığını bildirmişlər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırda mövcud olan mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğundan iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və AR MPM-nin 32, 35, 45, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı nisyə satılmış malın dəyərinin ödənilməsi tələbinə dair ərizəsi üzrə 2(067)-1451/2024 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Qasımova Vüsalə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar