Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1490/2022 03.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 195 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 avqust 2014-cü il tarixdə faktiki nikah münasibətləri əsasında ailə qurmuşdur. Birgə nikahdan 2 uşaqları 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olublar. Xasiyyətləri uyğun gəlməməsi ailə münasibətləri pozulmuş və ər-arvad kimi bir yerdə yaşamalarını davam etdirmək mümkün olmamışdır. 30 yanvar 2020-ci ildə cavabdehdən ayrılıb valideynlərinin evində öz uşaqları ilə birlikdə yaşayır. Xaçmaz rayon məhkəməsi 2(067)-929/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən yetkinlik yaşına çatanadək hər uşağa 125 manat olmaqla, iki uşaq üçün onun xeyrinə hər ay sabit məbləğdə 250 manat miqdarında aliment qət edilmişdir. Lakin məhkəmənin qət etdiyi həmin aliment onu qane etmir. Evdar qadındır. Uşaqlar onun himayəsindədir. Ölkədə ərzaq məhsulları və digər əşyaların qiymətləri artıb, kommunal xərclər qalxıb. Ona görə də uşaqlarını maddi cəhətdən təmin etməkdə çətinlik çəkir. Cavabdeh uşaqların saxlanması üçün əlavə heç bir köməklik etmir. Cavabdeh Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində çalışır. Buna hər cür imkanı vardır. Hal-hazırda uşaqların tələbatları gündəngünə artır. Mövcud iqtisadi şəraitdə onları saxlamaqda, maddi tələbatlarının təmin edilməsində çox çətinlik çəkir. Cavabdehin aylıq ödədiyi hər iki uşaq üçün 250 manat onlara bəs etmir. Üstəlik onların geyiminin alınmasında, xəstələndikdə onların müalicəsini tək qadın olaraq çatdıra bilmir. Uşaqların bütün qayğı və ehtiyaclarını o çəkir, cavabdeh isə bunları nəzərə almır və uşaqlara qarşı heç bir diqqət və qayğı göstərmir. Ona görə də o «aliment məbləğinin artırılması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə xx.xx.2014-cü ildə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci ildə Yusif və xx.xx.2017-ci ildə Arzu adlı uşaqları anadan olublar. Cavabdehlə ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(067)-929/2020 saylı qətnaməsinə əsasən cavabdehdən hər bir uşağının saxlanılması üçün 12 manat olmaqla, cəmi 250 manat alimentin alınaraq ona verilməsi qət edilib. Cavabdeh 250 manat alimenti ödəsə də, bu məbləğ onu qane etmir, ona görə ki, 250 manatla uşaqları saxlamaq olmur. O uşaqların ərzaq və geyim ehtiyaclarını qarşılaya bilmir. Müəyyən olunmuş alimentin məbləğinin artırılmasını xahiş edir. O heç yerdə işləmir. Cavabdeh hərbi hissədə MAXE kimi xidmət edir. Cavabdeh 250 manat aliment ödəməkdən başqa heç bir köməklik göstərmir. Cavabdeh ayda hər bir uşaq üçün 180 manat aliment ödəsə də etirazı olmaz. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qismən qəbul edərək bildirmişdir ki, oğlu Cavabdeh müddətdən artıq xidmət edən hərbi qulluqçudur. Oğlu iddiaçıya hər ay cəmi 250 manat aliment ödəyir. Ayda hər bir uşaq üçün 195 manat aliment ödəməyə maddi imkanı yoxdur. Ona görə ki, o, özü də ailə quracaq və övladları olacaq, onları da saxlamaq lazımdır. Alimentin miqdarı artırılarkən bunların nəzərə alınmasını xahiş edir. Oğlunun əmək haqqısı barədə məlumatı yoxdur. Oğlunun başqa qazanc yeri yoxdur. Oğlu hər bir uşaq üçün ayda maksimum 150 manat aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyin iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-929/2020 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış nikahın pozulması, Cavabdeh 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-929/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 125 manat olmaqla cəmi 250 manat sabit məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay hər uşaq üçün 125 manat olmaqla hər ay cəmi 250 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 360 manat müəyyən olunduğundan, iddianın qiyməti 360 manat x 12 aya=4320 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(067)-929/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. 10 avqust 2015-ci il təvəllüdlü X6 və 23 iyul 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 63,20 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1490/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1490/2022
03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver