Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1493/2020 17.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində borcun, 500 manat məbləğində faizlərin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə cavabdehin xahişi ilə ona 800 manat və 2017-ci ilin iuyn ayında 200 manat borc pul vermişdir. Aralarında olan razılığa görə cavabdeh ondan aldığı cəmi 1000 manat pulu 2018-ci ilin yay aylarında gilas satışından sonra qaytaracağına söz vermişdir. Həm də borcdan əlavə hörmət də edəcəyini bildirmişdir. Lakin cavabdeh aldığı pulu bu vaxta kimi qaytarmamışdır. Dəfələrlə pulu onadan tələb etsə də cavabdeh aldığı pulu qaytarmaqdan yayınır. Cavabdeh ondan aldığı pulu etiraf edir, telefon watts up yazışmasında da borc aldığı pulu qaytaracağını vəd edir, lakin qaytarmaq istəmir. Cavabdeh həmçinin pulu qanunsuz özündə saxlamaqla faydalanmağa görə 500 manat məbləğində faizləri də ödəməlidir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh ondan borc alandan sonra kartından pul çıxarmaq üçün kartını 2018-ci ildə ona vermişdir, amma o kartdan pul çıxarmaq istəyəndə məlum olmuşdur ki, kart işləmir. Cavabdehə bu barədə deyəndə, o, guya kartın işləmədiyini və banka göndərəcəyini dedi. 5-6 ay keçəndən sonra o, yenidən kartıqaytarmış, lakin yenidən bankdan pul çıxarıb onun borcunu qaytaracağı vədi ilə kartı almış və bundan sonra bir daha kart verməmiş, nə də borcumu qaytarmışdır. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini bildirərək, iddiaçının məhkəməyə təqdim etdiyi qəbzdəki imzanın ona məxsus olmadığını, lakin iddiaçıdan müxtəlif vaxtlarda hissə-hissə olmaqla cəmi 1000 manat pulu faizi ilə birlikdə aldığını, lakin pulun faizlərini artıqlaması ilə qaytardığını, iddiaçının hazırda ondan ilkin verdiyi 1000 manatı istədiyini bildirərək, iddiaçıdan cəmi 1000 manat borc pul aldığımı etiraf etmişdir. 1000 manat pulu iddiaçıdan borc alandan sonra o, maaş kartını ona vermişdir ki, hər ayda pulu borcunun əvəzinə bankomatdan çıxarıb alsın və o, da pulu çıxarmışdır. Borcu bitəndən sonra o, kartı bağlatdırmışdır. Ona görə də iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Tərəflərin izahatından iddiaçının cavabdehə 1000 manat məbləğində borc pul verdiyi müəyyən edilir. Belə ki, cavabdeh izahatında iddiaçıdan 1000 manat məbləğində borc pul aldığını etiraf etmiş və həmin pulu bank kartını iddiaçıya verməklə qaytardığını göstərmişdir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir (bax: Mülki prosesdə tətbiq ediləcək hüququn tapılması Tomas Hermann səh. 199 sübutetmə vəzifəsi başlığı, 1-ci abzas) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbləri baxımından cavabdeh iddiaçıdan 1000 (min) manat məbləğində pulu aldığını etiraf etdiyi üçün özü üçün əlverişli olan halı, həmin pulun iddiaçıya qaytarıldığını sübutetmə yükü bilavasitə onun üzərinə düşür. Lakin, cavabdeh qeyd edilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə işin hallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli Cavabdeh 1000 (min) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın cavabdehin iddiaçının pul vəsaitini qanunsuz saxladığına görə 500 manat məbləğində faizlərin ödənilməsinə dair hissəsi iddiaçı tərəfindən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyinə görə təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən edilsin. Cavabdeh 1000 (min) manat məbləğində pul və 20 (iyirmi) manat dövlət dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1493/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1493/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver