Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1513/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 6680 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən "xxxx" MMC ovçular mağazasının sahibidir. Mağazada ov üçün lazımı malların satışı ilə məşğul olur. Cavabdeh dəfələrlə ona bildirmişdir ki, mal alıb-gətirməyə pulu yoxdur. Mağazanı şərikli işlətməyi təklif etmişdir. Növbəti təklifdən sonra onunla razılaşıb pulu ilə mal gətirib cavabdehin mağazasızda satmışlar. Cavabdeh özü satıcılıq edirdi. Aralarındakı razılığa əsasən mağazasına gətirilən malın alınmasına xərclədiyi pulun hamısını mal satılıb qurtarana kimi ona qaytarmalı, xeyri isə bölüşməli imişlər. Bir müddət bu qayda ilə şərikliklərini davam etdirmişlər. Sonuncu dəfə öz pulu ilə dükana 6680.39 manatlıq ov üçün lazım olan müxtəlif malları gətirib qoyandan bir neçə gündən sonra ortaqlı işlərinə aid olmayan başqa bir məsələ ilə əlaqədar aralarında mübahisə yarandığından cavabdeh ondan Polis şöbəsinə ərizə ilə şikayət etmişdir. Cavabdehdən mağazaya sonuncu dəfə gətirdiyi malın pulunu isdədikdə, aralarında münasibət pozulduğundan, ona pulu qaytarmamışdır. Heç vaxt qaytarmayacağını bildirmiş və indiyədək pulunu qaytarmamışdır. O, da məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Şəriklik dövründə cavabdehə borca pul vermiş, pulu qaytarmadığından məhkəməyə müraciət etmişdir. İddiası təmin olunmuşdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında izahat verərkən malın pulunu ona qaytardığını faktlarla sübut edə bilməsə də, mağazaya 6680.39 manatlıq mal gətirdiyini təsdiqləmişdir. Cavabdeh hissə-hissə alınmış pulun geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11050 manatın ondan alınıb cavabdehə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiası həqiqətə uyğun olmayan mülahizələrə əsaslandığından təmin edilməmişdir. İddia ərizəsində sonradan malın pulunu qaytardığını sübut edə bilməsə də, 5000 manat mağazaya qoyduğunu qeyd etmişdir. Bu işlə əlaqədar çıxarılan 2(067)-288/2024 saylı qətnamədə də 5000 manat mağazaya qoyduğu qeyd edilmişdir. Cavabdeh aralarında yaranan mübahisə ilə əlaqədar Polis şöbəsinə etdiyi şikayət araşdırıldıqdan sonra 20 oktyabr 2018-ci ildə çıxarılan cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda malın pulundan 1800-2400 manat arası borclu qaldığını bildirmişdir. Hər üç faktda ona borclu qaldığı pulu fərqli məbləğlərdə göstərir. Bu da həqiqətə uyğun olmayan izahatların verilməsini göstəricisidir. Heç bir halda malın pulunu qaytardığını sübut etmək üçün fakt təqdim edə bilməmişdir. Cavabdeh özü tərtib etdiyi dəftərdə qeyd etmiş pul məbləğlərinin ona borc verdiyini ona qarşı qaldırdığı hissə-hissə alınan pulun geri alınması tələbi ilə əlaqədar keçirilən məhkəmə iclaslarında desə də, onun iddiası əsasında əvvəl keçirilmiş bütün məhkəmə iclaslarında həmin dəftərdə qeyd etdiyi pul məbləğlərini birgə şəriklik dövründə mağazaya gətirdiyi malın pulu olduğunu bildirmişdir. Göründüyü kimi müxtəlif iddialarla bağlı bütün məhkəmə iclaslarında eyni dəftərdən müxtəlif məqsədlərlə sübut kimi istifadə etməyə çalışmışdır. Lakin həqiqətə uyğun olmayan mülahizələrlə məhkəmə qətnaməsinin öz xeyrinə çıxarılmasına nail ola bilməmişdir. Qeyd edilən faktlara əsaslanaraq nəticəyə gəlmək olar ki, cavabdeh ona borcludur. Lakin borcu qaytarmaqdan yayınır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehdən 6680 manat pul tələb edir. İddia ərizəsində də bunu faktlarla təsdiq etmişdir. Şəriklik dövründə cavabdehə borc pul vermişdir. Bununla bağlı məhkəməyə müraciəti olub və iddiası təmin olunub. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək dükana 6680.39 manatlıq mal gətirdiyini təsdiq etmişdir. Cavabdeh hissə-hissə alınmış pulun geri alınması tələbinə dair iddia ərizəsi ilə ilə məhkəməyə müraciət edərək 11050 manatın ondan alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiası həqiqətə uyğun olmadığından təmin olunmamışdır. İddia ərizəsində sonradan malın pulunu qaytardığını sübut edə bilməsə də, 5000 manat pulun mağazaya qoyduğunu qeyd etmişdir. Hər yerdə yalan ifadələr verərək ona verdiyi pulun ona qaytardığını bildirir. Lakin o, onunla mağazaya aldığı malın dəyərini yəni pulunu tələb edir, onun xeyrini də istəmir. Cavabdehin özündə borcları qeyd etdiyi dəftər var. Lakin həmin dəftəri heç bir məhkəmə prosesində təqdim etməmişdir. Həmin qeyd dəftərində ona borcu hissə-hissə qaytarmasını qeyd edib, lakin tam ödəməyib. 10000 manatı o, ona borc vermiş, 6680 manat dəyərində isə cavabdehin mağazasına mal gətirmişdir. Həmin borc barədə qətnamə qət edilib, icraya yönəlsə də hələdə həmin icra sənədini icra etməmişdir. Cavabdeh ona özü təklif etmişdir ki, onunla birlikdə işləyib mağazaya mal gətirsinlər. Həmin malları o, özü mağazada satacaqdı. Əvvəllər cavabdehlə münasibətləri yaxşı idi. Sonradan aralarında mübahisə yaranmış və Polis Şöbəsində olmuşlər. Bundan sonra münasibətləri korlanmışdır. Cavabdeh ona 6680 manat puldan hər dəfə 10-15-20 manat dilənçi pulu verirmiş. O, da pulunu tam şəkildə tələb etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh özü məhkəmə iclaslarında da izahat verərək bildirmişdir ki, o, cavabdehə 5000 manat pul vermişdir. Cavabdeh özünün iddiaçı olduğu başqa bir işdə izahatında bunu qeyd etmişdir. O, cavabdehin ona olan ayrı-ayrı borcları barədə fərqli vaxtlarda məhkəməyə müraciətlər etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının dediyi 6680 manatlıq mal ona verilməmişdir. İş birlikləri olmuşdur. İddiaçı ona 6950 manat borclu olduğunu ona qol çəkdirərək, imzası ilə qəbz yazdırıb onu aldatmışdır. 4-5 dəfə olub ki, 4-5 min manatlıq mal gətirmişlər. Sonra malları satıb pulunu yığıb iddiaçının özünə qaytarmışdır. Mağazasında 10000 manatlıq mal olmuşdur. İddiaçı malı satıb pulunu ona verməsini, onun çox pul xərcləyən olduğunu bildirmişdir. İddiaçı onun pulunu da özündə saxlayacaqdı. Sonra ona mağazaya mal almaq üçün yığılan puldan 200 manat pul verəcəkdir. İddiaçı mağazaya 5000 manatlıq mal gətirmiş, o, da malı satıb üstündə əlavə 500 manat pul iddiaçıya vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə müvəkkilinin mövqeyindən çıxış edərək, göstərmişdir ki, iddianı qəbul etmirlər. İddiaçı bildirir ki, cavabdeh verdiyi pulu qaytarmayıb. Lakin sübut edə bilmir ki, həqiqətən də qaytarmayıb. Hesab edir ki, iddiaçı bu iddia ilə əsassız varlanmaq niyyətindədir. Ona görə də iddianı əsassız hesab edir və bu səbəbdən də rədd edilməsini xahiş edir. İddiaçı hər məhkəmə prosesində cavabdehə mal, pul veridyini bildirir. Lakin həmin puldan qaytarılan məbləğləri qeyd etmir. Bu iddia ilə bağlı işə 2021-ci ildə baxılmış, yekun qərar qəbul edilmişdir. İddiaçı 2019-2021-2022-ci illərdə pul tələbi ilə bağlı məhkəməyə müraciətlər etmişdir. Bu barədə iddia ərizələrini məhkəməyə təqdim edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının və cavabdehin təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xaçmaz rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(067)-160/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Cavabdeh 10000 manat məbləğində pul və ödənilmiş 30 dövlət rüsümu, habelə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 2(105)-1454/2022 saylı qətnaməsindən müəyyən edilir ki, Xaçmaz rayon Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2(067)-160/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Xaçmaz rayon Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 2(067)-288/2024 saylı qətnaməsindən müəyyən edilir ki, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” Xaçmaz rayon X3 Bölməsinin təhqiqatçısı, polis kapitanı X1 20 oktyabr 2018-ci il tarixli qərarının surətindən müəyyən edilir ki, İddiaçı əməlində cinayət jtərkibi olmadığı üçün barəsində cinayət işi başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının 1-ci bəndindən müəyyən olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə belə hesab edir ki, tərəflər arasında 6680 manat dəyərində məhsulun nisyə alqı-satqısına dair hər hansı bir razılaşmanın mövcud olması barədə, həmçinin bununla əlaqədar cavabdehin iddiaçıya 6680 manat dəyərində pul borclu olması barədə heç bir mötəbər sübut məhkəməyə təqdim olunmadığından və cavabdeh iddiaçıya borclu olmasını inkar etdiyindən, habelə onların qeyd olunan hallarla bağlı izahatları ziddiyyətli olduğundan, iddiaçının iddia ərizəsində göstərdiyi hallar işin obyektiv həlli və həmin faktın varlığı barədə güvənli nəticə çıxarmaq üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə iş materiallarını, işin faktiki hallarını və yuxarıda sadalanan normaları müqayisəli şəkildə təhlil edərək, onlara məcmu halında hüquqi qiymət verməklə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1513/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1513/2025
15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver