Məhkəmə qərarları › İş №2(067)-1526/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1526/2021

16.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1526/2021 16.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı sabit pul şəklində alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, rəsmi nikahlarından anadan olmuş 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Xaçmaz rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)-1528/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay cəmi 260 manat sabit pul məbləğində alimentin artırılaraq, hər ay sabit pul şəklində hər uşaq üçün 200 manat ümumilikdə cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onlar cavabdehlə nikah münasibətlərinə daxil olmuşlar. Birgə nikahlarından 05.09.2010-cu il təvəllüdlü Nübar və 30.07.2012-ci il təvəllüdlü Arzu adlı iki uşaqları anadan olmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli 2(067)-1528/2019 saylı qətnaməsinə əsasən cavabdehdən iki uşağın saxlanılması üçün onun xeyrinə hər ay cəmi 260 manat aliment tutulması qət edilmişdir. Lakin cavabdeh qətnamə ilə müəyyən edilmiş alimenti ödmir. Hazırda uşaqlar onun himayəsindədirlər. O, uşaqlarını saxlamaqda çətinlik çəkir, hətta uşaqlara qida almağa belə çətinlik çəkir, cavabdeh də uşaqların saxlanması üçün heç bir kömək etmir. Lakin cavabdehin iddiaçıya uşaqlarını saxlamaqda kömək etməyə hər cür imkanı vardır. Hesab edir ki, uşaqlarını saxlamaq üçün cavabdehdən cəmi 400 manat alment tutulmalıdır. Ona görə də o, göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq iddiaçının onun qızı olduğunu, bir ata kimi qızına kömək göstərdiyini, amma cavabdehin də ata olaraq uşaqları qarşısında valideynlik borcunu yerinə yetirməli olduğunu göstərmişdir. Qızı heç yerdə işləmir. Cavabdehin isə gilas bağı vardır, amma onun gəlirləri barədə məhkəməyə təqdim edə biləcəkləri sübutları yoxdur. Göstərilənlərlə əlaqədar iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək, alimentin artırılmasına etiraz etmiş, hazırda heç yerdə işləmədiyini, fəhləlik edib iş olanda günə 5 manat pul qazandığını, ikinci ailəsi olduğunu və ailəni saxlamalı olduğunu göstərmişdir. Onun bağı, əlavə gəlir yeri yoxdur. Ona görə də hazırda iddiaçıya ayda cəmi 150 manatdan artıq aliment ödəmək imkanıyoxdur. Göstərilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)- 1528/2019 saylı qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan 05.09.2010cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 11.04.2019-cu il tarixdən başlayaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçının izahatından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. Xaçmaz Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)-1528/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 11.04.2019-cu il tarixdən başlayaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay sabit pul şəklində hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə cəmi 400 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)-1528/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 11.04.2019-cu il tarixdən başlayaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2021-ci ildə 175 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)- 1528/2019 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (yüz altımış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 mənafeyinə zidd olacağı və uşaqların hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 22.05.2019-cu il tarixli, 2(067)-1528/2019 saylı qətnaməsinə əsasən 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. 05.09.2010-cu il təvəllüdlü X4 və 30.07.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar