Məhkəmə qərarları › İş №2(067)-1541/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1541/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1541/2020 18.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə, iddiaçı BOKT Azkredit MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı BOKT Azkredit MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 455.54 (dörd yüz əlli beş, əlli dörd) manat, xx xxxxxx 2019-cu il tarixə hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 45.55 (qırx beş, əlli beş) manat olmaqla, ümumilikdə 501.09 (beş yüz doqquz, sıfır doqquz) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT Azkredit MMC iddia tələbini onunla əsaslandırmışdır ki, BOKT Azkredit MMC-nin Şabran filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 35 (otuz beş) ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1772.54 (min yeddi yüz yetmiş iki, əlli dörd) manat məbləğində kredit verilmişdir. BOKT “X2” MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT Azkredit MMC-yə satılmışdır. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanan faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə uyğun olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək üçün Cavabdeh2 ilə xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx xxxx 2020-ci il tarixə cavabdehlərin BOKT Azkredit MMC-yə olan borclarının qalığı əsas borc üzrə 455.54 manat, xx xxxxxx 2019-cu il tarixə hesablanmış faiz borcu üzrə 0.00 manat, cərimə üzrə 45.55 manat olmaqla, ümumilikdə 501.09 manat təşkil edir. İddiaçı BOKT Azkredit MMC-nin nümayəndəsi Z.Mustafayev nümayəndənin iştirakı olmadan işə baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan işə baxllmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, iddianı qəbul etmədiyini, Azərbaycan Respublikası Prezidentinin məlum sərəncamına əsasən kredit borcum restrukturiizasiya edildiyini və ona bank tərəfindən 800 manat pul qaytarıldığını bildirmişdir. Həmin vaxt ona borcunun olduğu bildirilsəydi, o, aldığı 800 manatla borcunu ödəyərdi, amma ona borcu olması barədə bank tərəfindən məlumat verilməyib, yalnız 1 il keçəndən sonra bildiriblər ki, banka borcu var. Ona görə iddianı əsasız hesab edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 35 (otuz beş) ay müddətinə xx xxxxxx 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 1772.54 (min yeddi yüz yetmiş iki, əlli dörd) manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün onunla birgə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə borcu əsas borc üzrə 455.54 (dörd yüz əlli beş, əlli dörd) manat, xx xxxxxx 2019-cu il tarixə hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 45.55 (qırx beş, əlli beş) manat olmaqla, ümumilikdə 501.09 (beş yüz doqquz, sıfır doqquz) manat təşkil edir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, BOKT Azkredit MMC tərəfindən cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Zaminlik öhdəliyinin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması zamanı mövcud olur. Kreditorla bağladığı müqavilə əsasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından BOKT Azkredit MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, BOKT Azkredit MMC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməmələri sübuta yetirilir. Buna görə də məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 455.54 (dörd yüz əlli beş, əlli dörd) manat, cərimə borcu üzrə 45.55 (qırx beş manat əlli beş qəpik) manat olmaqla, ümumilikdə 501.09 (beş yüz bir manat doqquz qəpik) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı BOKT Azkredit MMC-yə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar