Məhkəmə qərarları › İş №2(067)-1548/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1548/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1548/2021 21.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2019 (iki min on doqquz) manat pulun, həmçinin tərəfindən ödənilmiş 31 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Ağsu rayonu, Ağsu şəhəri, T.Xasiyev küçəsi,ev 19 saylı ünvanında qeydiyyatdadır və hazırda ünvan 2 yaşayır. O, Cavabdeh 18.10.2018-ci il tarixdə 656 manat, 31.10.2018-ci il tarixdə 303 manat, 24.12.2018-ci ildə 706 manat, 28.01.2019-cu ildə 202 manat və 01.02.2019-cu ildə isə 152 manat, cəmi 2019 manat borc pul vermişdir. Bu barədə qəbzləri də vardır. Cavabdeh aldığı borcu ona qaytarmır. Dəfələrlə cavabdehə müraciət etsə də, borcunu tələb etsə də, cavabdeh ondan aldığı pulu qaytarmaqdan yayınır. Qeyd olunanlarla əlaqadar o, məhkəməyə müraciət etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məhkəmə bildirişləri göndərilsə də, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qəbzlərdən müəyyən olunur ki, İddiaçı Cavabdeh hesabına 18.10.2018-ci il tarixdə 656 manat, 31.10.2018-ci il tarixdə 303 manat, 24.12.2018-ci ildə 706 manat, 28.01.2019-cu ildə 202 manat və 01.02.2019-cu ildə isə 152 manat, cəmi 2019 manat məbləğində pul köçürmüşdir. İş materiallarında olan 03.05.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil mülki işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 06.04.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar, məhkəmə hesab edir ki, hazırki iş üzrə cavabdehə məhz iddia ərizəsində göstərilən məbləğlərin borc olaraq verilməsini iddiaçı sübut etməlidir. Əks halda iddia tələbinin hüquqi əsası və həmin məbləğlərin iddiaçı tərəfindən cavabdehə qaytarılmalı olduğunu şərtləndirən hüquqi faktlardan, cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliklərindən söhbət gedə bilməz. Belə ki, hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Lakin iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qəbzlərdə göstərilən məbləğlərin cavabdehə məhz borc olaraq verilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmişdir. Bununla yanaşı iddia ərizəsinə əlavə edilmiş 01.02.2019-cu il tarixli qəbzdə köçürmənin təyinatının maddi yardım olması göstərilmişdir. Belə olduğu halda məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən məbləğlərin cavabdehə borc olaraq verilməsi iddiaçı tərəfindən sübuta yetirilmir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar