Məhkəmə qərarları › İş №2(067)-155/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-155/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-155/2020 22.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı X3 Təşkilatı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı X3 Təşkilatı MM QBKT-ı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MM QBKT-nİn xeyrinə **********0526 saylı kredit müqaviləsinə əsasən borc üzrə 816.00 manat, faiz borcu üzrə 74.99 manat, cərimə borcuna görə 26.70 manat olmaqla, cəmi 917.69 manat, **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 ABŞ dolları, faiz borcu üzrə 73.53 ABŞ dolları, cərimə borcuna görə 26.70 ABŞ dolları olmaqla, cəmi 916 ABŞ dolları kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MM QBKT-ı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT-ı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********0526 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 23.52 faiz dərəcəsi olmaqla 18 aylıq müddətinə 2000 (iki min) manat məbləğində və eyni tarixli **********2001 №-li kredit müqaviləsinə əsasən illik 23.52 faiz dərəcəsi olmaqla 18 aylıq müddətinə 2000 (iki min) ABŞ dolları kredit verilmişdir. Həmin Müqaviləyə 1 saylı Əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə 134 manat və 134 ABŞ dolları olmaqla bərabər hissələrdə İddiaçı MM QBKT-na ödənilməlidir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh2 zamin qismində kredit alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimə, nəzərdə tutulmuş digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Birinci Cavabdeh1 öz üzərinə götürdüyü kredit öhdəliyini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. Həmçinin xx.xx.2015-ci il tarixli **********0526 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********0526 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1711.00 manat, faiz borcu 0.00 manat və cərimə borcu 0.00 manat müəyyən edilmişdir. Eləcə də, xx.xx.2015-ci il tarixli **********2001 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli **********2001 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1711.00 ABŞ dolları faiz borcu 0.00 ABŞ dolları və cərimə borcu 0.00 ABŞ dolları müəyyən edilmişdir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra etməmişdir. İddiaçı MM QBKT-i məhkəmə prosesindən öncə ərizə ilə müraciət edərək iddia ərizəsinə onların nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, aldığı kredit iddiaçı bankın problemli kreditlərinə aiddir. Bank tərəfindən ona kompensasiya ödənilib və o borclarını ödəmişdir. İddiaçı bank ona kompensasiya kimi verilmiş pul ilə onlara olan borcunu ödəməli olduğu barədə məlumat versəydi, borcunu tam şəkildə ödəyərdi. Hazırda iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin izahatını dinləyən, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MM QBKT-ı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********0526 №-li kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 23.52 faiz dərəcəsi olmaqla 18 aylıq müddətinə 2000 (iki min) manat məbləğində və eyni tarixli **********2001 №-li kredit müqaviləsinə əsasən illik 23.52 faiz dərəcəsi olmaqla 18 aylıq müddətinə 2000 (iki min) ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə İddiaçı MM QBKT-yə **********0526 saylı kredit müqaviləsinə əsasən borc üzrə 816.00 manat, faiz borcu üzrə 74.99 manat, cərimə borcuna görə 26.70 manat cəmi 917.69 manat, **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 ABŞ dolları, faiz borcu üzrə 73.53 ABŞ dolları, cərimə borcuna görə 26.70 ABŞ dolları olmaqla cəmi 916 ABŞ dolları kredit borcu vardır. Həmin müqavilələr üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təmin edilməsi üçün cavabdeh İş materiallarında olan bildirişlərdən görünür ki, borclulara kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı MM QBKT-nİn məhkəməyə iddia ərizəsinin verilməsi üçün xx.xx.2019-cu il tarixində 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından, İddiaçı MM QBKT-nİn ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MM QBKT-nİn ilə Cavabdeh1 arasında bağlanmış kredit sazişi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Qeyd olunanlarla əlaqədar Cavabdeh1 və zamin kimi iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MM QBKT-nın qarşısında müştərək qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, eyni zamanda hesab edir ki, iddiaçı bankın cavabdehin İddiaçı MM QBKT-nİn xeyrinə **********0526 saylı kredit müqaviləsinə əsasən 816.00 manat əsas borc, 74.99 manat faiz borcunun qalığına, 26.70 manat, həmçinin, **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 ABŞ dolları, faiz borcu üzrə 73.53 ABŞ dollarının qalığına, cərimə borcuna görə 26.70 ABŞ dolları cərimə borcu hesablaması bu borca mütənasib deyil. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə **********0526 saylı kredit müqaviləsinə əsasən 816.00 manat əsas borc, 74.99 manat faiz borcunun qalığına, 5 manat, **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 ABŞ dolları, faiz borcu üzrə 73.53 ABŞ dollarının qalığına 5 ABŞ dolları cərimə borcunun tutulmalı olduğunu hesab edir. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə xx xxxx 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada İddiaçı MM QBKTnİn xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0526 saylı kredit müqaviləsinə əsasən borc üzrə 816.00 (səkkiz yüz on altı) manat, faiz borcu üzrə 74.99 (yetmiş dörd, doxsan doqquz) manat, cərimə borcuna görə 5.0 (beş ) manat və **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 (səkkiz yüz on altı) ABŞ dolları, faiz borcu üzrə 73.53 (yetmiş üç, əlli üç) ABŞ dolları, cərimə borcuna görə 5.0 (beş) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tiutularaq İddiaçı MM QBKT-na ödənilməlidir. İddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada **********0526 saylı kredit müqaviləsinə əsasən borc üzrə 816.00 (səkkiz yüz on altı) manat, faiz borcu üzrə 74.99 (yetmiş dörd, doxsan doqquz) manat, cərimə borcuna görə 5.0 (beş ) manat və **********2001 kredit müqaviləsinə əsasən əsas borc üzrə 816 (səkkiz yüz on altı) ABŞ dolları, faiz borcu üzrə 73.53 (yetmiş üç, əlli üç) ABŞ dolları, cərimə borcuna görə 5.0 (beş) ABŞ dolları məbləğində pul və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu tiutularaq İddiaçı MM QBKT-na ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar